Semestr dəyərləndirmə yazısı: “Bloqum məndən daha məşhurdur”


praktikaya gedirikXeyli müddətdir bloq yazmıram. Amma bu semestr xüsusən Jurnalistika ixtisası üzrə təhsil alan tələbələr arasında müəllifi olduğum “Jurnalistika dərsləri” bloqunun məndən daha məşhur olduğunu kəşfetdim. Nəinki kəşf etdim, Bakı Slavyan Universitetində (BSU) canlı şahidi oldum.
Tələbələr seminar və imtahanlara hazırlaşarkən, referat və ya müxtəlif tapşırıqları hazırlarkən müəllifini şəxsən tanımadıqları bloqdan resurs kimi istifadə etdiklərini deyirlər. Aylardır yeni yazı dərc edilməmiş və bloqa qulluq edilməmiş olmasına baxmayaraq giriş statistikası da bunu dəstəkləyir. Gənclər üçün bu qədər əhəmiyətli bir mənbəni diqqətdən kənar saxlamanın haqsızlıq olduğu düşüncəsiylə bu yazını qələmə almağa qərar verdim. Onsuz da semestr başa çatarkən bir dəyərləndirmə yazısı yazmaq lazım idi.
Bu semestr BSU-da “Yeni media”, Azərbaycan Universitetində isə son Jurnalistika tələbələrinə “Jurnalist etikası” fənnini tədris etdim. “Son” deyirəm, çünki, ölkədə 2012/2013-cü tədris ilindən etibarən özəl universitetlərə bu ixtisas üzrə qəbul dayandırılıb. Qəbulun dayandırılması qeyd olunan müəssisələrdə maddi-texnki bazanın və kadr potensialının olmaması ilə əlaqələndirilir. Daha sadə dildə desək, özəl universitetlərdə jurnalist hazırlığı qənaətbəxş deyil.
Əgər başqa subyektiv səbəb (lər) yoxdursa, bu argumentin yenisi ilə əvəzlənməsi artıq bir zərurətdir. Çünki, adına tez-tez “Yeni media” dediyimiz yeni kommunikasiya mühitində Jurnalistika ixtisası üzrə kadr hazırlığı çox böyük infrastruktur tələb etmir. Bu gün gəlinən nöqtə göstərir ki, Veb. 2 texnologiyaları əslində fakültələrin texniki yetersizlik problemini aradan qaldırır, həm tədrisi, həm də tələbələr tərəfindən materialların toplanması, hazırlanması və yayılmasını asanlaşdırır.
Üstəlik yeni jurnalistika forması olan Mobil jurnalistika hazırda özünün inkişaf dövrünü yaşayır. Hansı ki, bu, İnternetə qoşula bilən, daşınılan elektron cihazlar və ağıllı telefonlar vasitəsilə toplanan, redaktə edilən və paylaşılan xəbər hazırlanma prosesidir. Belə müxbirlərə qərbdə qısaca, “Mojo” deyilir.
Dünyanın aparıcı media qurumları peşəkar şəkildə Mobil jurnalistikaya çoxdan start veriblər. Hətta yeni medianın gələcəyinin tamamilə mobil tətbiqlər üzərində qurula biləcəyi proqnozlaşdırılır.
2012-ci ildən bəri ölkədə Jurnalistika ixtisası üzrə kadr hazırlığında daha bir “inqilabi” dəyişiklik baş verib. Ötən qəbuldan başlayaraq Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilir. Namizədlər bu mərhələdə təqdim olunmuş mövzu üzrə inşa (esse) yazmalıdırlar. Esse Mətbuat Şurasının üzvləri tərəfindən qiymətləndirilir.
Soruşmaq lazımdır; əgər yazmağı bacaran namizəd istəyiriksə, niyə ona 4 il təhsil verməliyik?! Jurnalist yazısı bir çox halda texniki yazıdır və jurnalistikanı hətta bu ixtisasa təsadüfən gələnlərə belə öyrətmək mümkündür. Qabiliyyət imtahanı universitetə qəbul zamanı deyil, işə qəbul zamanı tətbiq olunsa daha səmərəli nəticələr əldə edilə bilər.
Ümumiyyətlə isə, ixtisas seçərkən başlıca meyar valideynin istəyi, bəzi sahələrin cəmiyyətdəki nüfuzu deyil, həvəs və daxili maraq olmalıdır. Bununla yanaşı, şəxsin bacarıq və qabiliyyətləri, əmək bazarında o ixtisasa olan tələb və ixtisasın perspektivləri də nəzərə alınmalıdır.
Abituyenlərin onları əsla maraqlandırmayan ixtisaslara qəbul olmasının qarşısını almaq üçün imtahanın forması deyil, təhsil sistemi dəyişdirilməlidir. Orta məktəblərdə şagirdlərə ixtisaslar və peşələr haqqında məlumat verilməli, qabiliyyətləri ortaya çıxarılmaqla onlar fərdi xüsusiyyətlərinə uyğun peşə və ixtisaslara  istiqamətləndirilməlidirlər.  Karyera mərkəzləri təkcə universitetlərdə deyil, orta məktəblərdə də olmalıdır.
Giriş üçün çox uzunçuluq etdiyimi bilirəm. Amma əlimə fürsət düşmüşkən bunları yazmamaq olmazdı. Və semestr dəyərləndirmə yazısı gözləyən Azərbaycan Universitetinin hələlik son Jurnalistika tələbələri:
Ülfanə – Ölkənin ən yaxşı aparıcılarından biri olacağına inanıram;
Təhminə – Elə balaca olduğuna baxmayın, qabiliyyəti, bacardıqları və gələcəkdə edəcəkləri özündən çox-çox böyükdür;
Fərrux – Ölkənin ən yaxşı idman jurnalistlərindən olacaq;
Anar – Nadir tapıntı, indiyə qədər dərs dediyim ən “kübar” tələbədir, hər zaman, fövqəladə hallarda belə hər zaman nəzakətini qorudu, həm potensial, həm həvəs və maraq var, həm də bir az “tənbəllik” var. “Üçü bir arada”dan da yaxşı jurnalist çıxar;
Elsevər –  Onda “Jurnalist ruhu” var, səsini-sorağını Gəncədən eşidəcəyik. Bütün yaxşı jurnalistlər Bakıya yığışası deyil ki, bölgələrə də kadr hazırlamaq lazımdır;
Pünhan – Hər zaman yalnız və yalnız yüksək qiymət almaq üçün oxuduğunu düşünmüşəm. Praktik tərəfin onu heç maraqlnadırmadığı qənaətində olmuşam. Amma diplomqabağı təcrübədə xeyli aktivlik nümayiş etdirir, onun bir az cəsarətə ehtiyacı var imiş;
Nəbi – O da praktikada “açılan”lardandır;
Əhməd – Bir insanın necə olur ki, hər zaman bu qədər sakit ola biləcəyi məni hər zaman düşündürüb. Hərbi xidmətdən sonra nə edəcəyini mən də səbirsizliklə gözləyirəm;
Rəmzi – Sual verəndə üzündə hər zaman səbəbini tapa bilmədiyim “istehza” dolu bir ifadə olub. “Heç nə bilmirəm”dən çox “Mən hər şeyi bilirəm, indi gərək sübut edim?”ə oxşayan bir ifadədir bu. Jurnalist olub olmayacağı mənim üçün də çox maraqlıdır;
Səbuhi – Kəsiri olduğu üçün diplomqabağı təcrübəyə buraxılmır, amma Jurnalistika tarixinə keçmək onun haqqıdır, buraxılmadığı halda hər gün praktika yerindədir;
Süleyman – Jurnalist olmaq istəmir, bəlkə də günah bizdədir, Jurnalistikanı ona sevdirə bilmədik, onda ekstremal reportyor “tükü” var, keşkə öz üzərində işləsə;
Məhəmməd – Çox açıqsözlüdür, hər dəfə üzümə “Mən jurnalist olmayacam, əl çəkin məndən” deyəcəkmiş kimi baxır, amma nədənsə dilləndirmir. Potensial olsa da, həvəs yoxdur. Necə deyərlər, un, yağ və şəkər var, qalır halva bişirmək.
Sizə uğurlar arzularkən, BSU-dakı tələbələrimə də səslənmək istəyirəm, adınızı tək-tək yazmayacam, həm sayca çoxsunuz, həm də sizinlə gələn tədris ilində də görüşmək şansımız var.
Sadəcə onu deyə bilərəm ki, 15 həftədə çox məsafə qət etdik. İnternetin “Uyğunsuz şəkillərin olduğu məkan” fikrini onun artıq həyatımızın ayrılmaz parçası kimi problemlərin həlli vasitəsi də olabiləcəyi istiqamətində dəyişdirməyi birlikdə bacardıq. Yenidən auditoriyada qabaqlaşacaq olsaq, öyərənəcəyimiz daha çox şey var.
Xoş istirahətlər…

 

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma