Bloq anlayışı və bloq platformaları


Bloq sözünün mənşəyi və mənası: Bloq, İngilis dilindəki “web” və “log” sözlərinin birləşməsindən ‎alınan “weblog” sözünün zamanla təhrif olunmuş formasıdır. Hazırda bloqlar ən güclü Veb 2.0 və yeni media alətlərindən biri hesab olunur. Bloq, “şəbəkə gündəliyi” mənasını verir və əslində o da bir veb-saytdır.

Bloq yaratmaq, orada yazılar, fotolar və hətta videolar yerləşdirmək, şərhlər yazmaq, şərhləri incələmək də kompüter və internetdə işləmək bacarığı baxımından  e-mail yazmaq qədər asan bir işdir. Bloq bir növ hazır saytdır. Sadə quruluşa malikdir. Ora yazı və materialların yerləşdirilməsi də sadədir.

Bloqu kimlər oxuyur: Ola bilər ki, bloqunuzu yalnız özünüz oxuyursunuz, ola bilər ki, siz gizli elektron gündəlik yazırsınız. Bəlkə bunu gələcəkdə kiməsə açacaqsınız, yaxud tamamlayıb yayacaqsınız. Bəzən bloqu yalnız bəlli dostlara açırlar, yalnız bəlli bir qrupun oxumasına icazə verirlər.

Qərb ölkələrində çox yayılmış haldır. 10-15 adam bir-birinin bloqunu oxuyur və kimisə bu çevrəyə buraxmırlar. Bizdə bu ənənə yox dərəcəsindədir. Əksinə, bloggerlər “oxucu” üstündə mübarizə aparır ki, burada pis heç nə yoxdur və bunu hər yerdə edirlər. Çünki əksər bloqçuların məqsədi öz fikirlərini daha çox adama yaymaqdır.

Bir çox bloq sistemləri 100-150 nəfər daimi oxucunun olmasına icazə verir. Mütəxəssislərdən biri bunu “yüz əlli” qanunu ilə izah edir. Deyilənə görə, bu qədim bir inanışla bağlıdır. 150 nəfərdən artıq adam bir yerdə yaşayanda bir çox xalqlar yaşayış məntəqəsini – icmanı bölürmüş. Çox sayda insanın canlı ünsiyyətinin çətin olduğunu düşünən bəzi bloggerlər də 100-150 dən çox daimi oxucunu keçmək istəmir.

Amma bu hamıya aid deyil. Əksər bloq yazarları minlərlə oxucu tərəfindən oxunmaq istəyir və bunun üçün səy göstərir. Bunun üçün əmək və vaxt sərf edir, orijinal fikirlər tapmağa çalışır. Bu zaman bloq ayrı bir xarakter alır, sanki bir KİV-ə çevrilir.

Bloq yazarlarının – bloggerlərin redaksiya öhdəliyi, iş qrafiki, efir vaxtı, səhifə məhdudiyyəti, yayım vaxtı yoxdur. O  hətta yazmaya da bilər. İstədiyi vaxt yazmır. O, həm də özünün baş redaktorudur. İstədiyi xəbəri, istədiyi kimi yazır.

Məhz bu qədər böyük sərbəstlik bloqçuluğu önəmli edir, onu hər yana yayır, nəticədə hər yerdən bloqçuların səsi gəlir. Bəzən peşəkar KİV-in əli hadisə yerinə çatana kim bloqçu artıq oradan xəbərlər verir. Buna aid minlərlə misal çəkmək olar. Xüsusən də, yeni media vasitələrinin yaranması və inkişafı bloqçuluğa yeni spesifik KİV olma yolunda güc verir. İndi az qala hamının əlində video və foto çəkmək imkanı olan mobil telefon, rəqəmsal avadanlıqlar var.

Bloqlar KİV-lə rəqabət aparan qüvvə kimi ilk dəfə özünü 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş vermiş terror hadisəsi zamanı göstərib. Nyu-York bloqçuları hadisə baş verən məkandan operativ müsahibələr alıb, hadisə şahidlərindən faktlar toplayır, şəkillər çəkir, hadisələri şərh edib bloqlarda yerləşdirirdilər.

ABŞ-da və Rusiyada bəzi bloqlara KİV şəhadətnaməsi təqdim edilir. Rusiyada ilk dəfə Livejournal.com bloq saytının http://www.ottenki-serogo.livejournal.com  səhifəsinin müəllifinə KİV şəhadətnaməsi təqdim olunmuşdur. Verilən lisenziyaya əsasən, bloqçu Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olan reklam və xəbərlərlə çıxış edə bilər .

Bloqların KİV kimi qəbul olunması bir çox ölkələrdə KİV-ə olan təzyiqlərin bloqlara da olmasına səbəb olur.

Qısa bloq lüğəti: Blog, Fotobloq, Podkastinq, Vidoebloq, Mobloq, Web-gündəlik, Stand alone, Blogger, Blogger relations, Blogosphere, Widget, RSS (really simple syndication), RSS агрегатор (RSS aggregator), Blogroll, Post, Trackback, Nickname, Plugin, Tags, Tagcloud, Comment spam, Blogware, Blog hosting, Friend, SMO (social media optimization), SEO (search engines optimization), TABU (traffic arranged by users), UGC (user generated content), Wiki.

Blog: “Web log” ifadəsinin qısaldılmasından götürülüb, internet gündəlik deməkdir. Tərkibində  qeydlər, istinadlar, fotolar, linklər və ya multimedia olan saytdır. Bloq şəxsə və  qrupa məxsus ola bilər, həmçinin korporativ mahiyyət daşıya bilər. Bloq qapalı, yalnız bir qrupa və ya hər kəsə açıq ola bilər. Hər bir qeydə şərhlərin verilməsi mümkündür. Müxtəlif növ bloqlar ola bilər. Məsələn; Fotobloq əks xronoloji ardıcıllıqla təqdim edilən fotoşəkillərdən ibarət bloqdur. Podkastinq (i Pod və broadcasting – yayım sözlərindən) audio və video materiallardan ibarət bloqdur. Vidoebloq ( vlog) əsas məzmunu videofayllardan ibarətdir. Mobloq, (mobilbloq) mobil telefon vasitəsi ilə yenilənən bloqdur. Web-gündəlik blog ilə eyni anlama gəlir. Gündəliklər açıq və qapalı ola bilər (şəxsi istifadə üçün). Hər kəsə açıq olan bloq hostinglərdə və ya ayrıca hostinqdə və domaində yerləşdirilə bilər.

Stand alone: Yerləşdiyi hostinqə görə avtonom olan, yəni bloqservislərdə deyil, müstəqil domenlə ayrıca hostda yer alan bloq. Başqa sözlə texniki halına görə tam müstəqil olan bloq.

Blogger: Blogu aparan şəxs,  korparativ blogu aparan və ya öz şəxsi bloqunu idarə edən.

Blogger relations: Bloqqerlər arasında və ya şirkətlərlə bloqqerlər arasında ünsiyyət qaydalarıdır.

Blogosphere: Bütün bloqlar toplusu, gündəlik müəllifləri və onların daimi oxuyucularının birliyi…

Widget: Verilənləri (məlumatları) xarici saytdan götürən bloq interfeysinin qrafiki elementi. Əyləncə və ya informasiyanın tez alınmasına xidmət edir.

RSS (really simple syndication): RSS müxtəlif internet saytları tərəfindən təqdim olunan xəbər, anons və s. məlumatları bir mühitdən toplu olaraq izləmək imkanı verən, XML texnologiyasına əsaslanan yeni bir metoddur. RSS – Real Simple Syndication, RDF Site Summary veya Rich Site Summary (Zəngin Sayt Xülasəsi) sözlərinin abrevaturasıdır. RSS servisi verən saytların hazırladıqları XML fayllara (digər adı ilə RSS Feedlərə) bir çox proqramlarla bağlanmaq mümkündür. RSS oxuyucusu (oxuyan və ötürən) olan bu proqramlar veb bələdçi (brouser) və ya e-poçt müştəri olduğu kimi sadəcə RSS məzmunu oxumaq uçun nəzərdə tutulan veb əsaslı və ya tətbiqi proqramlar da ola bilər.

RSS feed: Tərkibində bloqun son qeydləri olan xüsusi fayldır. O, RSS aqreqator tərəfindən oxunur və abunəçilərə uyğun bloqun yenilənməsini göstərir.

RSS агрегатор (RSS aggregator): İstifadəçiyə onun sevimli bloqlarının RSS axınlarını oxumaq imkanı verən program təminatı

Blogroll: Müəllifin bloqunda yerləşdirilən xarici istinadlar siyahısı. Adətən bu müəllifin daimi oxuduğu bloqlara istinadlardır.

Post: Bloqda yerləşdirilmiş müəllif məlumatı. Bu, şəkil, foto, videofraqment, istinad və ya bu tip informasiyalar ola bilər.

Trackback: Saytlar bir-birinə informasiya ötürdükdə avtomatik əlaqə üsulu.

Permanent link, Permalink: Bloqun hər bir qeydinin  Web-ünvanı(URL). Hətta qeyd arxivə getdikdə də bu ünvana istinad etmək rahatdır.

Nickname: Bloqqerin uydurma adı, ləqəbi. Bu adla o gündəlik aparır. Bəzi hallarda nick bloqqerin əsl adı ilə üst-üstə düşür.

Plugin: Bloqa daxil edilən və ona yeni funksionallıq verən xüsusi proqram modulu. Onlar açıq formata malikdirlər. Bu digər proqramçılarla yazılan modulları pulsuz istifadə etməyə imkan verir.

Tags: Bloqdakı hər bir qeydin mövzuların nişan etməyə imkan verən açar sözlər. Bunlarla tərkibində həmin sözlər olan bütün digər məqalələri tapmaq olar.

Tagcloud: Nişanlar siyahısının vizual təqdimat görünüşü. Sətirdə vergüllərlə ayrılmış nişanlar siyahısı kimi təsvir olunur. Şriftin ölçüsü və qalınlığı bu teqlə nişanlanmış postların  miqdarından asılıdır.

Comment spam: Qeydlərdəki şərhlərə  bloq müəllifi ilə razılaşdırılmayan birbaşa və ya vasitəli reklamın yerləşdirilməsi. Spam birbaşa və ya vasitəli olur. Problem xüsusi proqramların istifadəsi ilə həll olunur. Spamın digər növü – sploqdur. Bu, digər bloqlardan adətən bir mövzuya aid, qeydləri avtomatik yığır. Bununla onları axtarış maşınların cəlb etməyə çalışırlar.

Blogware: Bloqun aparılması  üçün proqram təminatı. Populyar blogware-ə missal WordPress-i aid etmək olar.

Blog hosting: Bloqların yaradılması  və işlədilməsi xidməti göstərən  web-sayt. Bundan ötrü  bu hostingdə azad olan gündəlik adını qeydiyyatdan keçirmək kifayətdir. Bir qayda olaraq yaradılması pullu və ya pulsuzdur.

Friend: Bloqun daimi və ya müvəqqəti oxucusu. Bəzən dostlar qarşılıqlı ola bilər, yəni gündəliklərin müəllifləri bir-birini oxuyur.

SMO (social media optimization): Sosial media, onlayn birliklər və ya ayrı-ayrı bloqqerlərdən istifadə edərək saytın məşhurlaşdırılması üçün üsullar toplusu. Bu üsullar  RSS-ə bloqun elementlərinin yerləşdirilməsi auditinə sıx bağlıdır.

SEO (search engines optimization): Axtarışın optimallaşdırılması – saytların optimallaşdırılması toplusu.

TABU (traffic arranged by users) : İstifadəçilərə kənar sahələrdə saytın/ bloqun çıxarış elementlərini yerləşdirmək  imkanı verən alətlər toplusu. Çıxarış elementləri kimi hər hansı göstəricinin dinamikasını göstərən informerlər , bu saytda keçirilən testlərin nəticələri ola bilər.

UGC, user-generated content: İnternet istifadəçilərinin yaratdıqları onlayn resursların məcmusunu anlatmaq üçün istifadə edilən termin. UGC deyəndə bloqlar, video, mobil telefonlar, foto yerləşdirilməsi və wiki servis başa düşülür

Wiki: Wiki-wiki havay dilində  tez, yeyin sözündən götürülüb,  sənədlərin bir neçə istifadəçi tərəfindən redaktə oluna bilən veb-servislər. Bu zaman hər kəsin zəhməti və müəlliflərin görüntüsü fiksasiya edilmir. Məsələn: wikipedia.org  bütün dünya tərəfindən yaradılan onlayn ensiklopediyadır.

Bloqu harada yaratmalı: Bloqu xüsusi bloqservsiləri olan saytlarda yaratmaq olar. Ayrıca belə saytlar var. Müxtəlif portallar da bloq yaratmaq imkanı yaradır. “WordPress” (wordpress.com),  Blogspot (blogspot.com və ya blogger.com), LiveJournal (livejournal.com) dünyada və Azərbaycanda ən məşhur bloq servisləridir. Ümumiyyətlə, bloq yaratmaq imkanı verən sayt və portallar çoxdur.

Bloq xidmətləri bir qayda olaraq pulsuzdur. Bəzi servislərin əlavə imkanlar ucun pullu xidmətləri olsa da, böyük əksəriyyət üçün pulsuz xidmətlər bəs edir. Bir amili unutmamaq lazımdır, ümumiyyətlə, pulsuz nəsə tapmaq çətindir və elə bloq servisləri də kommersiya saytlarıdır, amma onlar pulu bloqçulardan yox, reklamdan qazanır.

Emailınız varmı? Bloq açmaq üçün birinci şərt odur ki, sizin işlək bir email ünvanınız olsun. Çünki bloqun aktivləşməsi üçün ora xüsusi link göndəriləcək və siz yalnız bu link vasitəsi ilə bloqu aktivləşdirə bilirsiniz. Bir  şeyi də bilmək lazımdır ki, əksər bloq sistemi bir email üçün bir hesab açmağı imkan verir, ikinci dəfə hesab açmaq üçün gərək yeni email olsun. Email istənilən sistemdən olar, Gmail, Hotmail, Yahoo mail, Mail.ru və s. Əgər çoxlu emaillərdən istifadə etdikdə bir məsləhəti dinləmək faydalı ola bilər. Siz bütün ünvanlarınızdan məktubları birinə yönləndirin, bu, işinizi nizamlı və rahat edəcək.

“WordPress”də necə bloq açmaq olar?

WordPress blog yaratmaq ucun: http://en.wordpress.com adresinə baxmaq lazımdır. Burada GET STARTED-ə  daxil olandan sonra açılan formda bloqunuzun adını, parol və emailinizi yazırsınız. WordPress sizin bloqunuzu email vasitəsilə aktiv edəcək. Bunun üçün email-ə gələn məktubu açmaq və oraya göndərilən linkə daxil olmaq lazımdır. Bloq aktivləşmiş olacaq. Bundan sonra qeydiyyat səhifəsinə qayıdıb adınızı, soyadınızı və özünüz haqda qısa məlumatları yazıb qeydiyyatı bitirirsiniz.

Qeydiyyat bitmişdir. Bloqa daxil olmaq üçün bloqunuzun adını yazıb bloqa daxil oluruq.

Login parol daxil olunub, səhifəmizi görürük.

Bloqda yazı yazmaq: Gördüyünüz kimi burada new post var. Buradan siz səhifənizdə Post yarada bilərsiniz. Bloqa mətn əlavə edib, mətnin başlığını, tam mətnini və bu mətnə şəkil əlavə edə bilərsiniz. Bundan başqa buradan siz səhifədə mətn yerinə text, link və şəkil əlavə edə bilərsiniz. Postları dəyişmək və ya silmək istəyirsinizsə edit funksiyasının köməyilə bunu edə bilərsiniz. 

Bloqda kateqoriya yaratmaq: Bloqunuza  kateqoriya əlavə etmək də mümkündür. Bunun üçün Post menyusundan Categories funksiyasına daxil olub  kateqoriya yaradırsınız. Kateqoriyanın adını yazıb Add Category edirsiniz.

Bloqa şəkil əlavə etmək: Bunun üçün media funksiyasından istifadə edəcəksiniz. İstədiyiniz şəkli kompyuterinizdən seçib onu bloqa daxil edirsiniz. Şəkili upload etdikdən sonra şəkil haqqında qısa başlığı, təsvirini və şəkilaltı imzanızı yazıb əməliyyatı tamamlayırsınız.

Bloqda səhifələr düzəltmək  üçün: Bu bloqun ən önəmli funksiyalarindan biridir. Səhifə yaratmaq üçün Page funksiyasından istifadə etmək lazımdır. Buradan add new seçib yeni səhifə yaratmaq mümkündür. Yeni səhifənin adını daxil edirsiz ve səhifənin tam mətnini daxil edib save düyməsini sıxırsınız. Bu zaman dəyişikliklər yadda saxlanılır. Bunları səhifədə görmək üçün isə publish düyməsini sıxırsınız.

Bloqdakı  şərhləri redaktə etmək: Bloqunuzda yazılarınıza verilən şərhlərə baxmaq üçün Comment funkiyasından istifadə edirsiniz. Buradan bloqdaki yazılara verilən şərhləri görə bilərsiniz. Bundan başqa yazılarınıza verilən şərhləri bloqunuzda görmək istəmədikdə onları silə bilərsiniz və ya şərhləri dəyişib səhifənizdə göstərə bilərsiniz.

Bloqda sorğu göstərmək: Blogunuzda sorğu göstərmək istəyirsinizsə poll funkiyasından istifadə edirsiniz. Buradan add new seçib sorğu yaradırsınız. Sorğunun sualını daxil edib ,sonra cavablarınızı istədiyiniz sayda daxil edə bilərsiniz. Bundan başqa sorğunuzun görünüşünü(dizayn) dəyişdirə bilərsiniz.

Bloqumun görünüşünü  (dizayn) dəyişmək üçün: Bloqunuzun görünüşünü  dəyişmək istəyirsinizsə, Appearance menyusundan Theme funksiyasını seçirsiniz. Themaya daxil olduqda burada temaları və onlar haqqında qısaca məlumatlar göstərilir. Hər hansı birini seçib böyük ölçüdə baxa və onu səhifəniz üçün aktiv edə bilərsiniz.

Bloqda  özünüz haqqında məlumatı dəyişmək üçün: Settings-in alt funksiyalarından general funksiyasını görürsünüz. Bura baxdıqda görürürük ki, bloq haqqında əsas məlumatlarımız buradadır. Bloqunuzun adı, şəkiliniz, bloqun idarə panelinin dili və s. Buradan istədiyiniz  dəyişiklik apara bilərsiniz. Yazdığınız postun formatını dəyişmək, yazının uzunluğu, bir səhifədə neçə postun görünməsini settings-dən idarə edə bilərsiniz. Yüklədiyiniz şəkillərin bloqa çıxmasından öncə onun ölçülərini buradan tənzimləmək mümkündür.

Bloqu silmək üçün: Əgər siz bloqunuzun ləğv edilməsini istəyirsinizsə, Delete Blog bölməsinə keçib orada bloqunuzu silə bilərsiniz.

Advertisements

Bloq anlayışı və bloq platformaları” üçün 2 cavab

  1. Geri bildiriş: Bloggerlər, DİQQƏT! |

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma