Orijinal məzmunun hazırlanması və dərc olunması


Qaynar-isti xəbər (Hard nyus) xəbər materialları ilə işləyərkən əksər media qurumları eyni faktlardan istifadə edir. Onların xəbər mənbələri adətən eyni olur, onlar eyni xəbər agentliklərindən informasiya alır və eyni xəbər mənbələrinə müraciət edirlər.  Bu səbəbdən müxtəlif saytlarda eyni materialların dərs edildiyinə rast gəlmək heç də təəccüblü deyil.

Bütün hallarda xəbər qurumu digərlərindən fərqli materialın hazırlanmasına çalışmalıdır. Məsələn, onlayn jurnalist, xəbər qurumunun müxbirlərindən birinin hadisə yerindən hazırladığı ekskluziv xəbərdən sitat əlavə edə bilər. Əgər veb sayt hər hansı qəzetə bağlıdırsa, qəzet fotoqraflarından biri tərəfindən çəkilmiş ekskluzif şəkil istifadə oluna bilər. Bu halda şəkil, materialın yuxarı hissəsində yerləşdirilməli və çərçivəyə alınmalıdır. Əgər onlayn jurnalist  radio-TV kanalı ilə bağlı bir veb saytda işləyirsə, onda hazırladığı materialda yalnız o quruma məxsus ekskluziv audio və ya hər hansı klipdən istifadə edə bilərsiniz. Bütün hallarda əsas məsələ orijinallığın olmasıdır.

Rəqiblərinizin hansı sahələrdə önə çıxacağı barədə narahat olmaqdansa, onların verə bilməyəcəklərini – nəyi, həm də necə vermək məsələlərini diqqət mərkəzində saxlayın.  Heç vaxt başqa saytdan götürdüyünüz məzmunu öz məzmununuz adıyla   verməyin (plaqiat etməyin, oğurlamayın). Bu, həm etikadan kənar, həm də çox təhlükəli davranışdır. Üstəlik, öz mənbələriniz və ya xəbər qurumundan gələn hər bir faktı dəqiq və ətraflı yoxlamadan məzmuna daxil etməyin.

“Veb səhifələrdə kompüterdən yararlanıb bir göz qırpımında gerçəkləşdirilən  “cut and paste” – “kəs və götür” funksiyası ilə plagiat çox asanlıqla baş verir, onu üzə çıxarmaq da o qədər asandır”.  

Bəziləri isə deyir ki, internet “köçürmə və “təkmilləşdirmə”dən ibarətdir. Dizayn və tərtibatda plaqiat halları müəyyən dərəcədə başa düşülən olsa da, materialın təfərrüatı ilə bağlı bunlar hər zaman qəbuledilməzdir.

Plagiat həm vicdansızlıqdır, həm də xəbər brendinizin nüfuzuna zərər verən davranışdır. Saytınızda yerləşdirilən hər bir cümlə bu cümlənin  yoxlanlıb-doğrulandığı anlamına gəlir. Yəni, siz cümləni yazdıqdan və o saytda dərc edildikdən sonra məlumat sizin qurumunuz tərəfindən yoxlanılıb, təsdiq edilmiş hesab olunur. Plaqiat, həm şəxsi, həm də peşəkarlıq baxımından böyük riskdir. Yalnız doğru olan və sübut edə biləcəyiniz faktları dərs etməlisiniz.

Materialı birinci verməli, yoxsa düzgün hazırlamalı

Hadisə baş verdikdən və olnun izinə düşüldükdən sonra, xəbər qurumları arasında onun birinci çatdırılması uğrunda yarış başlayır. Rəqibi qabalamaq yaxşıdır, amma bu yarışda rəqibi üstələmək dönə-dönə yoxladığınız faktlara dayananda özünü doğruldur.

Qaynar xəbəri dərc edib yaydıqdan sonra,  “yanlışdır” deyərək yığıdırmaqdan pis heç nə yoxdur, İstifadəçiləriniz yalan məlumat verdiyinizi, yaxud xəbərdə yanlışlığa yol verdiyinizi anlayacaq. Onların nadir hallarda xəbəri olacaq ki, siz öz rəqibinizi üstələmisiniz. Onlar bunun heç fərqinə varmaya da bilərlər. Şayiələrə uymayın. Baş verən hadisənin aydın olmayan təfərrüatlarını olduğu kimi çatdırmaqdansa, yalnız təsdiq oluna bilən faktlara müraciət edin. Siz yalnız nəyinsə baş verdiyini istifadəçilərinizin diqqqətinə çatdıra bilərsiniz. Bu tipli xəbər başlıqları, məsələn: “Son məlumatlarımızı gözləyin…” məqbul hesab olunur. Bununla birlikdə, siz reportyor kimi hadisə yerində deyilsinizsə və məlumat sahibi deyilsinizsə, fakt təsdiq olunmayana qədər onun barəsində fikir yürütməyin.

Şərh və rəylər               

Jurnalistikada reportyorun vəzifəsi faktları çatdırmaqdır. Reportyor şərh verməməli və rəy səsləndirməməlidir. Əgər onun müəyyən bir sahədə təcrübəsi varsa və yaxud ixtisaslaşmış jurnalistdirsə, ondan işıqlandırdığı hadisənin təhlilini aparmaq gözlənilir. Jurnalist həmin təhlildə hadisənin necə inkişaf edəcəyinə dair ehtimalı, rəyi daxil edilə bilər. Amma veb saytda işləyən jurnalistlərin əksəriyyətindən bunu etmək tələb olunmayacaqdır. Şərhlər və rəylər materiala artırılmalı, fakt kimi daxil edilməməlidir. Faktı “əvəzləyircəsinə materila sırınıb toxunmamalı”dır.

Belə davranışa o halda haqq qazandırmaq olar ki, rəy və şərhləri hadisəyə dəxli olan, hadisə ilə birbaşa əlaqəsi olan şəxs vermiş olsun. Bu halda vurucu sitatların yer aldığı “text box”ları – mətn qutuları-sitat qutularını da yazınıza artıra bilərsiniz. Belə olanda, həm vizual bölgü, həm də hadisənin əhəmiyyətli elementləri ilə oxucunun diqqətini şəkmək asanlaşır.

Amma, dekonstruksiya elementlərindən düşünülmüş şəkildə istifadə edilməlidir. Elementlərin çoxu səliqə-səhmanı poza bilər. Mətni həddən artıq yükləməklə siz oxucunu itirə bilərsiniz. Nəzərə alsaq ki, materailda şəkil, fakt qutusu və qrafikdən istifadə oluna bilər, bir materialda iki sitat qutusu izafi hesab edilir.

Məqalənin hissələrlə dərs olunması

Hadisə baş verəndən və jurnalist onun izinə düşəndən sonra, adətən həm jurnalistin əlində çox az material olur, həm də onun vaxtı çox az olur. Hətta ola bilər ki, jurnalistin əlində əsaslana biləcəyi yalnız bir fakt vardır.

Yalnız bir fakta əsaslanan qaynar xəbəri necə dərc etmək olar?

İlkin olaraq çatdırmaq istədiyimiz məlumatı ifadə edən bir cümlə qurmaq və onu dərc etmək mümkündür. Bundan sonra məlumat olduqca məqaləyə cümlələr əlavə etməklə, materialı dolğun məlumat və təfərrüatlarla zənginləşdirib, yenidən dərc etmək olar.

Birinci versiyada hətta şəkil olmaya bilər. O, bir qısa cümlədən ibarət ola bilər. Materiala hər dəfə yeni cümlə əlavə olunduqca, siz materialı yenidən dərc etməlisiniz. Əgər onlayn jurnalist qaynar-isti xəbər çatdırırsa, materialın tam hazır olmasını gözləmənin heç bir mənası yoxdur. Məlumat artıqca, təfərrüatlar ortaya çıxdıqca, materila yeni cümlələr, təzə abzaslar,  şəkillər əlavə edilərək, yeni başlıqlar yazılaraq dərc edilməsi ən yaxşı metoddur. Yeni məlumatlər gəldikcə, yoxlanmalı və dərhal dərc edilməlidir.

Bununla belə proses hədsiz uzadılmamalıdır, necə deyərlər, “əyləcə basmağı bacarmaq” lazımdır. Onlayn jurnalistin bir hadisənin nə vaxt bitdiyini və bir başqasının nə vaxt başladığını bilmək bacarığı da olmalıdır.

“Həmişə yadda saxlayın ki, məqalənin həcmi artdıqca yeni xülasə, şəkil və başlığın olmasına ehtiyac ola bilər”.

Arxivləşdirmək və yenidən yazmaq vaxtı

Yuxarıda qeyd etdiyimiz kimi, xəbərə mövzu olan hadisə inkişaf etdikcə, materila yeni əlavələr olacaqdır. Material nə qədər çox olursa olsun, əvvəl-axır o, tamamlanmalıdır. Onlayn jurnalist həm də məqaləni nə vaxt tarixi bir hadisənin arxivi kimi saxlamağı (arxivləşdirmək) və yeni versiyaya nə zaman başlamaq lazım olduğunu bilməlidir.

Gəlin, 2001-ci ilin 11 sentyabr günü qoşa qüllələrə dəyən iki təyyarə barədə məqaləyə nəzər salaq. Əgər xəbərə mövzu olmuş hadisəyə dair məqalə dayanmadan davam etdirilsəydi və birinci qülləyə dəyən birinci təyyarə barədə ilkin məqalə olduğu kimi saxlanmasaydı, bizim yenidən istifadə etmək üçün arxivimiz olmazdı. Arxivlşdirmək, bizə gələcəkdə o xəbərə qayıtmaq, o xəbəri başqa materiallarda istidadə etmək imkanı yaradır.

11_eylül_20011

 

 

 

 

 

 

Təyyarə birinci qülləyə dəyir

İkinci qülləyə dəyən ikinci təyyarə haqqında xəbər materialı da yaddaşda saxlanmalıdır. Əgər biz bunu etməsək, materialları arxivləşdirməsək, hər an yenilənən up-uzun materialların umuduna qalardıq. Uzun materiallarda isə hadisənin məğzi və mahiyyəti itirilə bilər.

family-vacations-ground-zero

 

 

 

 

 

 

9/11 abidəsi

Deməli, veb-saytlar həm də etibarlı arxivə malik olmalıdırlar. Etibarlı arxivə malik olmayan, hər bir hadisəni göstərə biməyən veb saytda işləyən jurnalistin hazırladığı materillar uğursuz alınacaq.

Əgər 9/11 xəbəri hadisəni saxlamadan-arxivləşdirmədən davamlı olaraq yenidən yazılmış olsaydı, biz məqaləyə iki il sonra baxdıqda “Ground Zero”da memorial parkın açılmasının şahidi olardıq.

Birinci hadisə jurnalistlərin hər zaman müraciət edəcəkləri materialdır. Buna görə də jurnalist bilməlidir ki, məzmuna nə vaxt yeni əlavələr edilməlidir, mövcud material nə zaman yenidən yazılmalıdır, yazmağa nə vaxt son verilməli və yeni versiyaya nə vaxt başlanmalıdır.

Bu adətən saytı idarə edən və nə istədiyi ilə bağlı sizə təlimat verən şəxsin vəzifəsidir, lakin reportyorun özü də bu barədə fikirləşməlidir.

Linklərin üstünlükləri və təhlükələri

Xəbər materiallarının dekonstruksiyasında istifadə olunan linklərin yararlılığının öyrənilməsi onları onlayn məzmun üçün vacib elementlərdən biri olduğunu göstərir. Linklərə materialın bir hissəsi kimi baxılmalıdır, əks təqdirdə onların daxil edilməsi heç bir əhəmiyyət kəsb etməyəcək.

Onlar həmçinin bizim yazdığımız cümlələrə əlavə maraq oyadan, materiala əlavə dəyər qatan element kimi nəzərə alınmalıdır. Linklər sözləri təkrarlamaq üçün deyil, jurnalistin söyləyə bilmədiyi ya da araşdırmadığı, tədqiq etmədiyi əlavə məlumatları daxil etmək üçün istifadə olunur. Linklər, deyə bilmədiyimiz və ya öyrənmədiyimiz əlavə məlumat təklif etməlidir.

Məsələn, xüsusi elmi kəşflərdən bəhs edən materiallara linkdən istifadə tipik misal ola bilər. Ən zəhmətsiz variant, tədqiqat aparan təhsil müəssisəsinin ana səhifəsinə link verməkdir. Amma burada, tənbəllərin əl atdığı üsuldan söhbət gedir. Linki, kəşflə bağlı elmi məqalənin uyğun bölümünə – sizin izah edilməsinə vaxt və ya yerinizin olmadığı təfərrüta – qoymaq daha məqsədəuyğun olar. Yəni, daha yaxşı davranış təfərrüatlara link verməkdir. Oxucunun həmin linkə girib-girmədiyini yoxlamaqla onun materialınızı zənginləşdirib-zənginləşdirmədiyini dəqiqləşdirmək, təbii ki, bəlli zaman tələb edir.

“Siz bu linklərin yazınızı oxuyan insana faydalı olub olmadığından əmin olmaq üçün onların tədqiqinə vaxt sərf etməlisiniz”.

Linklər yazınızın daha yaxşı anlaşılmasını dəstəkləyən dəyərli material olmaqla yanaşı, bəzən müəyyən təhlükələr də daşıya bilər.

Məsələn, linkini qoyduğunuz digər məzmunu nəzarətdə saxlaya bilməzsiniz. Siz nəzarət səlahiyyətinə malik deyilsiniz. Yazıya doğru  link qoymaq mümkündür, amma kim təminat verəcək ki, həmin  saytda çalışan şəxs gələcəkdə materialda nələrisə dəyişməyəcək, yaxud oraya başqa material yerləşdirməyəcək?

Bu linklərdən reklam verənlər də öz məqsədləri üçün yararlana bilərl, sui-istifadə edə bilərlər. Jurnalistlər bu linklərə, yoxlamaq niyyəti ilə, tək-tük hallarda dönürlər. Amma link yerləşdirdiyinizi bilən şirkətlər öz kommersiya səhifələrinə asanlıqla link qoya bilər.

Deməli, onlayn jurnalist ayıq-sayıq davranmalı və yalnız etibarlı saytlara keçid verməlidir. Həmçinin zövq və sanballılıq məsələsinə də diqqət yetirilməlidir.

Əksər saytlar özlərini “bu sayt keçid aldığı digər saytlardakı materialların məzmununa görə məsuliyyət” daşımır kimi sözlərlə özünü sığortalamağa çalışsa da, bütün hallarda yerləşdirilən linkin məzmununa siz də müəyyən məsuliyyət daşıyırsınız. Amma yenə də belə bir yazı yerləşdirmək gözəl davranış hesab oluna bilər.

Minimumun maksimumlaşdırılması

Bəzən jurnalistin başı məqaləyə o dərəcədə qarışa bilər, o, mövzuya o dərəcədə aludə ola bilər ki, informasiya ilə çox yüklənə və vacib olan məqamı nəzərdən qaçıra bilər. Faktların içində vurnuxan jurnalist, vacib məqamı görməyə bilər. Ora-bura zəng edən, çoxlu ön tarixçə oxuyan jurnalistin beyni iş masası kimi məlumatlarla qarmaqarışıq ola bilər və xəbərin real rakursunu tapmaqda çətinlik çəkə bilər.

Onlayn jurnalist, hadisənin məğzini üzə çıxarmaq üçün dolaşıq fikirləri kəsib çıxarmağı bacarmalıdır. Çox vaxt ona bu işdə növbətçi redaktor və bölmə redaktoru yardım əlini uzadır.

“Jurnalist tək işləyirsə, o, özünə daim xəbər nə haqqındadır, nə baş verir, bu nə üçün əhəmiyyətlidir, kimlər üçün əhəmiyyət kəsb edir, kimlərə necə təsir edir, onun ardınca nə baş verəcəyi ehtimal olunur kimi suallar verməlidir. O, mürəkkəbliyi bir kənara qoyub, əsas mətləbə keçməyi bacarmalıdır”.

Ümumi mənzərəni verən sətir hansıdır? Yazını qısa və mahir cümlələrlə zənginləşdirmək lazımdır. Bildiklərinizi sadalayın. Ağıll olmaq üçün səy göstərməyin. Siz özünüz haqqında təəssürat yaratmaq üçün deyil, sadə insanları məlumatlandırmaq üçün yazırsınız.

Elə də ola bilər ki, jurnalistin əlində çox az fakt olsa da, ondan xəbər yazmaq tələb olunacaqdır. Yəni, faktlar xəbər yazmağa yetməsə də, o, yazmağa məcburdur.

Davam edən xəbər yenilənməlidir və bunu etmək üçün sizin yalnız bir yeni məlumatınız ola bilər. Bu dəfə sizin işiniz artıq-urtuğu yığışdırmaq deyil, onun tam tərsidir. Bu vəziyyətdə onlayn jurnalist minimumu maksimuma çatdırmaq məcburiyyətindədir. O, müxtəlif keyfiyyətlərlə birlikdə həm də belə bir bacarığa sahib olmalıdır. Minimumdan maksimum faydalanmaq bir sənətdir.

Hadisəni bayağılaşdırmaq, məsələni qeyri-səmimi şəkildə şərh edərək şişirtmək düzgün davranış deyil. Xəbəri məlum kontekstində bir daha çatdırmaqla, yəni aşkar olanı yenidən vurğulamaqla ona dəyər qazandıra bilərsiniz. Bu, heç də məzmunu boş-boşuna doldurmaq deyil, xəbər qurumunun daxilində saxlanılan və oxucuları maraqlandıra biləcək internet materialları ilə ilə informasiya boşluğunun doldurulmasıdır.

Aşkar olanı, məlum olanı təkrarlamaqla, oxucunun intellekt səviyyəsi gərəyincə qiymətləndirilməli, hadisə və material ucuzlaşdırılmamalıdır.

İnformasiya boşluğunun doldurulması çox incə tarazlıq fəndidir və ona mükəmməl yiyələnməklə xəbər materialının hazırlanması mümkündür. Xəbər qurumunun peşəkar müxbirlərindən sitat gətirmək də mümkündür , bu da xəbəe materialına səciyyəvi dəyər qatacaqdır.

Mənbə:

1. Onlayn jurnalistlər üçün vəsait. Azərbaycan Media Mərkəzi. Səh.9-14

2. İnternet jurnalistikasının başlanğıcı. www.az.irexlearning.org, Onlayn və multimedia jurnalistika modulu.

                                                                  

 

 

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma