Onlayn rejimdə məzmundan istifadə edilməsi


Bu mühazirədə biz, materialın mənbəyi, məzmunun genişləndirilməsi və inkişaf etdirilməsi, xüsusi bölmələr, materiallara qulluq edilməsi, xüsusi ön səhifə, hüquqi problemlər kimi mövzuları nəzərdən keçirəcəyik.

Hər xəbər saytın bir yerində yerləşdirilir, başqa sözlə saytda hər məzmunun mənbəyi vardır. Bu, çoxsaylı indekslər ola bilər, lakin onun yalnız bir orijinal mənbəyi olacaqdır. Məzmun, texnologiya, siyasət, dünya, biznes, idman yaxud başqa bölmələrdə yerləşdirilə bilər. Yerləşdirildiyi istənilən yer onun evidir. Hər bir materialın öz evi olmalıdır. Material həm də uyğun bölmədə yerləşdirilməlidir, çünki bəzən bir məzmun bir neçə bölməyə uyğun gələ bilər.

Məsələn, belə bir xəbəri götürək: mobil telefonlardan istifadə beyin xərçəngi xəstəliyinə tutulma riskini artırır. Bu xəbər saytın hansı bölməsinə yerləşdirilməlidir? Onun evi haradır? Əgər yazı tibbi jurnaldan götürülmüşsə, onda yazı tibb bölməsində yerləşdirilməldir. Yox, yazını texnologiyalar üzrə ekspert hazırlayıbsa, materialın “ev”i texnoloji bölmə olmalıdır. Tamamilə aydındır ki, sözügedən yazı, azı, iki bölmədə yerləşdirilə bilər.

Nəzərə alınmalıdır ki, istifadəçilər bu yazını harada axtarıb tapacaqlarını da bilməlidirlər. Bir sözlə, yazının evini müəyyənləşdirmək vacib məsələdir.

• Sağlamlıq: Söhbət sağlamlıq haqqında yazıdan gedirsə, beyin xərçəngindən rahatsız (yaxud sizin sağlamlıq bölməsini özü üçün qeyd edib-izləyən) oxucularınız onun  bu bölmədə olacağını gözləyirlər.

• Texnologiyalar:  Bu, texnologiya ilə bağlı yazıdır. Çoxları bilmək istəyir ki, bu problemin həlli üçün nə etmək lazımdır, məsələn, hansı mobil telefon qurğuları satılır, təhlükəni önləmək üçün hansısa qoruyucular varmı və s.

• Biznes: Bu bir biznes –  iş hekayətidir. Mobil telefon sənayesi ilə məşğul olan insanlar bu yazının  aparıcı mobil telefon istehsalçılarının aksiyalarına təsir edəcəyindən çəkinirlər.

• Ümumi xəbərlər: Bu, ümumi xəbərdir (mütəxəssisləri və auditoriyanı ümumən maraqlandıra biləcək), demək, yazını ön səhifədə də yerləşdirmək olar.

 • Regional xəbərlər: Ola bilər ki, araşdırmanı ölkədəki hansısa şəhərin universiteti aparıb, demək, onu həm də bölgə xəbəri kimi vermək olar.

Beləliklə, aydınlaşdırdıq ki, mobil telefonların beyin xərçəngi yaratma ehtimalı ilə bağlı yazını ön səhifədə, ölkə-regionla bağlı xüsusi bölmədə, sağlamlıq bölməsində, texnologiya bölməsində, biznes bölməsində vermək olar. Heç bunlarla da bitmir.

Növbətçi redaktor əlinin altında mövzu ilə  bağlı hansı  video və audiomaterialın olduğunu bilməlidir. Bəlkə həmin mövzu multimedia bölməsinin əsas materialı olacaq?

İstifadəçilər bu materialı müzakirə etmək istəyəcəklərmi? Cavab “hə”dirsə, bəlkə bununla bağlı internet-forum açmaq lazımdır? Bəlkə bu, elə günün ən böyük interaktiv mövzusuna çevriləcək.

Fotoqalereya yaratmaq üçün yetərincə mobil telefon şəkilləri, tibbi görüntülər, bundan rahatsız, iddia irəli sürən şəxslərin fotoları və s. varmı?

Materialların hamısını bir yerə toplayıb bu mövzu üçün xüsusi bölmə də yaratmaq mümkündür. Bəs görəsən, bu məzmun xüsusi bölmə yaratmaq və mövcud olan bütün materialları birlikdə asan idarə olunan bir məlumat porsiyasında cəmləşdirmək üçün kifayət qədər həcmə malikdirmi? Bütün bunlar növbətçi redaktorun vəzifəsidir və o, bunları nəzərə almalıdır. O, hər bir məqalənin təsirini maksimuma çatdırmalı və istifadəçini onlayn rejimdə informasiya ilə dolğin şəkildə təmin etməlidir.

Məzmunun genişləndirilməsi və inkişaf etdirilməsi

Öncəki mühazirələrdə qeyd edildiyi kimi, onlayn jurnalistikada günün xəbərlərinin vaxtında tərkib hissələrinə ayırılması özəl bacarıq tələb edir.  Xəbər saytını idarə etməyin üsullarından biri də məhz məzmunun tərkib hissələrinə bölünərək (dekonstruksiya edilərək) çatdırılmasıdır.

Gəlin, öncəki xəbərin materialına yenidən baxaq. Araşdırmada mobil telefonlardan istifadə ilə beyin şişi arasında əlaqə tapılmışdı. Daha əvvəl də qeyd olunduğu kimi, sağlamlıq, biznes və texnologiya da daxil olmaqla bu məzmunda bir çox elementlər ola bilər. Növbətçi redaktor həmin elementlərin hamısının bir məqalədə yığılmasının mümkün olduğunu hesab edə bilər.

O biri yandan, sabah keçirilən planlaşdırma toplantısında söhbət zamanı hər element üzrə materialın yazılması üçün kifayət qədər informasiya olduğu güman edilə bilər.

Qeyd etmək lazımdır ki, bütün elementləri (foto, video, mətn və s.) bir yerə toplayan bir məqalənin olmasına hər zaman ehtiyac olacaqdır, lakin məqaləni nə zaman geniş hissələr əlavə etməklə artırmağı bilmək növbətçi redaktorun bacarığının göstəricisidir. “Əlaqəli məqalələr” adlanan bu məqalələr istifadəçi üçün əlavə dəyərli məlumat kimi müxtəlif baxışları ortaya çıxararaq, istifadəçi üçün məzmunu daha maraqlı və dəyərli edə bilər.

Bu cür yanaşmada həmçinin təhlükə də vardır. Ümumiyyətlə, bir neçə yüz sözü kiçik bir sətir üzərinə yükləməyə çalışmayın. Əgə material bir məqaləyə sığmırsa, onu yazmağa cəhd də göstərməyin.

Məqaləni müvafiq bölmələrdə yerləşdirməklə, sonra isə əsas hissədə daxili linklər yaratmaqla, məqalənin asanlıqla mənimsənilə bilən hissələrə bölüb, hadisənin hər yönünü işıqlandırmaq mümkündür.

Əgər bunu etmək üçün resurslar yoxdursa, yazının yaxşı tərtibatlı bir versiyası bütün indekslərdə-bölmələrdə yerləşdirilməlidir. Bununla belə, əgər məlumat, təcrübə və resurslar varsa, məqaləni auditoriya üçün maksimum faydalı olması üçün artırmaq barədə düşünmək lazımdır.

Özəl (xüsusi) xəbərlər

Növbətçi redaktor belə qərara gələ bilər ki, materialın dərci o qədər əhəmiyyətlidir ki, onun xüsusi bölmədə yerləşdirilməsinə ehtiyac vardır.

Bu mövzu haqqında düşünərkən, özünüzü zəngin bir qonaqlıqda təsəvvür edin. Özəl bölmələrin özünəməxsus bölgüsü var.  Buraya xəbər (tam işıqlandırma), yönəldicilər (faktlara dair arxivlər-fakt faylları, xronoloji şkalalar, profillər və s.), S və C (cavabları ilə birgə əsas suallar) və interaktivlik (audio, video, qrafiklər və interaktiv çizgilər, məsələn: xəritələr və modellər) daxildir.

Növbətçi redaktor və onun həmkarları neçə xüsusi bölmə işlədə biləcəklərinə (idarə edə biləcəklərinə), bunlardan hansının daha faydalı sayılacağına qərar verməlidirlər. Öncədən planlaşdırma toplantılarında aparılan vaxtaşırı müzakirələr həmin sualların cavablandırılmasına  kömək edir.

İlboyu TV, radio və ya çap versiyanızda da işıqlandırılacaq 6-7 özəl, tematik mövzunun öncədən müzakirə edilib planlaşdırılması da mümkündür. Xəbər qurumlarının əksəriyyətinin bu cür əsas mövzuları vardır. Onlayn rejimdə çalışan növbətçi redaktor xüsusi bölmə yaratmaqla bunların öhdəsindən daha yaxşı gələ bilər.

Yaxşı düşünülmüş və tərtib edilmiş xüsusi bölmələrin gözəlliyi ondadır ki, zaman-zaman əlaqəli materiallar işıq üzü görəndə bu bölmələrə dəfələrlə tıklanır. Özəl bölməni təşkil edən mətn qutularından  xəbər materialının əsas mətnində qrafik görüntü kimi yararlanmaq olar. Bu, istifadəçilərə dərhal elə təəssürat bağışlayar ki, sanki siz işin içindəsiniz. Onlar bilmirlər və güman ki, fərqində deyildirlər ki, xüsusi bölmə həmişə mövcud olmuşdur. Siz sadəcə köhnə materilaın üst-başındakı tozu çırpıb, onlara yenidən link qoyursunuz, istifadəçinin istədiyi tək şey isə, yaxşı informasiya əldə etməkdir.

 Bilgi “təsərrüfatınız”- materiallara qulluq etmək

Özəl bölmələr istifadəçilər üçün əhəmiyyətli ola bilər, çünki onlar bütün xəbər materiallarını, öntarixçəni (background), konteksti və təhlil nümunələrini bir yerdə qruplaşdırır. Belə informasiyanı tapmaq daha asandır, girib-çıxmaq və ondan faydalanmaq da.

Amma  müəyyən risklər də var. Aşırı dərəcədə çox özəl bölmə təklif edirsinizsə, həmin bölmələr qısa bir zamanda köhnəldiyindən, onları gərəkli səviyyədə saxlamaya da bilərsiniz. Bu, özəlliklə siyasi məsələlərə dair bölmələrə aiddir.

Siz istefaya gedən, başqa departamentə keçən və ya vəfat edən hər bir siyasətçi haqqında materilaı yeniləməyi unutmamısınız ki? Bəs hüquqi məsələləri necə? Bölmənizdə artıq bitmiş məhkəmə prosesləri haqqında köhnə informasiyalar var? Məhkəmədə bəraət qazanmış hər hansı şəxs özəl bölmənizdə hələ də şübhəli adlandırılır? Demək, hüquq minasının üstündə oturmusunuz və bu, özəlliklə əlaqəli materiallarla bağlı xüsusi bölməyə linklər qoyanda üzə çıxır.

Bunun öhdəsindən gəlməyin ən yaxşı yolu xüsusi bölmələrə qulluq etməkdir, necə ki, bağa qulluq edilməlidir.  Bir gün bölməniz bağ qədər gözəl görünə bilər, amma sonra onu alaq otu və soluxmuş çiçəklər basanda həmin gözəllik bir göz qırpımında yoxa çıxar. Demək, bağınızı yaxşı vəziyyətdə saxlamalısınız. Onu baxımlı etmək üçün ona davamlı qulluq etməlisiniz.

“Bağa baxmaq”, yəni özəl bölmənizin köhnəlməməsi üçün bilgi “təsərrüfatı” elementləri mövcuddur. Yenə də bağ bənzərliyindən yararlansaq, bəzi xəbərlər alaq edilməli, bəziləri də budanıb-kəsilməlidir. Yəni, bəziləri ixtisar edilməli, bəzilərini isə tamamilə kəsib çıxarmaq lazım gələ bilər. Gərəkəndə, xəbərdən “qələm” götürülməli və o, yenidən əkilməlidir. Ola bilsin ki, özəl bölməniz təzədən başdan-başa “bellənməli”, ona təzə düzüm və yeni bəzək verilməlidir.

Tamamilə aydındır ki, özəl bölmələrinizi tək-tük halda diqqətdən kənar qoymaq olar, çünki bu, fəlakət yarada bilər.

Diqqətli davranmağın birinci yolu – özəl bölmələrin sayını nəzarətdə saxlamaq, həddən çox xəbərdən istifadə etməməkdir. Daha bir yol – redaksiyanızda çalışan jurnalistlərdən birinə özəl bölmələrə göz qoymasını və onları qaydada saxlamasını  tapşırmaqdır.

Əgər müvafiq xəbər materialı işıqlandırılırsa, siz xüsusi bölmənin yoxlanması və yeniliklərin edilməsi üçün bir neçə saat gözləmədən dərhal həmin bölməyə daxil olmaq istəyəcəksiniz.

Xüsusi ön səhifə

Bəzi xəbər materialları xüsusi ön səhifə tələb edir. Söhbət nisbətən geniş və əhəmiyyətli  xəbərdən və həmin xəbəri  özəl bir səhifədə diqqətə çarpdırmaqdan gedir. Belə materiallar meydana çıxdıqda, bu, aşkar görsənir.

Sözügedən xəbər hamının onun üzərində dayanmasına səbəb olan çox vacib bir hadisə ilə bağlı olacaqdır. 9/11 xəbəri, ABŞ-da qoşa qülləyə təyyarə ilə edilən hücum belə xəbər materialı hesab edilə bilər.

Xüsusi ön səhifələr bir məqaləyə aid olan yalnız bir şəkil, bir başlıq və bir xülasədən ibarət ola bilər. Bunun iki səbəbi var:

1. Böyük bir məzmuna link edilən kiçildilmiş ön səhifə istifadəçilərdə dərin maraq doğurur.

2.  Həmin xəbərin indiki anda ən vacib xəbər olduğu vurğulanır.

Amma  xüsusi ön səhifənin nə zaman silinəcəyinin bilinməsi ondan nə zaman istifadə olunacağının bilinməsi qədər vacibdir. Çünki,  ayrıca önsəhifə istifadəçilərin saytda hərəkət imkanını məhdudlaşdırır. Böyük hadisəyə maraq çox olsa da, istifadəçilər saytın başqa materialları ilə də maraqlana, tanış olmaq istəyə bilərlər. Demək, heç üstündən iki saat ötmədən xüsusi ön səhifənin qaldırılması və normal sayt həyatına dönüş barədə düşünmək olar.

Mənbə

1. Onlayn jurnalistlər üçün vəsait. Azərbaycan Media Mərkəzi. Səh.19-24

2. Onlayn məzmunun təqdimatı və istifadə olunması. www.az.irexlearning.org, Onlayn və multimedia jurnalistika modulu.

 

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma