Semestrin son sözü…


01Bir tədris ilini daha yekunlaşdırdıq, o cümlədən final imtahanlarını. Tələbələr istirahətə yollandılar, müəllimlər növbəti semestrə hazırlaşmağa. Yeni tədris ilinə enerji ilə dolu və xoş əhval-ruhiyyə ilə qayıdacaqlarını ümid edir, hər birinə xoş istirahətlər arzulayıram.

“Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” fənnini tədris etdiyim 112204-cü qrupda, “Bu fənn sizə nə öyrətdi” sualına dilucu cavab verənlər də var, maraqlı semestr tapşırıqlarına imza atanlar da. Əlbəttə, hələlik son sözü imtahan nəticələri deyir, nəticələri də qənaətbəxş hesab etmək mümkündür.

Növbəti dərs ilində bu qrupda “Yeni mediaya giriş” fənnini tədris etməyə hazırlaşıram. Fənn üçün hazırlayacağımız bloqda yuxarıda bəhs edilən maraqlı, hətta maraqlı olmayan yazıların da yerləşdirilməsi nəzərdə tutulur.

Ümumiyyətlə, jurnalistika fənlərini tədris etdiyim qruplarda tələbələrin dünyagörüşü, bilik və intellektual səviyyəsi, kompüter və internetdən istifadə bacarıqları homojen deyil. E-maillə işləmək vərdişinə sahib olmayan, hətta e-maili olmayanlardan tutun, jurnalist olmaq üçün böyük  səy və fəallıq göstərənlərə,  “Məndən jurnalist olar…. olmaz…” deyib tərəddüt edənlərə qədər hər cür tələbəyə rastlamaq mümkündür…

Bunları niyə yazıram, çünki bloq yazılarında tələbələrin mənfi cəhətlərini də qələmə alacağıma dair söz vermişdim. Və, sözümü tuturam… Buyurun oxuyun…

Auditoriyada mobil telefon ilə oynayanlar, onu əllərindən heç düşürməyənlər var. Onlardan mühazirədən yadda qalanları facebook və twitter səhifələrində paylaşmalarını istədim. Facebook, twitter demişkən, imtahan və dərslə bağlı sosial media paylaşımlarını da diqqətlə izlədim….

Böyük qruplarda müzakirələrin effektiv olmadığı günlər də oldu. Çünki, bəzi tələbələr bir-birini dinləməyi bacarmır, başqası danışarkən sözünü kəsir. Mən bunu dinləmə mədəniyyətinin zəif olması ilə izah edirəm. Bu problemi yoluna qoymaq lazımdır…

Əksəriyyətinin öz fikirlərini ifadə etmək qabiliyyəti zəifdir. Çünki az oxuyurlar, daha çox eşitmə və görməyə maraqlıdırlar…

Diqqəti tez yayınanlar da…

Seminar tapşırıqlarını yerinə yetirməyənlər də…

Özünə inamı çox olduğu üçün tapşırığa son günə qədər əl vurmayıb, bərbad iş təhvil verənlər də…

Dərslə əlaqəsi olmayan, qeyri-ciddi suallarına ciddi cavab gözləyənlər də …

Bəzən dərsdə mürgüləyənlər, hətta yatanlar da oldu…

Mobil telefonlarının səssizə qoymağı unudanlar da var…

“Mənim tədris fəlsəfəm” mövzusunda yazı yazmalarını xahiş edəndə universitetin bufetindən şikayət edənlər də oldu…

Dərsə təyin olunmuş vaxtda gəlməyənlər də var…

Auditoriyaya təyin olunmuş vaxtda gəlməyib, birinci sıradan başlayaraq hər kəslə bir-bir görüşüb ən arxaya oturanlar da oldu…

Üzündən “Görəsən, bura haradır, mənim burda nə işim var” ifadəsi aydın şəkildə oxunanlar da var…

“Atam, zəng edir, müəllimə. Cavab verməsəm mənim üçün böyük problem olacaq” deyənlər də var. Uşaqlar, atanız bilmir ki, siz dərsdəsiniz, dərsi də pozmaq olmaz”.

Seminarlarda yaxşı cavab verib, imtahanlarda yaza bilməyənlər də var…

Yaxşı qiymətləri siz aldınız, aşağı qiymətləri biz yazdıq…

Vəəə… Ən çox şikayətçi olduğum mövzu, mobil telefon nömrəsinin onlara verilməsindən sui-istifadə etmələridir. Onlar müəllimə daha çox “Probkadayam, qayıb yazmayın” deyə zəng edirlər. Üstəlik, bəzən siz də tixacda qalmış olursunuz, gözünüz saatdadır, dərsə vaxtında çatıb çatmayacağınızı hesablamağa çalışırsınız. Ya da, mühazirəyə başlamaq üzrəsiniz…

Biz məhz bu tələbələrə jurnalistikanı tədris etməliyik, hər mövzunu maraqlı etməli, auditoruyanın diqqətini cəlb etməli, cəmləşdirməyi bacarmalıyıq. Bu, bəzən müəllimdən, bəzən tələbədən asılıdır.

Dəqiq resepti yoxdur, amma mümkündür… Olmalıdır…

Yeri gəlmişkən, akademik möhlət alan tələbələrimdən biri düz 10 ildən sonra universitetə qayıdıb. Üç uşağı var. Böyük bir ailədə yaşamasına baxmayaraq dərslərə vaxtında və hazırlıqlı gəldi, heç dərs buraxmadı. Mühazirələri bloqa yerləşdirəcəyimi deyəndə, bloqun nə olduğu ilə maraqlandı. Özünə notbuk və internetə girmək üçün data kart aldı. Kompüteri özü ilə dərslərə gətirirdi, birlikdə e-mail ünvanı açdıq, istifadə etməyi öyrəndi. Çox keçmədən özünə bloq da açdı. Düzdür, hələlik bəzi çətinlikləri var, problemləri maillə yazışaraq həll edirik. Bu yazıda ondan da bəhsetməklə, əzmini alqışlamaq istəyirəm.

Əlbəttə ki, texnologiyadan, onun imkanlarından müəllimdən də yaxşı istifadə edən tələbələr də var…

Mühazirələrimə böyük dəqqətlə qulaq asanlar, seminar və semestr tapşırıqlarını  vaxtında yerinə yetirənlər, hətta dərsin təşkilinə dair təklif verənlər də var….

Hər birinizə təşəkkür edirəm… “Buyurun, danışan tələbənizin müəlliməsidir. Axı zəng edərək bizim dərsimizi pozursunuz” deyəndə, “Üzr istəyirəm, müəllimə” cavabını verən valideynə də…

02Bu ilki jurnalistika məzunlarımız arasında hərbi xidmətə gedəcək olanlar  da var. Bir ildən sonra planları dəyişə, başqa məcralara yönələ bilərlər. Qərarları nə olursa olsun, yolları açıq olsun, yaxşı sədalarını eşidək və onlarla fəxr edək. Unutmasınlar ki, hərbi xidmət sosial mühit və qanunların bir az fərqli olduğu bir sahədir. Özlərini fiziki və mənəvi olaraq qorusunlar.

Hər birini məzun olduqları üçün təbrik edir, hərbi xidmətdən isə sağ-salamat dönmələrini arzu edirəm. Allaha əmanət olun …

Görüşmək üzrə… 

Advertisements

Semestrin son sözü…” üçün 2 cavab

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma