İlk dərs… İlk təəsürat…


Birinci yazıda qeyd etdiyim kimi, bizim ali məktəblərdə auditoriyaya addım atmazdan əvvəl sillabus (müəllim və tələbə arasındakı müqavilə də demək mümkündür) hazırlamaq və onu müvafiq şöbəyə təsdiqlətdirmək lazımdır. Semestr sonunda oradan uğurla çıxmaq üçün də bəzi maneələr aşılmalı, təhlükələr dəf edilməlidir 🙂

Mən ilk təəsüratın əhəmiyyətli olduğuna inanıram. İlk qarşılaşmadakı müsbət təsir tələbələrlə semestr boyunca ünsiyyəti də asanlaşdıracaqdır. Sonrakı dərslərdə yaxşı cəhətlərinizi üzə çıxarmalarını gözləməniz vaxt itkisinə səbəb olacaqdır.

“İlk qarşılaşmada yaxşı təəssürat oyatmaq” barədə onlarca kitab oxuya bilərsiniz. Geyimdən tutun da nəzakətli görünməyə qədər müxtəlif reseptlər təklif edilir bu kitablarda. Bilik səviyyəniz, məlumatlı olmağınız qədər bunlar da əhəmiyyətlidir əlbəttə, amma məncə ən vacibi səmimi olmaq, olduğu kimi görünməkdir. Mən belə edirəm.

Mən ilk dərsimi və necə keçdiyini o qədər də yaxşı xatırlamıram, yadımda qalanlar çox həyəcanlı olmağım və auditoriyaya girər-girməz eşitdiyim “sinifə təzə qız gəlib” pıçıltılarıdır. Onlar tanışlıqdan sonra mövzunu çox ustalıqla dəyişdirmişdilər, mən onların müxtəlif suallarına cavab vermək məcburiyyətində qalmışdım. Semestr boyunca da mühazirəyə qulaq asmaqdan yayınma cəhdləri tez-tez olurdu. Çox az halda sillabus da imkan verirsə, mövzuları birləşdirmək, yaxud mühazirə seminar yer dəyişməsi etmək mümkündürsə, əsnək hərəkət edirəm. Axı, onları mühazirəyə qulaq asmağa məcbur etmək olmaz…  Sadəcə səs tonunu dəyişdirərək onların diqqətini mövzuya çəkmək mümkündür…  Burada çevik olmaq, necə deyərlər onlara hissetdirmədən, qaşla-göz arasında tez qərar vermək lazımdır.

İlk dərs, müəllimin də tələbələri tanıması üçün bir fürsətdir. İlk söhbət onların ümumi dünya görüşü, nəzəri və texniki bilikləri – internet və kompüter bilikləri haqqında məlumat əldə etməyə imkanı verir. Bütün bu informasiyanı süzgəcdən keçirmək və dəyərləndirməklə, proqramda müəyyən dəyişikliklər etmək mümkündür. Məsələn, mail adresi olmayan, amma Jurnalistika III kursda oxuyan tələbələr var. Təsəvvür edin ki, yarımçıq qalan seminar tapşırığını evdə tamamlayıb, mail atmalarını istəyirsiniz. Auditoriyadan yüksələn etiraz səslərini təssəvür edin. Ya da, yeni media fənlərini tədris edirsinizsə, bu tələbələrə bloq açdırmalısınız.

Mənim üçün hər zaman maraqlı olub ki, onlar fənn haqqında və xüsusən də müəllim haqqında nə fikiləşirlər. 2 il bundan əvvəl bir qrupda fənnə dair təəsüratlarını yazmalarını xahiş etmiş, istəyənlərin adlarını yazmaya biləcəklərini bildirmişdim. Onlar hamısı adlarını yazmış və məni acımasızca tənqid etmişdilər. Bəzilərini burada da paylaşmaq istəyirəm:

“Lalə xanımın adı gələndə ilk yadıma düşən kompüter almağımdır. Həmin gün evdə elə şivənlik saldım ki, ya mənə kompüter alın, ya da Lalə xanım məni dərsə buraxmaz. Bir həftə keçmədi alındı …”

“Lalə müəllimə çox maraqlı bir insandı. Özünəməxsus metodika ilə dərs keçir. Lakin bəzi hallarda onda kəskin emosiya və gərginlik də nəzərə çarpır …”

“Mənfi cəhətiniz sinifdə hər hansı mövzuda müzakirə gedən zaman danışmaq üçün əl qaldıranlara deyil, yerdən danışanlara diqqət yetirməyinizdir. Əl qaldırıram, yerdən icazəsiz danışanlardan sonra mənə söz verirsiniz. Mən bundan çox əzab çəkmişəm …”

“Mənə elə gəlir ki, bu müəllimədə vətənpərvərlik hissi zəifdir …”

“Savadını və dərs deməsini bəyənirəm, amma bəzən aqressiv olmasını anlamıram. Çünki, bizi dinləmədən yarqılayır …”

“Lalə xanımı 80,01 faiz yaxşı, 19,99 faiz mənfi qiymətləndirirrəm …”

“Acığını almaq üçün günahkarın ucbatından günahsızı cəzalandırır …”

“Müəllimə bizə ilk vaxtlar çox cavan, çox şən, bizi anlayan, tələbələrlə xoş davranan və tələbələrin dostu kimi görsəndi. Lakin müəyyən müddət keçdikdən sonra yanıldığımı anladım. Mənə qarşı cəzalar tətbiq etməsinə baxmayaraq onu yenə də çox istəyirəm …”

“Mühazirələri çox maraqlı, qeyri-adi və çox sadədir. Amma mühazirələri tam yaza bilmirəm, dərsdə çox səs-küy olur. Bizi 2 qrupa ayırsalar yaxşı olardı …”

“Yaxşı dərs oxumasam da, sizə hörmət edirəm. Siz isə hərdən hörmət edirsiz, hərdən haqsızlıq edirsiz …”

“Türkiyədə təhsil aldığı üçün hərdən müəllimənin danışdıqlarını başa düşməkdə çətinlik çəkirəm …”

“Bir insan kimi deyə bilmərəm, amma bir müəllim kimi normaldı …”

“Sizin çatışmayan cəhətiniz odur ki, auditoriyanı ələ almaqda çətinlik çəkirsiniz və çox səbirsizsiniz …”

“Biz 80 dəqiqə səssiz-səmirsiz otura bilmərik axı. Əsas olan odur ki, müəllimə savadlıdı, zaman keçdikcə, təcrübə qazandıqca, mənfi cəhətlətini düzəldəcək …”

“Sakitçiliyə riayət etməyən tələbələrin ucbatından səsinizin tonunu qaldırmayın …”

“Çox yaxşı və savadlı müəlliməsiniz. Sadəcə olaraq əsəbləşəndə tamam başqalaşırsınız …”

“Yeganə müəllimədir ki, seminar vaxtı seminar, mühazirə vaxtı mühazirə keçir …”

“Şəxsi notebookunu özünə yük edib, hər mühazirəyə gətirir …”

“Tələbə müəllim münasibətlərini həmişə qoruyub saxlaya bilmisiniz …”

“Sizin auditoriyanı idarə etməyinizdən narazıyam …”

“Valideynlərimiz əksəriyyətimizə tərbiyəni çubukla verib. Siz də bu metoddan istifadə etsəniz, uğurlu nəticə əldə edə bilərsiniz …”

“Müəllimənin mənlə nə isə problemi var. Başa düşə bilmirəm ki, niyə mənə bu haqsızlıqları edir …”

“Uşaqlar hamısı qulaq asmasa belə, yaxşı dərs keçir …”

“Savadlı olmaq yaxşıdır, amma uşaqlarla davranışınızda bəzi problemlər var. Bunun səbəbini isə sizin gənc olmağınızla əlaqələndirirəm …”

“Xəsislik edib qiymət kəsmir …”

“Müəllimənin peşəkarlığından danışmağa ehtiyac yoxdur. Ən azından Azərbaycanda nadir tapıntılardan biridir …”

Növbəti yazılardan birində mən də onların mənfi cəhətlərini yazmağa cəhd edəcəm. Bilirəm, verdiyim sözlərin sayı artır. “Mən tələbələrlə necə yola gedirəm” sualı da öz növbəsini, cavablandırılacağı günü gözləyir…

Ən yaxşısı deyəsən heç anons verməmək olacaq, çünki fikri cəmləşdirib kompüterin qarşısına oturanda, barmaqların hansı hərflərə toxunacağını əvvəlcədən təxmin etmək çox çətindir…

Bakı, 22 aprel 2013

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma