Bloq növləri və bloqun funksiyaları


Bloqları müxtəlif şəkildə qruplaşdırmaq mümkündür. Məsələn, müəllifə görə, mövzuya görə, multimedianın istifadəsi baxımından və s.

Müəllifə görə bloq növləri

Fərdi (müəllifi bəlli olan) bloqlar: Bir nəfər tərəfindən aparılır və ona məxsusdur.

“Xəyali” bloq (bəlkə buna daha yaxşı ad tapmaq olar): Şəxsiyyəti bilinməyən adam tərəfindən aparılır, müəllif niklə – ləqəblə çıxış edir, yaxud özünü şərti adla təqdim edir.

Kollektiv bloq: Bir neçə nəfərin birgə bloqu. Bəzən hamı eyni hüquqlu olur, sadəcə bloqlar eyni ünvanda birləşir, bəzən də qrupun admini olur və hamı bir bloqa yazır…

Sosial bloq: Kollektiv bloqun geniş, bəlli bir sosial qrupun apardığı bloq, bir qayda olaraq moderatorları olur.

Korporativ bloq: Bir şirkətə, yaxud təşkilata aiddir və onların təyin etdiyi adam və ya adamlar tərəfindən aparılır.

Mövzularına görə bloq növləri

Adətən fərdi bloqlar şəxsi xarakter daşıyır, amma hətta şəxsi bloqlar da xüsusi məzmun daşıya bilər, müəyyən bir mövzu üzrə istiqamətlənə bilər. Siyasi mövzudan başlayaraq şəxsi gündəliyə qədər. Maşınlardan tutun da kulinariyaya qədər. Hətta heç kimin indiyəcən ağlına gəlməyən bir mövzuda bloq açmaq olar. Məsələn, etiraflar haqqında bloq. Məsələn, ayaqqabı dəbi barədə bloq.

Müxtəlif bloq servisləri bloqları müxtəlif cür kataloqlaşdırır. Məsələn, bloq platformalarından biri aşağıdakı kataloqla bölgü aparıb: Biznes və İqtisadiyyat, Cəmiyyət, Din, Elm və Maarif, Foto Blog, Gülməli, İdman, Kino-TV, KİV və Xəbərlər, Kompyuter və İnternet, Müsiqi, Mədəniyyət və İncəsənət, Oyun, Qadın, Sevgi, Siyasət, Səhiyyə və Sağlamlıq, Şəxsi blog, Səyahət, Texnologiya, Təhsil, Yemək, Ədəbiyyat .

Nəzərə almaq lazımdır ki, bütün bunların hamısını bir şey birləşdirir. Bloq müəllifinin və ya müəlliflərinin hökmən bir niyyəti, məqsədi vardır. Bloq yazarı hökmən özü üçün bir məqsəd müəyyənləşdirməlidir.

Multimedia vasitələrinin istifadəsi baxımından bloq növləri

Mətn bloqları – əsas məzmunu mətnlər, yəni sözlü məzmunlardan ibarət olan bloqlar. Fotobloqlar – əsasən fotolardan ibarət bloq. Musiqi bloqu – elə bloqlar var ki, əsasən musiqidən ibarətdir. Musiqi faylları və onlara aid məlumatlar. Podkast (bloqkastinq) – səs faylları (əsasən MP3) ilə ifadə olunan bloqlar. Videobloq – əsasən videoların yerləşdirildiyi bloq.

Bütün bunlarla yanaşı biz universal multimedia bloqları haqqında hökmən danışmalıyıq. İndi bloq servislərin imkanları o qədər artıb və sadələşdirilib ki, böyük əksəriyyət bütün növ multimedia vasitələrindən öz bloqunda istifadə edir.

Bloqların funksiyaları

Kommunikativ funksiya, özünü tanıtmaq funksiyası, əyləncə funksiyası, birləşdirmə və sosial əlaqələrin davam etdirilməsi, Bloq yaddaş kimi, Pul qazanmaq, motiv sərbəstliyi.

Kommunikativ funksiya: Əksər bloggerlər etiraf edir ki, onların bloq qeydlərinin əsas hədəfi  bölüşmək, başqaları ilə ünsiyyət saxlamaqdır. Fikirlərini, ovqat və təəssüratını kiminləsə bölüşməyə çoxlarının ehtiyacı var. Bundan əlavə bloqlar yeni tanışlar tapmaq demədir. Bu həm də köhnə tanışlarla özünəməxsus, yeni növ ünsiyyət qurmaqdır. Bloqçuluq müxtəlif məkanlarda olan adamları öz fikrinin başına yığmağın unikal formasıdır. Nəhayət, bloqlar özü fikirlərini başqalarına yaymağın, aşılamağın, təbliğ etməyin maraqlı bir üsuludur. İstədiyin vaxtı yaz, qoy tanışların da istədiyin vaxt oxusun. Cavablar al, cavablar ver, istənilən bir şey öz münasibətini bildir. Onu da unutmayın ki, bloqlar ətrafındakı xəbərləri operativ və asan şəkildə yaymağın yoludur. Sən özün özünə bir KİV-ə çevrilirsən, deməli sən bir xalq jurnalistisən.

Özünü tanıtmaq funksiyası: Bəzi bloqqerlər işi özlərini, fəaliyyətini tanıtmağa yönəlib. Bu şəxsi sayta bənzəyir. Burada özünü başqalarına tanıtmaq üçün məlumatlar, fikirlər, foto və multimedialar yerləşdirirsən, əsərlərini təqdim edirsən və sonucu  üçün hökmən roman və ya elmi monoqrafiya yazmalı deyilsən. Sən bir parket ustası da ola bilərsən və yaxud dadlı yeməklər hazırlayan ev xanımı.

Əyləncə funksiyası: Bir çox adamlar bloq aparmağa, orada qeydlər etməyə, materiallar yerləşdirməyə əyləncə kimi baxır. Bu iş onlara çox xoşdur, əlavə bir zövq verir, dostlarla çayxanada söhbət etmək kimidir, virtual gəzintidir. Bloq bütün növ funksiyaları ilə yanaşı bir əyləncə vasitəsinə də çevrilib. Burada insanlar ovqatlarını bölüşür, dostların yolladığı musiqini dinləyir, yaxud onlara xoşladığı musiqini məsləhət edir, bunu birlikdə müzakirə edirlər.  Bəziləri bloqu sadəcə vaxtı keçirmək üçün istifadə edir. Təbii ki, maraqlı və xoş keçirməkdən söhbət gedir. Bloqlar isə buna böyük imkanlar açır.

Birləşdirmə və sosial əlaqələrin davam etdirilməsi: Bloqlarda bir-birini heç vaxt tanımayan adamlar ünsiyyət yaradır, əlaqələr qurur. Amma burada bir-birini tanıyan adamlar da var. Və xeyli bir-birini tanıyan adam köhnə əlaqələrini bloqlar vasitəsi ilə yeni qaydada davam etdirirlər. Bloqlar sosial icmaların yaranmasına, bəzi kiçik qrupların əlaqələrinin davam etməsində böyük rol oynaya bilir. Məsələn, keçmiş tələbə dostları bir-birini bloqunu oxuyur, daim ünsiyyətdə olurlar, hətta bloqu olmayan tələbə dostları burada iştirak edə bilir.

Bloq yaddaş kimi:  Bəziləri kağız dəftəri kənara atıb bloqlarda öz xatirələrini yazır. Bu bəzən ictimai xarakter daşıya bilər. Məsələn, keçmiş səfir işlədiyi ölkənin həyəcanlı günlərini, başqa biri isə əsgərlik günlərini bloqa yazır. Kimsə sadəcə öz keçmiş günlərini bloqda xatırlamağa qərar verir…

İnkişaf və öyrənmək cəhdləri üçün bloq: Bəziləri qeyd edir ki, onları bloqu başqalarının qarşısında özünü daha sanballı aparmaq, daha savadlı olmaq, daha yaxşı cəhətlər öyrənmək üçün yaradıb. Doğrudan da, bloqun başqalarına açıq olması müəllifin özünü başqa cür aparmasına səbəb olur, o, daim axtarışda olur, başqalarına qüsursuz, əksinə maraqlı və səviyyəli görünməyə cəhd edir.

Psixoterapevtik funksiya: Bəziləri qeyd edir ki, bloqu ona sakitləşməyə kömək edir, əsəblərini tarımlayır, rahatlanır, buradakı işi ona emosiyalarını idarə etməyə kömək edir. Hərdən o həyatdan şikayətlərini yazır, başqaları ilə bölüşür, həmdərdlər tapır, kimlərsə onu sakitləşdirir.

Pul qazanmaq: Bəziləri bloqu ilə pul qazana bilir, reklamlardan və müxtəlif yollarla. Dünyada çox məşhur bloqqerlər var. Onlar böyük oxucu kütləsi qazanıb. Bu da onlara reklamdan pul qazanmağa imkan verir. Bəzən isə varlı KİV-lər və ya korpasiyalar məşhur bloqlarla müqavilə imzalayır və müəyyən xidmət  üzrə razılaşırlar. Bir çox bloqqerlər sonradan yaxşı qonorarla KİV-lərin internet saytlarında yazırlar.

Funksiya və motiv sərbəstliyi: Siz istənilən bir amacla, istənilən bir arzu ilə bloq yarada bilərsiniz. Bloqunuz heç kimin ağlına gəlməyən funksiya daşıya bilər, motiv isə lap yeni… Bəzən bir neçə funksiyanı eyni zamanda bir bloqda daşımaq olar. Buna mane olan yoxdur. Təki istəyəsən və bacarasan…

Bəs bloqda nədən yazaq, nə yazaq

Bloqçu öz işində tam sərbəstdir. Amma əksər mütəxəssislər və uğurlu bloqçular deyir ki, bloqun uğurlu olması üçün onu hansısa məqsədli auditoriyaya yönəltmək lazımdır. Üstəlik, işin davam etdirilməsinin sizə ağır olmaması üçün bloqdakı mövzuları elə seçmək lazımdır ki, burada nəyisə müzakirə etmək sizə maraqlı olsun.

Bəs nə yazmaq lazımdır? Ümumiyyətlə, nə yazmaq olar? Bəs başqaları nə yazır?

2002-ci ildə özünün ilk bloqunu  yaradan və bu günə qədər də bloqlar  üzrə tanınmış ekspert hesab edilən Derren Rauz özünün internetdəki “PorBlogger”  jurnalında bloqlarda rast gəldiyi 20 növ məlumat barədə danışır. Gəlin onun maşahidələrinə diqqət ayıraq. Bunlar hər bir bloqçuya maraqlı ola bilər

(Rowse D. ProBlogger // http://www.problogger.net/ archives/2005/11/29/20-types-of-blog-posts-battling-bloggers-block/):

1. İnformasiya məlumatları. Bu, məlumatın ən geniş yayılmış növlərindəndir. Məlumatın müəllifi özünün yaratdığı mövzu ilə bağlı informasiya verir.

2. Xülasələr. Məlumatın ən geniş yayılmış və tələb olunan növlərindən biridir. Əgər kimsə hansısa malı (məsələn, mobil telefon) almaq istəyirsə, o, artıq həmin malı əldə edən və onunla bağlı rəyini bölüşməyə hazır olan insanların fikrini axtarır. Nəticədə, arqumentləşdirilmiş müzakirə əsasında kifayət qədər aydın mənzərə yaranır.

3. Siyahılar. Belə məlumatlar aşağıdakı formada olur: “Gəlin on ən yaxşı…”, “Bir hadisənin yeddi səbəbi…”, “Beş sevimli…” və s. Belə məlumatlar oxucular arasında çox populyardır. Bloqların işlədiyi interaktiv rejim isə məlumatları korrektə etməyə və əlavə etməyə imkan verir. Nəticədə, çox faydalı kontent yaranır.

4.  Müsahibə. Bloqqerlər çox nadir hallarda hansısa ekspertin suallara cavablarını dərc edirlər. Bu adətən çoxlarına maraqlı olan, amma çox adamın dərin biliklərə sahib olmadığı mövzularla bağlı edilir. Belə bir təcrübə bloqqerə əlavə oxucular cəlb etməyə kömək edə bilər. Vacib olanı odur ki, suallar çox olmasın, eyni zamanda onlar düzgün formalaşdırılsın . Elə olsun ki, ona cavab verən insan həddən çox izaha girişmədən mövzunu açıqlaya bilsin.

5.  Keys (təlim və ya sadəcə tipik nümunə). Oxucular üçün maraqlı olan hansısa sualların araşdırılması. Real nümunələrdə həll. Məsələn, bazarda avtomobilin alınması zamanı ortaya çıxan problemlər təsvir olunur və onun həlli yolları göstərilir. “Keys”də əsas odur ki, onun əsasında uydurma deyil. Real hadisələr durur. Bu publikasiyanın məqsədi oxucuları həmin yamsılama üçün nümunə vermək deyil, hadisələrin arzuedilməz inkişafından çəkindirməkdir.

6. Real insanların tarixçəsi. Bu məlumat tipi keysə də oxşayır. Amma keysdə daha çox problem və onun həllinə diqqət yetirilirsə, bu halda hansısa şəxsin uğur və ya uğursuzluq tarixçəsi nəzərdən keçirilir. Bu publikasiyanın məqsədi insanlara təqlid üçün nümunə göstərmək və ya onları hadisələrin arzuedilməz inkişafından qorumaqdır.

7. Məlumat-mənbə. İnternet hiperistinadlar sayəsində yaşadığından, bloqqerlər və sayt sahibləri kiminsə onların resursuna istinad etməklə məlumat yerləşdirilməsini çox xoşlayırlar. Hazırkı halda söhbət ondan gedir ki, maraqlı internet resursu barədə məlumat əldə edən boqqer başqalarına həmin resurs barədə məlumat verir və mənbəni göstərir. Adətən sadəcə mənbəni göstərməklə kifayətlənmirlər. Resursda yerləşdirilən mətni qismən və ya tam dərc edirlər. Ən yaxşısı, bu mənbənin sizin şərhlərinizlə müşayiət olunmasıdır. Birincisi, bu, bloqu oxuyanlara onlara ümumiyyətlə vaxt itirərək mənbəyə üz tutub-tutmamağın lazım olduğunu anlamağa imkan verir (xüsusən də, internet limitsiz olmayanda). İkincisi, çoxlarına onları hansısa resursa göndərən bloq sahibinin rəyi çox vacibdir. Üçüncüsü, texniki səbəb də var: bir çox axtarış sistemləri mətnlərin tam surətini çıxararaq, ancaq qısa bir hissəni saxlayırlar.

8.  Problem barədə məlumat. Belə məlumatlar xülasələrə çox oxşayır. Amma diqqəti hansısa məslənənin neqativ tərəfinə cəmləşdirir, başqalarının köməyini və rəyini istəyirsən.

9.  Nəyisə müqayisə və seçmək. Çox tez-tez iki və ya daha artıq mal, xidmət və ya qərar arasında seçim etmək məcburiyyəti yaranır. Yaxud iki fikridən hansı doğrudur? Haqqında söhbət açdığımız məlumat şərhlər vasitəsilə müzakirə aparan bloq oxucularının köməyi ilə hansısa qərara gəlməyə kömək edir.

10. “Qlobal bəyanat”. Çox zaman bu bəyanat ümumi xarakter daşıyır, adətən qəti olur, amma mübahisə üçün yer saxlayır. O, məsələn, gülməli ola və ya diskussiyaya çağıra bilər. Amma bir qayda olaraq, belə diskussiyaya kifayət qədər sərt nəzarət etmək və yönəltmək lazımdır. Çünki o, ilkin mənadan çox uzaq olan mənasız müzakirəyə çevrilə bilər. Bundan əlavə, öz sözlərinizə də diqqət etməlisiniz ki, sonra hirsli şəkildə dediyiniz sözlərə görə peşman olmayasınız.

11. Ehtimal. “Bu belə ola bilərdi…” silsiləsindən məlumat.

12. Araşdırma. Bəzi bloqqerlər ən müxtəlif mövzularla bağlı əsl araşdırma işlərini dərc edirlər. Adətən bu məlumatlar uzun olurlar. Amma onların oxunması məlumatda işıqlandırılan məsələnin daha dərindən anlaşılmasına gətirib çıxarır.

13. Azad məlumat. Belə məlumatlar özündə eyni zamanda araşdırma və istinad məlumatlarının cizgilərini birləşdirir. Bloqqer hansısa məlumata istinad verir. Amma bu zaman təkcə özünün deyil, digər şəxslərin də ümumiləşdirilmiş – nəticə formasında rəyini bildirir.

14. Proqnozlar və yekun vuran məlumatlar. Hər bir şəxs çoxsaylı belə məlumat görüb. Tutaq ki, yeni il ərəfəsində. Bu zaman geridə qoyulan ilə yekun vurulur, növbəti il üçün proqnozlar verilir.

15.  Tənqidi məlumatlar. Söhbət özündə digər şəxslərə hücumları ehtiva edən məlumatlardan gedirBelə məlumatların məqsədi başqalarına hücum deyil, digərlərinin aqressiv hücumlarının qarşısının alınması və yaxud doğrunu ortaya çıxarmaq ola bilər.

16. Mübahisələr. Mübahisələr ən müxtəlif olurlar. Onları geniş müzakirə etməyin mənası yoxdur. Təkcə onu qeyd etmək olar ki, həm bolqqerlər öz aralarında, həm də bloqqer və ya onun tərəfdarları digər şəxslərlə mübahisə edə bilərlər. Mübahisəni dayandırmaq üçün bütün opponentlərin marağını nəzərə alan məlumat yerləşdirmək lazımdır. Düzdür, bu, heç də həmişə mümkün olmur.

17.  Hipotezlər. Hansısa məsələ ilə bağlı fərziyyələrin müzakirəsi. Məsələn, “Neft 500 dollara kimi bahalaşsa, nə baş verəcək?”

18.  İstehzalar. Elə adamlar var ki, çox gülməli və acı yazırlar. Adətən onların oxucularının sayı çox, onların bloqu isə məşhur olur. Çoxları ən adi şeylər barədə yumorla yazırlar. Belə bloqlara çoxsaylı məlumatlar daxil olur və nəticə etibarilə onların reytinqi artır.

19. Oxucuları fəaliyyətə səsləyən layihələr. Məsələn, səsvermə, sorğu, qaliblərin seçilməsi və s.

20. Yenə də sərbəstsən. Yəni bu siyahını yekun siyahı saymaq olmaz. Həyatda  məlumatların ən müxtəlif formalarına  rast gəlinir. Lakin göstərilən klassifikasiya bloqu rəngarəng etmək baxımından kömək edə, onu oxucular üçün daha cəlbedici edə bilər.

Beləliklə, nəticə aşağıdakı kimi olur: sizə yaxın  olan, sizi maraqlandıran və sizin  başınız çıxdığı mövzuda yazın. Bizim fikrimizcə bu, həm sizə, həm  də digərlərinə maraqlı olan ən doğru  yoldur. Bloqların internet-kataloqunda  ən müxtəlif mövzularda bloqlara rast gəlmək olar: fəlsəfə və Yer kürəsinin quruluşundan tutmuş, buterbrodların hazırlanmasına və hər hansı bir şəxsin avara həyat tərzinin təsvirinə kimi. Bu və ya digər sahənin mütəxəssisləri üçün maraqlı olan çox dar ixtisaslı bloqlar da olur. Məsələn, belə bir bloq: “Quru buz. Quru buz barəsində bloq. Xəbərlər, faktlar, texniki və kimyəvi təfərrüatlar. İstehsal liderləri, iqtisadi effektivlik”.

Teqlər və RSS

Sizin bloqun oxunması, tanınması, tapılması üçün çox vacib məqamlar var. Təəssüf ki, bizim bloqsferada bu ən az əhəmiyyət verirlər. Bloqunuzun bəlli dairədən kənara yol tapması, geniş oxucu əhatəsi qazanması üçün ən vacib məqamlardan biri onun internet axtarış sistemlərində tez-tez peyda olmasını təmin etməkdir. Məhz bu üsul sizə əsl oxucuları tapmağa kömək edər. Nəticədə bloqunuzu tanışlarınızın çevrəsindən böyük məkana çıxaracaq…

Teqlər (işarələr) buludu nə üçündür?

Çoxları bundan istifadə edir. Amma onun nəyə xidmət etdiyini bilmir. Bu sözlər həm də axtarış maşınlarında sizin yazını və bloqu tapmaq üçün unikal üstünlüyə sahibdir. Bu axtarışı asanlaşdırır və fokuslaşdırır. Bunu belə başa düşmək olar. Başqalarının səni tapması üçün özünü işarələyirsən. Meşədə itən adam onu axtaranlara yerini bildirmək üçün ocaq qalayır, yaxud fişəng atır. Teqləmə buna bənzəyir.

Odur ki, işarə sözlərini seçərkən düşünün. Bu yazını kimə maraqlı görürsünüz və onlar hansı sözlərlə bu mövzunu axtarardı? Daha çox işlənən sözlərə önəm verə bilərsiniz. Bəlli auditoriyaya üz tuta bilərsiniz. Sinonimlər çoxdur, bunlarda düzgün istifadə edin. Açığı gərək hər yazının sonunda çox ciddi şəkildə teqləri düşünəsiniz. Bir neçə olması məsləhətdir.

Bloq növləri və bloqun funksiyaları” üçün bir cavab

  1. Çox hörmətli sayt(bloq) sahibi! Uzun müddətdir ki WordPress-i azəri türkcəsinə tərcümə etməklə məşğuluq. Tərcümələri maksimum dərəcədə öz dilimizə uyğun şəkildə tərcümə etməyə çalışmışıq. Ola bilər ki, bəzi xətalarımız olsun – buna görə də xahiş edirik məsləhətlərinizi, iradlarınızı və təkliflərinizi bu e-poçt ünvanına göndərin – muhsinmushviq@gmail.com. Hörmətlə WordPress -Azərbaycan Komandası(Mushviq Abdulla).

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma