Auditoriyaya addım atmaq “Sillabus” hazırlamaqla başlayır


Ola bilər ki, Amerika təəsüratları qədər uğurlu olmasın, amma bu dəfə müəllimlik təcrübəmi yazmaq istəyirəm. Tənqid və məsləhətlərinizin dəyərli olduğunu, dəyərli olduqları qədər dəyərləndiriləcəklərini də elə yazının başındaca bildirmək istəyirəm.

Azərbaycan Universitetində “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” fənnini artıq dördüncü ildir ki, tədris edirəm. Tələbələrlə birlikdə özüm də demək olar ki, hər gün yeni nə isə öyrənirəm. Məsələn, ilk öyrəndiyim şey, sillabus olmadan və Tədris şöbəsinə təsdiq etdirilmədən dərsə buraxılmayacağım olmuşdu…

Sillabus, fənnin semestr üzrə proqramıdır və auditoriyaya addım atmaq üçün müəllimdən ilk növbədə sillabus hazırlamaq tələb olunur. Konkret fənn üzrə tədris prosesində həm müəllimlərin, həm də tələbələrin öhdəliklərini müəyyənləşdirən sillabusda, fənn və müəllim haqqında məlumatlar, fənnin təsviri və məqsədləri, gözlənilən nəticələr, tövsiyə edilən əsas və əlavə ədəbiyyat, tədris siyasəti və davranış, qiymətləndirmə, təqvim-tematik plan kimi məlumatlar öz əksini tapmalıdır.

Azərbaycanda jurnalistikanın tədrisi və jurnalistlərin peşə səviyyəsi barədə ali təhsil müəssisələri ilə media qurumları arasında bitmək bilməyən mübahisə və müzakirələr uzun illərdir davam edir. Məlumat üçün deyim ki, bizim ölkəmizdə sillabus Təhsil Nazirliyinin qəbul etdiyi dövlət standartı əsasında qurulur. Bu sənəd hər ixtisasın ümumi xarakteristikasını verməklə yanaşı, ixtisas üzrə bakalavr pilləsini başa vurmuş şəxslərin hazırlıq səviyyəsinə qoyulan tələblər, ixtisas üzrə təhsil proqramının strukturunu və təhsil proqramına daxil olunan fənlərin qısa məzmununu da müəyyənləşdirir. Standart jurnalistika təhsili verən bütün universitetlər üçün eyni tələbləri qoysa da müəyyən sərbəstliklər də verir. Məsələn, məcburi fənlərin adlarını və məzmununu müəyyənləşdirirkən, seçmə fənlərə müəyyən miqdarda saat ayrılır, hansı fənlərin oxudulacağı və məzmunu universitetlərin ixtiyarına buraxılır.

Mənim tədris etdiyim “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” standartda məcburi fənlər qismindədir. Qısa məzmunu isə belədir:

“Jurnalistika nəzəriyyəsi anlayışı. Jurnalistika cəmiyyətin sosial təsisatları sistemində. Jurnalistika ictimai fəaliyyətin xüsusi sahəsi kimi. KİV-in dövlət, müstəqil və özəl bölmələri. Jurnalistika kütləvi informasiya vasitələri sistemi kimi. Ənənəvi və yeni kütləvi informasiya vasitələri. Onların oxşar və fərqli cəhətləri. Janrların ümumi və fərqli cəhətləri. Onları  fərqləndirən 4 cəhət: tədqiq olunan predmetin, obyektin xüsusiyyəti; konkret məqsəd və vəzifə;  müraciət olunan həyat həqiqətinin əhatə dairəsi; ifadə vasitələri. Məqsəd və vəzifələrinə, həyatı əksetdirmə xüsusiyyətlərinə görə janrların bölgüsü:

1. İnformasiya janrları:  Xəbər,  hesabat, müsahibə, reportaj.

2. Analitik janrlar: korrespondensiya, məqalə, resenziya, icmal, məktub, mətbuat xülasəsi.

3. Bədii-publisistik janrlar: oçerk, zarisovka, xatirə, gündəlik,   felyeton,  pamflet,  parodiya,  lətifə,  karikatura.

Jurnalistika yaradıcılığında janrların nəzəri problemlərinin, o cümlədən janrlara məxsus ümumi və fərqləndirici xüsusiyyətlərin öyrənilməsi və mənimsənilməsinin əhəmiyyəti”. 

Müasir media bazarının tələblərini nəzərə almayan bu bölgü keçmiş Sovet standartlarına yaxın olsa da, həm sillabusu bu məzmun əsasında qurmaq , həm də dövrün tələblərinə cavab vermək lazım idi. Bu bölgünü “ənənəvi janrlar” adlandıraraq, onlar haqqında tələbələrə məlumat vermək, işlək janrlara, xüsusən də  xəbərə və feature (incələmə) xəbərlərinin hazırlanmasına isə daha çox  yer ayırmaqla problemi həll etmək olardı. Mən məhz bu yolu seçdim…

Qarşıda duran ikinci problem isə dərslik və vəsait çatışmazlığı idi. Universitet kitabxanasında olan, Azərbaycanda çap olunmuş və tələbələrə tövsiyə edilə biləcək jurnalistikaya dair kitabların əksəriyyəti sovet dövründə yazılmışdı, sillabusa daxil edilən mövzular bu kitablarda yox idi, tələblərə cavab verən kitablar isə tək-tük sayıla bilərdi.

Birinci il mən zamanımın böyük bir qismini tərcümə etməklə keçirdim. İkinci il işlər bir az daha asanlaşdı. Üçüncü il peşəkar dərslik və kitabların sayınnda artım müşahidə olunurdu. Bu il isə mən tələbələrərə həm də www.az.irexlearning.orgwww.irexlearning.org saytlarında yerləşdirilən materilaları da tövsiyə edirəm. Jurnalistika tələbələri sayta daxil olub, qeydiyatdan keçməklə modulları oxuya bilər, hətta imtahan verərək, sertifikat da ala bilərlər.

Sillabusu isə mən demək olar ki, hər il dəyişdirir, bəzi mövzuları çıxarır, yenilərini əlavə edir, mövzuların tədris sırasını dəyişdiririəm. 2012-2013 tədris ilinin bahar semestri üçün hazırladığım sillabusu fevral ayında dəyərli jurnalist və müəllimimiz Zeynal Məmmədli ilə də müzakirə etdik, onun tövsiyələri istiqamətində bəzi dəyişiklik və düzəltmələr də aparıldı. Düzdür, bizim universitetdə “Yeni mediaya giriş”, “Onlayn jurnalistika”, “Multimedia jurnalistika” kimi fənlər tədris olunur, amma növbəti tədris ilində mən yeni medianın bəzi elementlərini də sillabusa əlavə etməyi nəzərdə tuturam.

Əlbəttə ki, sillabus hazırlamaq yalnız başlanğıcdır. Hansı mövzuların hansı mənbələrdən tədris edildiyi qədər, necə tədris edildiyi, tələbələrlə ünsiyyətin səviyyəsi kimi meyarlar da nəticənin keyfiyyətinə təsir edir.

Növbəti yazılardan birində “Mən tələbələrlə necə yola gedirəm” sualını cavablandırmağa çalışacam. Bu ifadəni təsadüfən işlətmirəm. Çünki, rayona hər gedəndə, dostlarla ya da qohum-əqrabalarla qarşılaşanda hal-əhvaldan sonra mənə verilən ilk sual elə bu olur: “Tələbələrlə necə yola gedirsən?”

Bakı, 12 aprel 2013

Gözlənilən nəticələr

Advertisements

Auditoriyaya addım atmaq “Sillabus” hazırlamaqla başlayır” üçün bir cavab

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma