Ön səhifənin idarə olunması


Bu mühazirədə növbətçi redaktorun vəzifələri, ön səhifənin idarə olunması, məlumatın saxlanma müddəti kimi mövzular nəzərdən keçiriləcək.

Növbətçi redaktorun məsuliyyəti: Onlayn xəbər redaksiyalarında saytın idarə edilməsi üçün adətən bir nəfər olur. Həmin şəxsin vəzifəsi ön səhifədə yerləşdirilən materiallara və yenə ön səhifənin tərtibatına nəzarət etməkdən ibarətdir. Həmin şəxs oxucunu cəlb etməklə kifayətlənməməli,  həm də  istifadəçilər üçün  mətn, audio, video və interaktiv elementləri aydın göstərən işarələr (signpost) yerləşdirməli, səhifədə gərəkli dəyişikliklərə qərar verməlidir. Onlar həmçinin, xəbər qurumunun istifadə etdiyi məzmunun idarə edilməsi sistemindən (CMS) asılı olaraq, ön səhifədə yerləşdiriləcək fotoların seçilməsinə görə də məsuliyyət daşıya bilərlər.

O, həmçinin istifadəçilərin saytda hansı materialları görəcəyinə qərar verir. Onun seçdiyi materialın nümayiş forması xəbər brendinin nüfuzuna təsir göstərir. İnandırıcı olmayan, diqqəti cəlb etməyən, yanlış tərtib edilmiş sayt xəbər qurumunun imicinə mənfi təsir göstərir.

Təqdimatda yol verilən səhvlər, aydın olmayan, ikimənalı başlıqlar, zəif şəkilaltı yazılar, təzadlı və haçalı ismarıclar (mesajlar) saytlarda sıx rast gəlinən yanlışlardır. Siz səhv edə bilərsiniz, amma ekran bunu yadında saxlayır. Hər zaman səhvlərin düzəldiləcəyinə arxayın olmamaq lazımdır. Siz səhvinizi düzəltmiş ola bilərsiniz, lakin xətalı ekran görüntüsü artıq diqqəti cəlb etmiş ola bilər. Yazılan hər sözün, qəbul edilən hər qərarın onlayn rejimdə həmişəlik həkk olunduğunu nəzərə almaq lazımdır.

Kiçik xəbər redaksiyasında sayt üçün material hazırlayan jurnalistlər bəzən bu məsuliyyəti bölüşür. Böyük xəbər qurumlarında isə bu funksiyanı bir nəfər və ya bir neçə şəxs yerinə yetirir. Bu vəzifəni daşıyan şəxsləri bəzi hallarda növbətçi redaktor (duty editor), gündüz növbəsində işləyən redaktor (day editor) ya da şöbə redaktoru (chief sub) adlandırırlar. Bu mühazirədə həmin şəxs növbətçi redaktor adlandırılacaq.

Növbətçi redaktorun vəzifəsi baş vermiş hadisənin düzgün işıqlandırılmasının, vaxtında çatdırılmasının və onun redaksiya təlimatında qeyd olunan standartlara uyğun hazırlanmasının təmin edilməsidir. İstifadəçilərin nəyi görüb-görməyəcəyinə qərar verən də məhz növbətçi redaktordur.

Redaksiyanı iş yerinə, ön səhifəni də mağaza vitrininə bənzətsək, növbətçi redaktoru müştəriləri cəlb etmək üçün vitrin bəzəyən mağaza sahibi saymalıyıq. O, alıcının diqqətini çəkmək üçün vitrinə nəyin necə yerləşdirilicəyinə qərar verir. Satılan mallar görünməzsə və ya pis yerləşdirilərsə, demək, alıcı onları görməyəcək və satış baş tutmayacaq.

Xəbər saytında da eyni olay baş verir. Növbətçi redaktor da informasiya mağazasının sahibi kimi, hər şeyi piştaxtaya düzməlidir. Hadisə, fakt nümayiş olunmursa, yaxud pis nümayiş olunursa, istifadəçi saytın axtarış sisteminə üz tutmağa məcbur qalacaq.

Yadda saxlamaq lazımdır ki, istifadəçi etibar etdiyi saytın baş vermiş hadisə haqqında nə dediyini öyrənmək üçün sayta daxil olacaqdır. Bu informasiyanın verilməsinə nəzarət edən şəxs  təkçə təşkilatının brendini lazımı səviyyədə təqdim etmək baxımından yox, həm də istifadəçilərə nə baş verdiyini çatdırmaq baxımından böyük məsuliyyət daşıyır.

Bitməyən proses və biznes

24 saatlıq xəbər hazırlama prosesi kimi, onlayn jurnalistikanın nə əvvəli var, nə də axırı. Qəzet və jurnallar nəşr olunur, ənənəvi TV və radiolar xəbər bülletenləri və proqramlar hazırlayır, yayımlanır və iş bitir, amma 24 saatlıq onlayn və canlı xəbər istehsalı bir an da olsun dayanmır. Nəşrin çap versiyasının gündə bir dəfə yenilənməsinə baxmayaraq, xəbər saytı gündə 24 saat, həftədə 7 gün durmadan yenilənməlidir.

Saytın baş meneceri redaksiya strategiyasını aşağıdakı kimi müəyyənləşdirə bilər:

1. Xəbər saytı çap versiyası ilə eyni olacaq və onu izləyəcəkdir;

2. Onlayn auditoriya üçün müvafiq qaydada hazırlanacaq və yenilənmə strategiyası yürüdüləcəkdir.

Saytın tez-tez yenilənməyəcəyi qərara alınsa da, “bu gün”  “sabah” “gələn həftə” və s. ifadələrdən, saatdan, tarixlərdən istifadəyə diqqət yetirilməlidir. Bunlar istifadəçiləri çaşdıra bilər. Təşkilatın öz iş planı üçün nəzərdə tutulan, lakin oxucular üçün mənasız olan terminlərdən istifadə edilməməlidir.

Növbənin dəyşməsi – material ilə tanış olmanın əhəmiyyəti

Növbətçi redaktora hazır material verildiyindən o, bir növ miras sahibinə bənzəyir və elə ilk təhlükə də burada başlayır. Nöbətçi redaktor nəyi necə etdiyinin səbəblərini – gərəkçəsini tam anlamasa, xəbər saytına böyük ziyan vura bilər.

Növbətçi redaktorun işi məzmunu oxucuya ən səmərəli və incə üslubda çatdırmaqdır. O, məzmuna laqeyd yanaşmamalı, dəyişiklik xatirinə dəyişiklik etməməli, xəbərləri lazımi səviyyə və qaydada diqqətə yetirməlidir.

Real təhlükə odur ki,  iş növbəsinin dəyişməsi xəbər təqdimatında lazımsız dəyişikliyin gerçəkləşdrilməsinə yol aça bilər. Fərqlilik xatirinə dəyişikliyin nəticəsində öncəki redaktorun işlədiyi səhifələrlə indiki redaktorun işlədikləri arasında fərqlər yaranır. Məsələn, dəyişikilik saytın əvvəlki redaktordan qalan versiyası ilə müqayisədə xəbərin keyfiyyətçə aşağı səviyyədə nümayiş olunması ilə nəticələnə bilər.

Bu səbəbdən, növbəni təhvil alan redaktorun baş verən hadisələr və sayta yerləşdirlən materiallarla tanış olması və oxuması yaxşı ideyadır. Bu halda o müəyyən edə bilər ki, nə baş verir, nəyin baş verəcəyi ehtimal olunur və hazırda hansı material hazırlanır.

Növbətçi redaktorun rəqib xəbər saytlarını oxuması da vacibdir. Onlar həm özlərinin, həm də rəqib televiziya və radio stansiyalarının xəbər və proqramlarını dinləməli və baxmalıdırlar. Bu, növbətçi redaktorun nə baş verdiyi, nə baş verəcəyi, nəyi işıqlandıracağı və nəyi daha sonra işıqlandırmalı olduğuna dair tam məlumatlı olmasına imkan yardır.

İstifadəçi heç vaxt xəbəri hansı komandanın, növbənin işlədiyini bilmir. Oxucu növbədə dəyişikliyin olduğunu heç vaxt hiss etməməlidir. O, sadədəcə, günboyu yalnız daha yaxşı məlumatlandığını hissetməlidir.

Ön səhifənin idarə olunması

Daha əvvəl qeyd edildiyi kimi, növbətçi redaktor heç vaxt boş sayt təhvil götürmür.  Əvvəlki növbətçi redaktor, bütün bölmələri və ön səhifəni məlumatlarla dolu şəkildə qoyub getməlidir. Sayta görə məsuliyyəti öz üzərinə götürən növbətçi redaktor, onun nə zaman yenilənməsinə ehtiyac olduğunu bilməlidir.

Auditoriya haqqında məlumatlı olmaq və istifadəçilərin sayta daxil olmaq vərdişləri ilə bağlı statistik məlumatlar yenilənmənin lazım olub-olmadığına dair qərar verilməsinə yardım edir. Məsələn, əgər sayta ən çox daxil olunan saatlar 11.30-dan 14.00-dək və 18.00-dan 20.00-dəkdirsə, saytın əsas yeniləmələri saat 11.00-da  və 17.00-da edilməlidir.

Təbii ki, əsas yenilənmələri bütün ziyarətçilərin saytdan çıxdıqları vaxta salmaq doğru deyil. Buna baxmayaraq eyni zamanda, xəbər axınının qarşısını almaq da mümkün deyil. Xəbərin ötürülməsi və yenilənmələrin aparılması gündə 24 saat və həftədə 7 gün baş verir.

Auditoriyanın oxuma vərdişlərini bilmək, redaksiyanın səylərinin hansı bölümə yönəldilməsinə yaxud cəmləşdirilməsinə qərar verilməsini asanlaşdırır.

Yenilənmələr vacib rol oynayır və onlar vacib nəyinsə baş verdiyini göstərməlidir. Əgər əhəmiyyət kəsb edən hər hansı hadisə baş verməmişdirsə, saytın görüntüsünü dəyişmənin mənası yoxdur. Olsa-olsa, xırda dəyişikliklərə getmək mümkündür. Lakin, məzmunda kosmetik dəyişikliklər etməklə dəyişdiyini iddia etmək olmaz.

Yeni başlıq və şəkil istifadəçinin diqqətini cəlb edə bilər, lakin o, materialın əsas məğzinin dəyişmədiyini aşkar edərsə, məyus ola bilər. Oxucu, məzmunun yeni istiqamətə keçdiyini düşünə bilər, əslində isə o, artıq oxumuş olduğu materiala qayıdacaqdır. Bu metod, oxucunun yanlış səmtə yönəldir, ona artıq oxuduğu və onun üçün köhnəlmiş olan materialı təklif edərək, onu çaşdırır.

Ön səhifədə və ya bölmənin indeks səhifəsində yerləşdirilən materialı ləğv etməzdən əvvəl götür-qoy etmək lazımdır. Bunlar, saytın ən baxımlı yerləridir, əgər material bu bölmələrdə yoxdursa, onun diqqəti cəlb etmə şansı da yoxdur.

Məlumatın saxlanma müddəti (rəf həyatı)

Materialı “digər xəbərlər” bölməsindəki başlıq linkinə ötürməzdən əvvəl, ona nə qədər vaxt, əmək və vəsait xərcləndiyini nəzərə almaq lazımdır. Növbətçi redaktorun vəzifəsi, məzmunun redaksiya siyasəti, xəbər dəyəri, materiala sərf edilən xərclər və quruma faydası baxımından idarə olunmasıdır. Üstəlik, hansı hansı hadisələrə vaxt və əmək sərf ediləcəyinə dair də jurnalistlər qarşısında tələb qoymalıdır.

Bu qərarlar qəbul edilərkən, auditoriyanın yönümü-profili, saytın xəbər heyəti və məzmunun rəf ömrü nəzərə alınmalıdır.

Növbətçi redaktor, materialın nə vaxt yenidən yazılacağına, nə vaxt yenilənəcəyinə və nə vaxt arxivə ötürüləcəyinə görə də məsuliyyət daşıyır.

Öncəki mühazirədə onlayn verilən bütün qaynar xəbərlərin (breaking news) ilkin versiyasının tarixi fakt kimi qorunmalı olduğu qeyd edilmişdi. Bu da, adətən, növbətçi redaktorun öhdəsinə düşür.

Bir hadisəni bir neçə jurnalist  də işıqlandıra bilər, amma onlardan heç birinin hadisəyə baxış tərzi və bucağı ilə növbətçi redaktorunku eyni deyil. Onlar (jurnalistlər) lap “bəsdir, dur!” deyənədək yeni məzmun təklif edə və materialı yeniləyə bilərlər. Materialın nə zaman hadisələrin tam versiyası kimi yaddaşda saxlanılacağını bilmək və yeni materialın yazılmasına başlamaq növbətçi redaktorun əsas bacarığıdır.

Hadisənin “saxlanma müddətini” dəyərləndirərkən, ona nə qədər əmək sərf ediləcəyinə də qərar verilməlidir. Söhbət qaynar xəbərdən gedirsə, demək, ondan yenə yararlanmaq olar və ona tez-tez tıklanılacağı da ağlabatandır. Bu üzdən, qaynar xəbərin tələb olunan 300 söz civarında tərtib edilməsi məqsədəuyğundur.

Bəzən  isə hadisənin ətrafındakı problemləri araşdırmağa sərf olunan zəhmət və zaman onun özünə sərf edilən zaman və zəhmətdən çox olur.

Mənbə:

1. Onlayn jurnalistlər üçün vəsait. Azərbaycan Media Mərkəzi. Səh.15-19

2. İnternet jurnalistikasının başlanğıcı. www.az.irexlearning.org, Onlayn və multimedia jurnalistika modulu.

                                                                   

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma