Qapalı auditoriyada xəbər otağı yaratmaq


İçərişəhər xüsusi buraxılışı səhifə 1Bizim universitetlərdə jurnalistikanın tədrisi əsasən yaddaş prinsipinə əsaslanır. Əslində, tədris planı və ali məktəblərdəki idarəçilik anlayışı özü bunu diqtə edir. Yəni tələbələrin praktik vərdişlərə yiyələnməsinə öncəlik verilmir, onlar daha çox mühazirə dərslərində müəllimə qulaq asır, seminar dərslərində isə eşitdiklərini ona qaytarırlar. Nəticədə, nəzəri biliklərlə yüklənən tələbələr, istehsalatda özlərini doğrultmurlar.

Müəllimlərdən tələb olunan isə yeni tədris metodlarına yiyiələnmək, dərslərin interaktiv keçilməsi, tələbə mediasının və bir çox halda texniki bazanın olmadığı universitetlərin qapalı auditoriyalarında ixtisas fənlərini tədris etmək, jurnalist yetişdirməkdir.

Əgər bizə auditoriyanı tərk etməyə icazə vermirlərsə, onda, orada xəbər otağını biz özümüz yarada bilərik.  Necə? Məsələn, bu yazıda ötən semestrlərdə yaşadığım təcrübəni sizlərlə bölüşmək istəyirəm.  

“Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” fənnini tədris etdiyim qruplardan biri mühazirəyə qulaq asmağa o qədər də meylli olmayan, praktik işlər görməyə isə böyük həvəsləri olan bir qrup idi. Özləri ilə də məsləhətləşərək, bu qrupun proqramında kiçik dəyişiklik etmək istədim. Bu dəyişikliyə görə, mühazirələr öz yerində qalacaq, seminar dərslərində isə praktik işlər görəcəkdik.

Universitet rəhbərliyinin rəsmi yazısı ilə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə  müraciət etdim. Onlardan jurnalistika tələbələrinə qoruq ərazisində reportaj, müsahibə və xəbər hazırlamalarına icazə vermələrini, icazə verməklə qalmayıb mütəxəssislə təmin etmələrini xahiş etdim. Ən ideal yer ora görünürdü, həm birlikdə gəzəcək, mütəxəssislərlə görüşəcək, müsahibə götürəcək, çoxlu da foto çəkəcəkdik. Həm də onlara nəzarət etmək xeyli asan olacaqdı.

Tələbələrin sayı tam olaraq yadımda deyil, amma hər tələbənin bir mövzusu vardı və qoruq idarəsi tərəfindən bizim üçün hər mövzuya uyğun bir mütəxəssis müəyyənləşdirilmişdi. Qoruq idarəsi öz işini həqiqətən çox peşəkar qurmuşdu.

Görüş günü Qız qalasından başlayan ziyarətimiz Şirvanşahlar Saray Kompleksinin hamanının yanında yekunlaşanda xeyli vaxt keçmiş, biz də, qoruğun mütəxəssisləri də xeyli yorulmuşduq. Onlar hər abidə haqqında ətraflı məlumat verir, suallarımızı cavablandırır, bəzən də tələbələrin rəsmiyyətdən kənara çıxan davranışlarına böyük dözümlülük göstərirdilər. Bizə göstərdikləri diqqətə təşəkkür edib, Qala divarlarından İçərişəhər metrosuna açılan qapının yanında onlardan ayrılanda tələbələrimə son sözlərim belə olmuşdu: “Evə çatdığınıza dair mənə mesaj yazın, mütləq”.

Əlbəttə mən onların hər birinə tək-tək kömək edə bilmədim, bu qeyri-mümkün idi.  Biz abidələri gəzə-gəzə yolumuza davam edərkən, bəziləri idarənin binasına gedərək müsahibə götürür, bəziləri suvenir satılan mağazalara baş çəkır, bəziləri də  gözlərdən yayınıb bir-birlərinin fotolarını çəkirdilər. Sonradan anlatdıqlarına görə, müsahiblərdən biri diktofonu alıb, siyirməsinə qoymuş, tələbənin sadəcə yazılı qeyd  götürməsinə icazə vermişdi.

Beləcə, bizim əlimizdə bir semestrə yetəcək qədər material vardı. Semestr  boyunca biz bu materialların bəzilərindən reportaj, bəzilərindən xəbər hazırladıq, bəzilərini isə müsahibə olaraq saxladıq. Axırda isə bütün işlərimizi bir qəzetdə topladıq. İlk işimiz olduğu üçün dizayn baxımından bir az həvəskar bir qəzet oldu. Necə işlədiyimizi isə detalları ilə anlatmaq istəmirəm, qəzetimizi aşağıdakı fotolarda görə bilərsiniz.

Sonrakı illərdə də buna bənzər layihələrimiz oldu. Bu, bizim ilk təcrübəmiz idi, daha da təkmilləşdirilə bilər, videoya, bloqlara tətbiq oluna bilər (o zaman bloqlar bu qədər populyar deyildi), ümumilikdə isə problemi həll etmənin – istehsalatda özünü doğruldan jurnalist hazırlamanın yolu universitetlərdə tələbə mediasının formalaşdırılmasından keçir.

Advertisements

Qapalı auditoriyada xəbər otağı yaratmaq” üçün bir cavab

  1. Geri bildiriş: IREX Media Fellows Program

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma