Çəpərsiz evlər, buzlu çay, siqnalsız maşınlar… Amerika haqqında üçüncü yazı…


USA, study tour

ABŞ, Cənubi Karolina, Kolumbiya, çəpərsiz evlər

ETV-nin binasındakı iki günlük təlimlərdən sonra (30 yanvar Çərşənbə günü) Corciyanın paytaxtı Atlantada yerləşən “CNN Center”da başa çatacaq “Study Tour” başlayır. Birinci gün 2 redaksiyanı – Şimali Karolinanın Şelbi qəsəbəsində yerləşən “The Star” qəzetini, günortadan sonra isə bu ştatın ən böyük şəhəri olan Charlotteda yerləşən “The Charlotte Observer” qəzetinin redaksiyasını ziyarət edəcəyik. Proqrama görə, 31 yanvarda “The Greenville News”, 1 fevral günü isə “The Atlanta Journal Constitution” qəzetlərinin redaksiyalarında görüşlər nəzərdə tutulur.

Səhər yeməyindən sonra Kolumbiyadakı oteli tərk edir və səyahətimiz boyunca bizi müşayiət edəcək olan Randy Covingtonun da bizə qoşulması üçün avtobusla onun yaşadığı səmtə yollanırıq.

Beləcə, fərqli və maraqlı görünən rəngarənkliklər səbətinə yeni təəssüratlar əlavə edilir. İki gün əvvəl qaranlıqda gəldiyimiz üçün diqqətimizi o qədər də cəlb etməyib, bu səmtdə villa tipli, iki mərtəbəli, bəzən də yerdən, kürsüsüz inşa edilən evləri bir-birindən çəpər yaxud hasar ayırmır. Nəinki burada, Kolumbiyadan Atlantaya uzanan yol boyunca demək olar ki, heç yerdə hasara rastlamırıq, çox seyrək olaraq isə alçaq, taxta çəpərlər görürük. Evlərin həyət-bacası harda başlayır, harda qurtarır, amerikalılar görəsən bunu necə ayırd edirlər?

Psixoloq və həkimlər deyir ki, gülüşün, daha doğrusu təbəssümün insan orqanizminə xeyli faydası var, xoş əhval – ruhiyyə yaradır, immun sistemini gücləndirir, stresi azaldır və s. Mən bilmirəm, təbəssüm etmək bu ölkədə bir həyat tərzidir ya yox, elə ilk gündən Amerikalıların küçədə, mağazada, liftdə, oteldə tanımadıqları insanları salamladıqlarının, onlara təbəssüm etdiklərinin şahidi olduq. Ən çox eşidilən kəlimələr isə “Excuse me, sorry, thank you” idi… Bir müddət sonra buna öyrəşmək bir tərəfə, onlar kimi rəftar etməyə başlayırsan…

Fəsil qış olduğu üçün, biz isti çay və qəhvə içməyə üstünlük veririk, amerikalılar isə daha çox buzlu çay (ice tea) içirlər. Burada demək olar ki, bütün içkilərin içinə buz atılır, hətta deyə bilərəm ki, stəkanın üçdə ikisini buzla doldurur və qalan hissəyə də içkini əlavə edirlər. Buzsuz içmək istəyirsinizsə, əvvəlcədən xəbərdarlıq etməlisiniz. Ərzaq mağazalarında xüsusi torbalarda buz satılır, yəgin ki, evlərdəki soyuducularda buz ən əlçatan yerə qoyulur. Qış olmasına baxmayaraq Amerikalıların yüngül geyimə (palto, kurtka kimi üst geyimlərdən istifadə edilməməsi nəzərdə tutulur-L.D.) üstünlük verdiklərini də gördük. Buzdan çox istifadə etmənin geyim mədəniyyətinin formalaşmasına təsiri varmı, bilmirəm…

Amerikalılar WC yerinə “restroom” – istirahət otağı kəliməsindən istifadə edirlər. Mən,  çox yerində bir kəlimə olduğu fikrindəyəm. Hətta bizim kimi “utancaq” cəmiyyətlərdə də istifadə olunmasını “şiddətlə” dəstəkləyirəm…

Şelbiyə gedən yolda mikroavtobusumuz şam ağaclarının bol olduğu meşələrin içindən, dupduru göllərin kənarından, nəhəng çayların üzərindən keçir. Amerika sanki, böyük bir meşənin içinə salınmış, amma təbiətə heç əl sürülməmiş bir ölkə təəssüratı oyadır. Yolda maksimum sürət 60 mildir, sürücü bu qaydadan kənara çıxmır. Nəinki bu qaydadan kənara çıxmır, hətta maşının siqnalından belə istifadə etmir. Amerikada olduğumuz bu bir həftə ərzində demək olar ki, küçədə bir dəfə də olsun maşın siqnalı eşitmədik. Bu qədər çox şəxsi avtomobilin olduğu bir ölkədə bunu necə bacarmaq olar görəsən?

Bir az da redaksiya ziyarətlərimiz barədə…

The Star (www.shelbystar.com) 30 min əhalisi olan kiçik Şelbi qəsəbəsinin qəzetidir. Şelbi Şimali Karolinada yerləşir. Qəzetin onlayn editoru Graham Cawthon ilə söhbət zamanı məlum olur ki, bu qəzeti digər Amerika qəzetlərindən fərqləndirən əsas cəhət sosial mediadan effektiv istifadə etməsidir. Qəzetin bu sahədəki təcrübəsini öyrənmək istəyənlərin sayı da xeyli çixdur. Şəhər əhalisinin qəzetə böyük dəstəyi var. Məqsəd, az jurnalistlə çox iş görməkdir. Redaksiyada 17 jurnalist işləyir. Qəzetdə yer alan materialların 25-30 faizi twitter və facebook vasitəsilə toplanır. Qəzetin birinci səhifəsində iki reportyorun –  Pickens və Banksın fotoları ilə yanaşı twitter adreslər də yerləşdirilib. “Qaynar xəttə çevrilməkdən qorxmursunuzmu” sualına isə Cawton “Balansı qorumaya çalışdıqları” cavabını verir. Redaksiyadan ayrılırkən ertəsi günkü nömrədə redaksiya ziyarətimiz haqqında xəbər dərc ediləcəyini də öyrənirik…

Journalists from Azerbaijan visit The Star

The Charlotte Observer (www.charlotteobserver.com) bölgənin ən güclü qəzetidir. 2 Pulitzer mükafatı olan qəzetdə 150-yə yaxın jurnalist işləyir. Qəzetin naşiri Ann Caulkins ilə görüşdə qəzetin fəaliyyəti, sosial mediadan necə istifadə etdikləri haqqında məlumat alırıq. The Charlotte Observer jurnalistika standartlarının və etik qaydaların əhəmiyyətli olduğu media qurumlarından biridir. Etik qaydaları pozan jurnalistləri işdən çıxarılma təhlükəsi gözləyir. Söhbətin bu nöqtəyə gəlməsi bizim üçün göydəndüşmə bir fürsət olur və “Jurnalistlərin kütləvi aksiyalarda iştirakı” haqqında qəzetin tətbiq etdiyi siyasəti öyrənmək istəyirik. Xanım Caulkins bildirir ki, jurnalistlər işləmədikləri günlərdə kütləvi etiraz aksiyalarında vətəndaş kimi iştirak edə bilərlər, bunun üçün rəhbərlik tərəfindən heç bir məhdudiyyət qoyulmur. Amma redaksiyanın onlara verdiyi vəsiqə və xüsusi geyimdən istifadə etməməlidirlər. Həmçinin jurnalistlərə aksiyalarda vətəndaş kimi iştirak etmiş olsalar da, cəmiyyətdə müəyyən qədər tanındıqları üçün foto və videolara düşməməyə diqqət etmələri tövsiyə olunur.

The Greenville News (www.greenvilleonline.com) county (rayon) qəzetidir. ABŞ-da ştatlar county adlanan inzibati vahidlərdən ibarətdir. İki county – Pickens və Greenvillede yayqın olan qəzet Gannett media holdinqinin tərkibindədir. Gannett media şəbəkəsinə 80-ə yaxın qəzet daxildir. Qəzetin prezident və naşiri Steven Brandtın da iştirak etdiyi görüşdə öyrənirik ki, The Greenville news həftə içi 60 min, həftə sonu isə 80 min tirajla çıxır. Başlıca missiya, ənənəvi medianın mirasının onlayn mediaya ötürülməsidir. Jurnalistlərin iş keyfiyyətinin yaxşılaşdırılması üçün müntəzəm iş aparılır.

Qəzetin veb saytı pulludur. İnternetin yaygınlaması ilə itirilən auditoriyanın səbəb olduğu maddi itkiləri qarşılayabilmək üçün bu metoddan istifadə edilir. Pullu sistemə keçəndən sonra auditoriyanın keyfiyyətində dəyişmə müşahidə olunub, xəbərləri daha çox savadlı insanlar oxuyur. Əvvəllər isə oxuyucuların əksəriyyəti foto-qalereyalara baxmaq üçün saytı ziyarət edirmiş. 2012-ci ildən etibarən “metrik ödəmə sistemi” tətbiq edilir. Bu sistemə görə, ayda 10-a qədər xəbəri pulsuz oxumaq mümkündür. Oxucular qəzetin pdf versiyasını oxumaqda daha maraqlıdırlar. Ayda 24 dollara həm sayta girmək, həm də qəzetin kağız versiyasını əldə etmək mümkündür. Steven Brandt söhbət zamanı “Holdinqə bağlı olmaq fəaliyyətinizdə hansı maneələr yaradır” sualına cavab verərkən bildirir ki, kampaniyaya bağlı olmasaydılar, onlayn transformasiyanı asanlıqla həyata keçirə bilməzdilər. Brandt həm də əlavə edir: “Bizə o qədər iş verirlər ki, öz ideyalarımızı həyata keçirməyə vaxt tapmırıq”.

The Atlanta Journal Constitution (www.ajc.com)  Cənub-şərqi Amerikanın ən böyük qəzetidir. Qaraların hüquqlarının müdafiə edən qəzet, televiziyası da olan “Cox Media Group”un tərkibindədir. Əslində ABŞ-da qüvvədə olan qanunlara görə, bir şirkət həm qəzet, həm də televiziyaya sahib ola bilməz. Randy Covington bu ziddiyəti belə izah edir ki, qanun geriyə işləmir, mövcud qanun qüvvəyə minməzdən əvvəl televiziya stansiyası olanlara  şamil edilməyib. Bu qaydaların dəyişməsi uğrunda son illərdə ciddi kampaniyalar həyata keçirilir.

The Atlanta Journal Constitution ilə tanışlıq bütün redaktorların iştirak etdiyi planlaşdırma toplantısını müşahidə ilə başlayır. 10 dəqiqə üçün nəzərdə tutulan toplantı, 1 saata yaxın çəkir. Planlaşdırma toplantısının ardından biz qəzetin “Admin manager”i Kevin Riley və köşə yazılarından məsul Andre Jackson ilə görüşürük. Söhbət də elə köşə yazarları və köşə yazılarına istiqamətlənir. Qəzetdə baş yazı (redaksiyanın mövqeyini əks etdirən köşə yazıları) və köşə yazarlığı ənənələri qorunur. Ölkədə və dünyada baş verən əhəmiyyətli ictimai-siyasi hadisələrə redaksiyanın mövqeyini əks etdirən yazılar Jackson (başqaları da yaza bilər) tərəfindən qələmə alınır və qəzetin bazar nömrələrində dərc olunur. Digər günlər isə “columnist” köşə yazarlarına məxsusdur. Qəzetin Andre Jackson ilə yanaşı bazar xaricində hər gün yazan tam ştatlı 8 köşə yazarı daha var və onlar müəyyən sahələr üzrə ixtisaslaşıblar. Həm demokratların, həm də respublikaçıların mövqeyindən çıxış edən köşə yazarları var. Andre Jacksonun dediyinə görə, onlar bu şəkildə balans qurmağa çalışırlar.

Kevin Riley isə bildirir ki, rəqabətdə geri qalmamaq üçün sosial medianı izləyir və öz xəbərlərini bu məcra vasitəsilə yayırlar. Auditoriyanı araşdıran və öyrənən xüsusi şöbə fəaliyyət göstərsə də, sosial mediadan xəbər mənbəyi kimi istifadədə o qədər də maraqlı deyillər. O, həmçinin əlavə edir: “Auditoriya artıq xəbərə töhfə vermək istəyir. Tendensiya o istiqamətdədir ki, 5-6 il sonra daha da fəallaşacaq”. Kim bilir bəlkə də, 5-6 il sonra The Atlanta Journal Constitution bu strategiyasını yenidən gözdən keçirməli olacaq.

Daha sonra redaksiyanı gəzəndə, Andre Jackson bizi köşə yazarlarından Kyle Wingfield ilə tanış edir. “Köşə yazarları redaksiyada oturmaq məcburiyyətindədirmi” sualımıza isə columnist özü cavab verir: “Evdə balaca uşaqları olduğu üçün o hələlik redaksiyada oturmaq və yazmaq məcburiyyətindədir”.

Yadda qalan görüşlərdən biri də “CNN Center”da baş tutur. Bu barədə sonrakı yazıda oxuya biləcəksiniz…

Fotolar: Cabir Məmmədli, Ülviyyə Əsədzadə

USA, study tour

ABŞ, Cənubi Karolina, Kolumbiya, çəpərsiz evlər

USA, study tour

ABŞ, Şimali Karolina, Şelbi, The Star qəzetinin redaksiyası

USA, study tour

ABŞ, Şimali Karolina, The Charlotte Observer qəzetinin redaksiyası

USA, study tour

ABŞ, Şimali Karolina, The Charlotte Observer qəzetinin redaksiyası

USA, study tour

ABŞ, Şimali Karolina, The Greenville News qəzetinin rəhbərləri ilə görüş

USA, study tour

ABŞ, Şimali Karolina, The Greenville News qəzetinin redaksiyası

USA, study tour

ABŞ, Şimali Karolina, The Greenville News qəzetinin redaksiyası

USA, study tour

ABŞ, Şimali Karolina, The Greenville News qəzetinin redaksiyası

USA, study tour

ABŞ, Atlanta, The Atlanta Journal Constitution qəzetinin redaksiyası, Planlaşdırma toplantısı

USA, study tour

ABŞ, Atlanta, “The Atlanta Journal Constitution” qəzetinin redaksiyası, Planlaşdırma toplantısı

USA, study tour

ABŞ, Atlanta, The Atlanta Journal Constitution, köşə yazarlarından Kyle Wingfield (solda) evdə balaca uşaqları olduğu üçün hələlik redaksiyada oturmaq və yazmaq məcburiyyətindədir

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma