İnternet kommunikasiyasının inkişafı: Veb 1.0 kommunikasiya növü (aləti)


internet və jurnalistikaİnternetin yaranması zamanı məqsəd heç də insanlar arasında ünsiyyətin artırılması deyildi. İnternet əvvəl hərbi məqsədlər, daha dəqiq desək hərbçilər arasında kommunikasiya* məqsədilə yaradılmışdı.

Bu şəbəkəyə daha sonra universitetlər də qoşulmağa başladı. Nəticədə veb saytlar internetdə ən çox istifadə olunan formata çevrildi. Veb saytların ilkin dövrü şərti olaraq Veb 1.0 adlandırılır. Veb 1.0-ın əsas fərqləndirici cəhəti saytların konkret hansısa bir təşkilt, insan və s. haqqında məlumatı istifadəçilərə çatdırmaqdan ibarətdir. Belə saytlar heç də keçmişdə qalmayıb, indinin özündə də çoxlu sayda saytlar məhz bu formada yığılır və istifadəçilər adətən şirkətin adını, onun haqqında da məlumatı, əsas fəaliyyət sahələrini, işlərin nümunələrini görə bilir. İstifadəçinin internetə yerləşdirdiyi məzmuna öz fikrin bildirmək yolu da var. Bu adətən ya “əlaqə”  bölməsində elektron poçt- email vasitəsilə və ya yenə emailə bənzər müraciət formasını doldurmaq vasitəsilə mümkün olur. Ancaq bu faktiki olaraq istifadəçini internet səhifənin məzmunundan uzaq tutmaq və ora müdaxilələri minimuma endirmək deməkdir. Digər  tərəfdən belə səhifələrin yeganə məqsədi təqdim etdiyi şirkət, təşkilat və ya insanları təbliğ və reklam etməkdir.

Fikrinizi bildirmək, ya da nəyisə soruşmaq istəyirsinizsə buyurun yazın. Bu emailə bəlkə cavab verdilər. Amma buna heç kəs zəmanət verə bilmir. Təsvir elədiyimiz bu kommunikasiya aləti veb 1.0  digər media növlərindən elə də fərqlənmir. Diqqət yetirsək, ənənəvi adlandırdığımız media növlərində istifadəçi ilə ünsiyyət eyni istiqamətdə qurulub. Ənənəvi medianı yazılı, səsli və vizual olmaqla 3 böyük qrupa bölürük.

Yazılı media : Təsəvvür edin ki, hansısa qəzetdə maraqlı bir məlumat verilib. Bu məlumatı oxuyuruq, bizdə onu müzakirə etmək  və daha ətraflı öyrənmək istəyi yaranır. Belə vəziyyətdə biz nə edirik?

1. Biz öz fikrimizi bildirmək üçün məktub yaza bilərik.

2. Əlaqə bölməsində göstərilən telefon nömrəsini götürüb birbaşa redaksiyaya zəng vura bilərik.

3. Email də yaza bilərik.

Hər üç halda cavabı gözləməli oluruq. Bəs bir yazıya sizdən əlavə onlarla insan fikir bildirmək istəsə və hamı cavab gözləsə? Bu mümkündür, ancaq bir tərəfdən qəzetin buna texniki imkanı çatmır, digər tərəfdən oxucuların fikir bildirmək, şərh etmək öz baxışlarını ifadə etmək imkanı və hüquqları təmin olunmur.

Radio: Verilişdə dinləyiciyə maraqlı ola biləcək mövzulara toxunulur. Dinləyici öz fikrini ifadə etmək üçün nə edə bilər? Onun bir neçə seçim etmək imkanı var. Bunların arasında ən effektlisi telefon vasitəsi ilə studiyaya zəng etmək və fikrini birbaşa efirdə bildirməkdir. Amma produser dinləyicini efirə qoşmaya da bilər. Yalnız produserin istəyindən asılı olaraq insanlar öz fikirlərini bildirmək imkanı əldə edir. Verilişin nömrəsini eşitməmək, efirə zəng etməyə yubanmaq kimi amillər də dinləyiciyə mane ola bilər. Başqa bir problem isə odur ki, radioverlişlər heç də həmişə canlı yayımlanmır.

Efirə qoşulmağın populyar yollarından biri də sms ya da email yazmaqdır. Burada da siz efirə düşə də bilərsiniz, düşməyə də. Produser sms ya da emailinizi aşağıdakı səbəblərə görə efirə buraxmaya bilər.

  1. Təhqir olduqda
  2. Mövzudan kənar fikir səsləndikdə
  3. Dinləyicilər üçün ayrılan vaxt məhdudsa.

Televiziya verilişləri: Televiziya proqramlarına zəng edənlərin sayı o qədər çox olur ki, izləyicinin efirə bağlanması bəzən möcüzə sayıla bilər. Televiziya verilişlərindən narazı qalanların sayı daha çoxdur. Bunun səbəblərindən biri də tamaşaçıların narazı qaldığı halda, öz fikir və şərhlərini çatdıra bilməməsidir.

İnternetdə veb 1.0 kimi tanınan və internetin ilk illərində mövcud olan kommunikasiya növü yuxarıda bəhs olunan ünsiyyətin təkrarı idi. Belə saytlarda insanlar yazılanları oxuyur və primitiv üsullarla öz fikirlərini çatdırmağa çalışırlar.

İnternet texnologiyaları inkişaf etdikcə, digər tərəfdən internetin özünün müxtəlif məqsədlər üçün istifadəsi nəticəsində yeni imkanlar və ünsiyyət vasitələri yaranmağa başladı.

Mənbə: Hüseynzadə Emin. Yeni media. Dərs vəsaiti. CCC Azərbaycan MMC. Bakı,  2012. səh.9-15

Kommunikasiya* (communication): 1. Yolun adını və növünü bildirir (hava yolu, torpaq yol, su kanali və s.); 2. Rabitə forması (teleqraf, radio, telefon, poçt); 3. İki və ya daha çox şəxs arasında olan və qarşılıqlı anlaşmaya əsaslanan ünsiyyət; bir şəxsin əldə ettiyi məlumatı başqasına (başqalarına) çatdırması; 4. Kütləvi kommunikasiya, kütləvi kommunikasiya vasitələrindən (mətbuat, radio, televiziya, kinematoqraf) yararlanmaqla məlumatın çox saylı, həm də birbirindən aralı yerləşmiş auditoriyaya çatdırılması prosesi (Qulu Məhərrəmli, Kino Televiziya və Radio Terminləri, 2002, s.143).

Kommunikasiya prosesi (communication process) : informasiyanın kommunikatordan (1. KİV sistemində mətbu mətnlər, filmlər, radio və televiziya verilişləri şəklində məlumatlar hazırlayan şəxs, yaxud bir qrup şəxs. Televiziyada studiyanın yaradıcı personalı;  2. KİV sisteminə daxil olan vasitələrin – mətbuat, radio, televiziya, kinematoqraf, video, səs yazilişi vasitələri- məcmusu) resipiyentə (resipientis – məlumatı, informasiyanı, xəbəri qəbul edən adam; hər hansı məsələ barədə rəyi soruşulan şəxs) ötürülməsini nəzərdə tutur (Məhərrəmli, Kino Televiziya və Radio Terminləri, 2002, s.143, s. 232).

Kommunikasiyanın dörd səviyyəsi:  İnformasiya mübadiləsi prosesini kommunikasiya (communication) adlandırırıq. Bu prosesdə məlumatı göndərən və alan iştirak edir. Gündəlik həyata kommunikasiyanın müxtəlif formaları daxildir. Kommunikasiya fəaliyyətini dörd fərqli kateqoriyaya və ya səviyyəyə bölmək olar.

Fərddaxili kommunikasiya: bir insanın öz özü ilə danışmasıdır. Bu, çoxumuzun danışmazdan və ya hər hansı bir hərəkətə keçməzdən əvvəl fkirləşdiyimiz prosesidr.

Şəxlərarası kommunikasiya: iki, üç nəfərin və ya daha çox adamın birbiri ilə danışması ola bilər. Emosional və fiziki bağların yaxın olması ünsiyyəti daha da yaxın edir.

Qrup kommunikasiyası: Bu növ kommunikasiyaya biznes görüşlərindən tutmuş konsertdə iştirak etmək kimi hallar daxildir.

Kütləvi kommunikasiya: kütləvi informasiya vasitələrindən istifadə edilərək məlumatın auditoriyaya çatdırılmasıdır.

Kommunikasiya insanların yarattığı fəaliyyət sahəsidir. Onu, dörd sahədəki işinə baxaraq daha yaxşı başa düşmək olar. Ananızın necə yaxşı yemek pişirdiyi haqqında fikirləşmək (fərddaxili kommunikasiya), onunla telefonda danışmaq (şəxlərarası kommunikasiya), dərsdə mühazirəyə qulaq asmaq (qrup kommunikasiyası), axşam evdə televizora baxmaq (kütləvi kommunikasiya). Kütləvi kommunikasiya, kütləvi informasiya vasitələri ilə həyata keçirilir. Konsertde minlərlə insan iştirak etsə də bu, kütləvi kommunikasiya deyildir. Amma eger bu konsert İctimai Televiziya (İTV) vasitəsilə yayımlansa, bu artıq kütləvi kommunikasiyadır.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma