İnternetin yaramaz uşaqları – “TROLL”LAR YAXUD “TROLL”LAYANLAR


imagesİnternet və yüksək texnologiyalar sosial əlaqələrin, o cümlədən ünsiyyətin yeni forma və metodlarını yaradıb. Texnologiyanın gətirdiyi yenilikləri sürətlə mənimsəyir və gündəlik vərdişlərə çeviririk, amma ortaya çıxan problemlər, səbəb və nəticələr haqqında düşünmürük. Əslində bu, sadə istifadəçilərin işi də deyil.

Sosial şəbəkələrdən bəzən özümüzü təsdiq edə biləcəyimiz, bəzən də mənəvi-intellektual ehtiyaclarımızı doyura biləcəyimiz məkan kimi istifadə edirik. Kiməsə barmaq silkələyirik, şikayətlərimizi yazaraq emosiyalarımızı idarə edirik. Hərdən burada sanballı, maraqlı və savadlı görünmək istəyirik, hərdən məsləhət almaq üçün dostlara müraciət edirik, hərdən də sadəcə vaxt keçiririk. Amma ən çox da paylaşımlarımız vasitəsiylə gündə ən az bir dəfə hər kəslə danışmağa özümüzü borclu hiss edirik.

Necə deyərlər, üstümüzə hər tərəfdən informasiya yağır. “İnformasiya müharibəsi” adı altında dezinformasiya və saxta məlumatlar yayan saytların sayı sürətlə artır. Jurnalistin peşə etikasını deformə edən, yoxlanılmayan məlumatların tirajlanması hallarına artıq daha tez-tez rast gəlirik, sosial şəbəkələrdə isə şayiə və mənbəyi bilinməyən, qurama informasiya və görüntülər baş alıb gedir.

Həqiqəti əks etdirməyən, sensasiya xarakterli, insanlarda təşviş və qorxu yaradan bu informasiyalara internet istifadəçilərinin əksəriyyəti çox tez inanır və bu məlumatı öz şəbəkələrində də paylaşmağa meyilli olurlar. Beləliklə saxta məlumatın geniş kütlələr arasında sürətlə yayılması baş verir.

Tələyə yalnız günün panoramasını görmək üçün sosial şəbəkəyə daxil olan sadə  istifadəçilər deyil, informasiya yarışında sosial mediaya uduzmaq istəməyən peşəkarlar da düşür, bəzən bilərək, bəzən bilməyərək.

Yazımızın mövzusu elə bu “saxta”, “qurama”, “xoşagəlməz davranışlar”dır. Yeni terminologiyada bu davranışlar “troll” adlandırılır və bu kəlimə son illərdə internetdə ən çox istifadə olunan terminlərdəndir.

90-cı illərdə Türkiyədə “troll” kuklalar satılırdı. Çox çirkin olmalarına baxmayaraq uşaqlar çox sevdikləri bu oyuncaqların rəngli saçlarını sığallayaraq onlardan dilək diləyərdilər. Əlbəttə ki, yaramazlıqdan sonra və çox vaxt da  “Atam hirslənməsin”, “Anam döyməsin” olardı bu diləklər. O dövrün “troll” kuklaları ilə yolumun bu gün bu şəkildə kəsişəcəyini bilmirdim.

“Troll” əslində balıqçılıqla bağlı termindir, ingilis dilində balıq tutmaq üçün istifadə olunan tilov (qarmaq), tilovun ucuna taxılan yem, suya tilov atıb balıq tutmaq mənalarına gəlir. Skandinaviya mifologiyasında isə dağlarda, meşələrdə və yeraltı mağaralarda yaşayan, ətlə bəslənən, nəhəng, qorxunc varlıqlardır. İnternetdə isə “troll”lar həm mifologiya, həm də balıqçılıqdakı istifadənin haqqını verərək sosial şəbəkələri, bloqları, forumları, xəbər saytlarının şərh bölmələrini məskən tutublar.

Türkiyənin gündəmi rəngli “troll” hekayələri ilə doludur. Hətta bəzi ölkələrdə “Troll fabrikaları”nın olduğu iddia olunur.

Beləliklə, kiber-məkanda “troll”,  bəzən qalmaqal yaradacaq, bəzən kiməsə sataşmaq niyyəti olan təxribat və dezinformasiya xarakterli şərh yaxud məlumat, ya da bunları yayan, əsl kimliyini açıqlamayan anonim internet istifadəçisidir. Diqqət yetirdinizsə, təkcə insanlar deyil, manipulyativ xarakterli şərh və paylaşımlar da “troll” adlandırılır. Bir vacib məqam daha var, insanların yaxud paylaşımların “troll” ola bilməsi üçün təxribatçılıq qəsdən və bilərək həyata keçirilmiş olmalıdır.

Son illərdə elmi araşdırmalara da mövzu olan “troll”un məqsədinə görə aşağıdakı növlərinin olduğu qeyd olunur:

  1. Əyləncə
  2. Manipulyasiya
  3. Sensasiya yaratmaq
  4. Süni gündəm yaratmaq
  5. Dini, siyasi yaxud ideoloji dəyərlərə hörmətsizlik
  6. Sosial araşdırma aparmaq və s.

“Troll”layanlar təkcə internet istifadəçiləri deyil, jurnalistlər və medianın da bu günlərdə tez-tez “troll”ladığının şahidi ola bilərik. “Trollayan jurnalist” mövzusu bəlkə başqa bir yazının obyekti ola bilər.

Amma son günlərdə Azərbaycan bayrağını ayaqlar altında göstərən şəkilin qurama, yəni “troll” olabiləcəyini heç düşündünüzmü? Üstəlik, hadisəni törətdiyi iddia olunanların üzləri də görünmür. Xeyr, əksəriyyət bu şəkili paylaşır və hadisənin I Avropa Oyunlarının könüllülərinin paradı zamanı baş verməsi ətrafında ciddi müzakirələr aparır. Bir neçə gün bundan əvvəl Bərdədə kredit borcu ucbatından intihar etdiyi iddia olunan gənclə bağlı yazılarda olduğu kimi.

Nümunələri çoxaltmaq mümkündür. Hətta bəlkə növbəti yazılardan biri “troll” olduğu sübuta yetirilən hadisələrə də həsr oluna bilər.

Amma sizlər bu gündən etibarən gördüyünüz yaxud oxuduğunuz hər şeyə inanmayın, paylaşmayın. Tələyə düşməmək üçün çox az “şübhəci” olmaq kifayət edir…

Diqqət, “troll” çıxa bilər…

 

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma