“Siçan” əvəzinə“Tuşqan”…


Bu yazı bir neçə həftə bundan əvvəl yazılsa da, bloqa yerləşdirilmək üçün yubanırdı. Axırıncı dəfə gözdən keçirib, kiçik düzəlişlər aparmaq lazım idi, amma mən tənbəllik edirdim. Mətbuatda Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzaladığına dair xəbəri oxuyunca, “tam məqamıdır” dedim…

 "Siçan" əvəzinə "tuşqan"Nə qədər çiynənmiş də olsa deyəcəm, dil yaşayan, canlı bir varlıqdır. Onu təcrid etmək, başqa dillərin təsirindən qorumaya çalışmaq günümüzdə qeyri-mümkündür. Texnologiyanın inkişafı və informasiya mühitinin açıq olması yeni anlayışların, yeni əşyaların ortaya çıxmasına səbəb olur. Bu yeni anlayışlar və yeni əşyalara təbii olaraq bir “ad” vermək lazımdır.

Biz bu gün bu yeni anlayış və əşyalara əcnəbi dillərdən istifadə edərək bir “ad” veririk. Dilimiz sadəcə əcnəbi dillərdən alınan sözlərin hesabına zənginləşir, öz balansından,  lüğət tərkibindən, söz ehtiyatından yetərincə faydalana bilmir.

Bəzi sözlər var ki, zaman keçdikçə unudulur, bunlara elmi ədəbiyyatda “köhnəlmiş sözlər” yaxud “arxaizmlər” deyilir. Dili zənginləşdirmənin yollarından biri də bu passiv sözləri aktivləşdirməkdən ibarət olmalıdır.

Azərbaycan dilinin balansında olan bəzi arxaik sözlər bunlardır:

“Ağırlamaq- əzizləmək, qiymətləndirmək; altun-qızıl;  baqqal- ərzaq malları satılan yer; düş-yuxu; əsən-salamat; güz-payız; ilətmək- göndərmək; suç-günah;  sunmaq- təqdim etmək; tanıq- şahid; təhnə- ağac çörək qabı; ulaşmaq- qovuşmaq; varmaq- getmək; yağmalanma- talama; yəxni- qovurma və s.”.

Bu sözlərin demək olar ki, hamısı bu gün Anadolu türkçəsində aktiv vəziyyətdədir. Bu sözləri gündəlik dilimizdə işlətməyə təşəbbüs etsək, bəzilərinin iddia etdiyi kimi Türkiyə türkçəsindən söz idxal etmiş ya da əxz etmiş deyil, əslində unutduğumuz sözləri bərpa etmiş olarıq.

Bu bağlamda, müasir canlı danışıq dilimizi ədəbi dilimizdən daha dinamikdir. Onu qabaqlayaraq, “xoşuna gəlməyən sözlər”i Türkiyə telekanallarının -serialların da təsiri ilə köhnə – yeni sözlərlə əvəzləyir, ədəbi dilin mühafizəkarlığına necə deyərlər, “meydan oxuyur”.

Belə məqamda vahid dil qurumunun əksikliyi hiss olunur. Artıq Azərbaycanda “Türk Dil Kurumu”na bənzər, dildə gedən prosesləri çevik şəkildə uyğun məcraya sala bilən, tövsiyələrinə ehtiyac duyduğumuz, nüfuzlu bir təşkilatın yaranmasına ciddi zərurət var.

Əslində belə bir qurum var, amma QHT səviyyəsindədir, hansı işləri görür, ümumiyyətlə fəaliyyət göstərirmi, bilinmir…

Yaradılacaq dil qurumu “Dilin təmizliyini qorumaq”, “Dili çirklənməkdən qorumaq” kimi lüzumsuz işlərlə məşğul olaraq vaxt itirməməli, dilimizin müasir dövrün tələblərinə uyğun şəkildə inkişafı üçün fəaliyyət göstərməlidir…

Haşiyə 2: İki gün bundan əvvəl Prezident İlham Əliyev “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncamdam irəli gələn məsələləri həll etmək isə Nazirlər Kabinetinə tapşırılıb.

Bu məsələlərin həlli prosesində kimlər iştirak edəcək? Klaviaturanı dəyişdirmək əvəzinə əlifbadakı bəzi hərflərin yeniləri ilə əvəz olunmasını istəyən mütəxəssislərlə bu layihənin uğurlu olacağı şübhə yaradır.

Könüllülərin də bu prosesdə iştirakına şərait yaradılmalıdır. Məsələn, Türkiyə məzunu dostlarımızdan Elşad Abdullayev dillə bağlı bir söhbətimizdə “mouse-siçan” adlandırdığımız kompüterə məlumat giriş vasitəsi üçün “tuşqan” sözünü işlətmişdi. Sizi bilmirəm, amma mən bu kəlməni çox bəyəndim.

Mən belə fikirləşirəm ki, “Tuşqan” ilə bağlı açıqlamanı Elşad Abdullayev özü verməlidir… Gözləyirik…

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma