Amerikadan “görünən” Azərbaycan…. Amerika haqqında hələlik son yazı…


ABŞ, Corciya ştatı, Atlanta, CNN Center, cnn.com-un redaksiyası (Bu fotoda şöbənin üçdə ikisi görünmür)

ABŞ, Corciya ştatı, Atlanta, CNN Center, cnn.com-un redaksiyası (Bu fotoda şöbənin üçdə ikisi görünmür)

Sovet dövrünü görmüş, Səməd Vurğunun “Zəncinin arzuları” poemasından “Mən zənciyəm həm də rəssam, otuz ildən bir az da çox övladıyam bu sənətin” misralarına aşina olan hər Azərbaycanlı üçün Amerikada yaşayan zəncilərin həyatı da çox maraqlıdır. Axı sovet təbliğat maşını 70 il boyunca onların “ikinci növ” vətəndaş sayıldığını, irqi ayrı-seçkiliyə məruz qaldıqlarını necə deyərlər “beyinlərə həkk etmişdi”.

ABŞ-da bu problem bu gün həll olunmuş kimi görünür. Amerika nəhayət həm qara dərili, həm də müsəlman olduğu iddia edilən birini özünə prezident seçib. Bəlkə də sterotiplərin təsirilədir,  amma mənim müşahidələrim deyir ki, “ağ”lar və “qara”lar arasında o “təbii” olan olan ayrı-seçkilik hələ də davam edir (etdirilir).

Baxmayaraq ki, bizim olduğumuz ştatlarda qara dərililər (mən həqiqətən bilmirəm, onlar özlərinə necə xitab edilməsini istəyirlər – qara dərililər, yoxsa zəncilər deyə) çoxluq təşkil edir, onların əksəriyyəti xidmət sektorunda istihdam edilirlər. İstisnalar olsa da, qara dərili qadınlar kişilər ilə müqayisədə daha səmimi və gülərüzlüdürlər. Məncə, kişilərin bu mövzuda qadınlardan öyrənəcəkləri çox şey var…

Bizim üçün maraqlı olan ikinci mövzu Azərbaycanın Amerikadan necə göründüyü sualının cavabı idi. Təəssüf hissi ilə deməliyəm ki, Azərbaycan Amerikadan, yaxud bizim ziyarət etdiyimiz Cənubi Karolina, Şimali Karolina, Corciya ştatlarından “görünmür”. Siz baxmayın, bu günlərdə Nyu-York və Vaşinqtonda şəhərin müxtəlif yerlərində Xocalı faciəsi ilə bağlı yazı və afişaların yerləşdirildiyinə, hətta Corciya ştatının Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul etdiyinə. Buralarda Azərbaycanı demək olar ki, tanımırlar. O qədər ki, bizi CNN-in studiya, redaksiyaları və ana idarəetmə otağını gəzdirib ətraflı məlumat verən, suallarımızı cavablandıran Nick Levan belə Azərbaycanın harada yerləşdiyini soruşur.

CNN demişkən, “Study tur” yeni media mühitinin öyrənilməsi ilə bağlı olduğu üçün biz rəsmi proqramın axırıncı günü CNN.com redaktorlarının planlaşdırma toplantısında iştirak edir, ardından isə jurnalist və redaktorlarla söhbət edirik. Amy Cox, Manuel Perez və Katie Hawking şöbənin fəaliyyəti ilə bağlı həm ətraflı məlumat verir, həm də suallarımızı cavablandırılar.

Qurucusu Ted Turner olan CNN beynəlxalq informasiyaya yön verən nəhəng media qurumudur. Jurnalistika tarixində dəfələrlə ilklərə imza atıb. “CNN The News Channel” loqotipi ilə 1980-ci ildə yayıma başlayıb. ABŞ-ın 24 saat canlı xəbər yayımına imza atan ilk televiziya kanalıdır.

Mərkəzi Atlantada olan CNN, 7 dildə 200-dən çox ölkədə izlənir, 30-dan çox ölkədə bürosu və xəbər ofisi fəaliyyət göstərir.  Körfəz müharibəsi (1991), 11 sentyabr hadisəsi, İraq müharibəsi, Əfqanıstan hadisələri, Ərəb baharı… bütün bu hadisələrdə CNN həmişə baş rolda olub.

CNN-in xəbər saytı cnn.com isə 1995-ci ildə test yayımı ilə fəaliyyətə başlayıb. Dünyanın ən populyar xəbər saytı olan cnn.com-un redaksiyasında 100-dən çox jurnalist işləyir.

Klassik jurnalistika ənənələrinin çox güclü olduğu CNN sosial media ilə də əməkdaşlıq edir. “Auditoriyanın fəallaşması” kimi də izah edilən bu xəbərləmə fəaliyyəti vətəndaş jurnalistikası (citizen journalism) olaraq da adlandırılır. 1990-cı illərdə Amerikada başyan (başladılan) prosesin hədəfi vətəndaşların ölkə gündəmi və siyasi məsələlərlə bağlı mövzularda fəallığının artırılması idi.

CNN bu səhədə də ilkə imza ataraq “I-report” xidmətini həyata keçirib. İnsanlar dünyanın hər nöqtəsindən yaşadıqları yerdə baş verən hadisələrə dair foto, video və yazıları “I-report” xidmətinə göndərir və anlıq informasiya axını təmin edilir. Hazırda 850 mindən çox aktiv istifadəçisi olan bu xidməti “xəbər hovuzu” kimi də fikirləşmək olar.

Buraya qədər gəlmişkən, CNN-in baş redaktoru və Yaxın Şərq üzrə eksperti Octavia Nasrın 20 illik işini itirməsinin səbəbini dəqiqləşdirmədən geri qayıtmaq olmazdı əlbəttə. Nasr, Hizbullah mənsubunun ölümü haqqında yazdığı tvitə görə işdən çıxarılmışdı.

Manuel Perez qeyd edir ki, CNN jurnalistlərinə tvitterdan istifadə etmələri ilə bağlı olaraq bəzi məhdudiyyətlər qoyulub və qaydalara ciddi şəkildə əməl edilir: “Jurnalistlərimiz tvitterda istər şəxsi mail adreslərindən istəfadə etsinlər, istərsə də quruma aid rəsmi mail adreslerindən, fərqi yoxdur, onlar tvitterda şəxs kimi yox, jurnalist kimi hərəkət etməlidirlər. Onların tvit yaxud retvitləri yanlış anlaşılmalara səbəb ola bilər”. “CNN jurnalistlərinin tvitterdakı yazışmalarının monitorinqi necə aparılır” sualına isə Perez, “Biz monitorinq etmirik, bizə onların nə paylaşdıqları, qaydaları pozub-pozmadıqları müxtəlif kanallar vasitəsilə çatdırılır” cavabını verir.

Jurnalist olmasanız belə, Atlantaya yolunuz düşsə, 10-15 dollar arası pul ödəyib CNN-nin mərkəz binasını gəzmək mümkündür, amma studiya və xəbər otaqlarını ancaq pəncərədən görmək mümkündür. VIP tur üçün isə 35 dollar ödəmək lazımdır.

Coca-cola muzeyi və Georgia Aquarium CNN Center-in yaxınlığında yerləşir. CNN-nin binasından çıxıb Olimpiya parkının içindən keçərək buraya piyada da gəlmək mümkündür. Bu park Yay Olimpiya Oyunlarının 1996-cı ildə Atlantada keçirilməsinin şərəfinə salınıb. Olimpiya oyunlarının burada keçirilməsinin şəhərin infrastrukturunun inkişafına xeyli müsbət təsiri olub. Atlanta oyunlarında 23 idmançı ilə təmsil olunan Azərbaycan komandası 197 ölkə arasında 61-ci yeri tutmuş, güləşçimiz Namiq Abdullayev Atlantadan Azərbaycana gümüş medal ilə qayıtmışdı.

Bu qısa, tarixi qeydlərdən sonra, Kolumbiyadan fərqli olaraq, Atlantada nəinki ictimai nəqliyyatı öz gözümüzlə gördüyümüzü, hətta metroya da mindiyimizi bildirmək istəyirəm. “CNN Center”in yaxınlığında yerləşən metro stansiyasının girişində bizə kömək edən qaradərili xanım, “Bir kart alaq, hamımız istifadə edək” təklifimizə “Not sharing” yazısını göstərərək cavab verir. Yəni, Bakıda olduğu kimi bir kartla birdən çox adamın turnikələrdən keçməsinə icazə verilmir, metrodan istifadə edən hər kəsin özünə aid metro kartı olmalı və yoxlamalarda təqdim etməlidir.

Atlanta Botanical Garden, High Museum of art, Jimmy Carter Library&Museum, Martin Luther King Jr. National Historic Site, The Fox Theatre, Zoo Atlanta, Atlanta History Center və s. bu şəhərdə görüləbiləcək-gəziləbiləcək digər yerlərdir.

Atlanta mənim üçün həm də onunla yaddaqalan oldu ki, 1992-1993-cü illərdə Ankarada eyni yataqxanada qaldığım tələbə yoldaşım Aytən Məmmədova Telci ilə illərdən sonra bu şəhərdə görüşdük. Aytən, ailəsi ilə 6 ildir Atlantada yaşayır. Həyat yoldaşı İlkər və oğlu Dənizlə birlikdə o gün Atlanta History Center və şəhər mərkəzində gözəl bir gün keçirdik.

Müxtəlif sərgilərdən ibarət olan Atlanta History Center (tarix muzeyi) 1926-cı ildə fəaliyyətə başlayıb. Kompleksə qalıcı və müvəqqəti sərgilərlə yanaşı Swan House, Smith Family Farm kimi tarixi evlər və baxçalar da daxildir. The American Civil War sərgisində şimal və cənub ştatları arasındakı vətəndaş müharibəsini (1861-1865) əks etdirən 1400-ə yaxın eksponat sərgilənir. The Metropolitan Frontiers sərgisində Atlantanın inkişaf mərhələləri ilə tanış olmaq mümkündür.

Biz mərkəzdəki tarixi evlərdən “The Swan House”da da olduq. Üç mərtəbəli Kuğulu ev, 1928-ci illdə 110 min kvadrat metrlik ərazi üzərində inşa edilib. Ev, Atlantanın zəngin ailələrindən olan Edward və Emily Inmana məxsus olub. Evdə, fuaye, səhər yeməyi otağı, kitabxana, telefonla danışmaq üçün otaq, üst-başı səliqəyə salmaq üçün otaq, qonaq otağı, yemək otağı, mətbəx, anbar, evin xanımı və bəyi üçün otaqlar, vanna otağı var. Edward, 1931-ci ildə vəfat edib, Emily isə 1965-ci ilə qədər bu evdə yaşayıb. Çox zərif və klassik tərzdə dizayn edilmiş ev, 1966-cı ildə Atlanta Historical Society cəmiyyəti tərəfindən satın alınıb və hazırda muzey kimi fəaliyyət göstərir. Ev sahiblərinin istifadə etdikləri bütün əşyalar olduğu kimi qorunub və burada sərgilənir. Tur rəhbərinin də dediyi kimi, “Burada kuğu görəcəyinizi düşünürsünüzsə, yanılırsınız. Kuğuları sadəcə evin xanımına məxsus otaqlarda divarda şəkil olaraq görmək mümkündür”.

Atlantanın 5,5 milyon əhalisi olsa da, küçədə elə də çox adam görə bilməzsiniz. Şəhər çox böyükdür və hər yer demək olar ki, bir-birindən çox uzaqdır. Burada “Peachtree-Şeftali” ilə başlayan küçə – prospekt adlarına tez-tez rastlamaq mümkündür. Səbəbi, Corciya ştatının simvolunun “şaftalı” olması dır. Atlantaya gələn yolda nəhəng şaftalı fiqurlarının sirrini də beləcə, öyrənmiş oluruq… Düzdür, biz burada heç şaftalı görmədik, bəlkə də səbəbi mövsümünün olmamamsıdır…

Fevralın 3-də Atlanta hava limanından Azərbaycana dönüş üçün yenə uzun bir hava səyahəti başlayır. “Washington Dulles”dan fərqli olaraq Atlantanın hava limanı daha təmiz, səliqəli və daha yığcamdır. Alman hava yolları Lufthansa ilə Frankfurta və ordan da Bakıya uçuruq.

Alman tələbkarlığı həm təyyarınin içində, həm də Frankfurt hava limanında hiss olunur. Gecikmə problemini kökündən həll edən almanlar, tranzit uçacaq sərnişinləri elə təyyarənin qapısından çıxar-çıxmaz götürüb aparırlar. Yadımıza, Vaşınqton hava limanında xeyli növbədə gözlədiyimiz üçün Kolumbiya təyyarəsinə gecikdiyimiz düşür və istər-istəməz gülümsəyirik…

Bu yazını bir az da sizlər üçün yazdım, səbriniz və oxuduğunuz üçün hamınıza təşəkkür edirəm, mənə qalsaydı aşağıda oxuyacaqlarınızla kifayətlənəcəkdim…

Haşiyə: “Study Tour”un ən böyük faydası o oldu ki, “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” məsəli bir daha doğrulanmış oldu.

Tur ilə bağlı dəyərləndirmələrim:

1. “Yeni media” termini yerinə “Yeni media mühiti” terminin işlədilməsi daha məqsədəuyğundur;

2.  Azərbaycanda jurnalistika tədrisində islahatlar sürətləndirilməlidir;

3. “Yeni media”, yeni və fərqli bir fənn kimi tədris edilməməli, jurnalistikanın tədris planına – kurrikuluma hopdurulmalıdır;

4. Jurnalistika tələbələrinə praktik vərdiş və bacarıqlar qazandırılarkən yeni media mühitinin tələbləri nəzərə alınmalıdır;

5. Tələbələr istehsalata hərtərəfli hazırlanmalı, onlara xəbər yazmaq, reportaj hazırlamaq kimi vərdişlərlə yanaşı, video – foto çəkmək, radio-tv montajı kimi bacarıqlar da öyrədilməli, mobillik tələb edilməlidir;

6. Auditoriya hazırda videoya daha çox əhəmiyyət verir, tədris prosesində bu tələbat nəzərə alınmalıdır;

7. Jurnalistika tələbələrinin praktika müddətinin artırılıb bir semestrə çıxarılması faydalı ola bilər;

8. Kağız qəzetlərin ömrü təxmin etdiyimizdən daha uzun olacaq;

9. Redaksiyalarda jurnalistlərin təkmilləşməsinə əhəmiyyət verilir;

10. Redaksiyalarda işləmək üçün Jurnalistika fakültələrindən məzun olmağa ehtiyac yoxdur, əsas olan istəkdir, onlar redaksiya daxili təlimlərdə iştirak edirlər, bu tür təlimlərdə jurnalist etikasının öyrədilməsinə xüsusi diqqət yetirilir;

11. Çap mediası, radio və televiziya stansiyaları interneti rəqib olaraq görmür, bu səbəbdən onunla mübarizə aparmır, əksinə onu öyrənir, əhlilləşdirir və gücündən maksimum istifadə etməyə çalışırlar;

12. Kağız media onlayn media ayırımı yoxdur, qəzetin müxtəlif versiyaları vardır;

13. Auditoriya əhəmiyyətlidir, redaksiyalarda auditoriyanı araşdıran xüsusi şöbələr var;

14. Media qurumları auditoriyanı saxlamaq, itirilən auditoriyanı qaytarmaq, yeni auditoriya qazanmaq üçün  onlayn versiya, mobil telefonlar üçün xüsusi versiya, planşet kompüterlər üçün xüsusi versiya, pdf versiya kimi vasitələrdən istifadə edirlər;

15. Onlayn trafik müntəzəm nəzarətdə saxlanılır;

16. Kiçiyindən böyüyə, ziyarət etdiyimiz bütün media qurumları sosial mediaya əhəmiyyət verir, onun gücünü öz lehinə çevirməyə çalışır;

17. Sosial mediadan xəbər toplamaq və yaymaq aləti kimi istifadə edilir;

18. Sosial media jurnalistika praktikalarının daha da sürətləndirsə də, xəbərin doğrulanması, jurnalistika standartları və etikasına əməl dəyişməz olaraq qalır;

19. Yeni media mühiti, xüsusiyyətləri öyrənilməli, tədris və praktikaya tətbiq edilməlidir.

Fotolar: Cabir Məmmədli, Ülviyyə Əsədzadə

USA, Study tour

ABŞ, Corciya, Atlanta, CNN Center

ABŞ, Corciya ştatı, Atlanta, CNN Center, cnn.com-un redaksiyası (Bu fotoda şöbənin üçdə ikisi görünmür)

ABŞ, Corciya ştatı, Atlanta, CNN Center, cnn.com-un redaksiyası (Bu fotoda şöbənin üçdə ikisi görünmür, bizdə nədənsə buranın bir zamanlar zirzəmi olduğuna dair fikir hasil oldu…)

ABŞ, Corciya, Atlanta History Center, "Swan House"a gedən yol

ABŞ, Corciya, Atlanta History Center, “Swan House”a gedən yol

ABŞ, Corciya, Atlanta History Center, "Swan House"

ABŞ, Corciya, Atlanta History Center, “Swan House”

IMG_2634

ABŞ, Corciya, Atlanta CNN Center

IMG_9121

ABŞ, Corciya, Atlanta, CNN Center

IMG_9101

ABŞ, Corciya, Atlanta, CNN onlayn

IMG_2750

ABŞ, Corciya, Atlanta, CNN onlayn

IMG_2733

ABŞ, Corciya, Atlanta, CNN onlayn, Planlaşdırma toplantısı

IMG_2701

ABŞ, Corciya, Atlanta, CNN Center, Azərbaycan bayrağı

IMG_2618

ABŞ, Corciya, Atlanta, CNN Center

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma