Ən uzun şənbə… yaxud Amerika haqqında birinci yazı


ABŞ, Cənubi Karolina ştatı, Kolumbiya şəhəriVaşinqton heykəli

ABŞ, Cənubi Karolina ştatı, Kolumbiya şəhəri
Vaşinqton heykəli

Başlığa aldanmayın, əslində bu yazı Amerika Birləşmş Ştatları haqqında deyil. Bu ölkəni tanımaq və haqqında yazmaq üçün uzun illər orada yaşamaq və müşahidə aparmaq lazımdır. Amma bəzi dostlardan “Amerika haqqındakı təəssüratların maraqlı olardı” məktubları alınca tutduğum qeydləri sizlərlə paylaşmaq istədim.

Əlbəttə ki, Amerika haqqında yazmaq üçün bir həftəlik orada səfərdə olmaq kifayət etmir. Bu yazı sadəcə havadan və avtobusun pəncərələrindən gördüyüm Amerika, Karolinalar (Cənubi və Şimali Karolina) və Corciyanın paytaxtı Atlanta haqqındadır.

26 yanvar günü ABŞ-ın Cənubi Karolina ştatına yola düşən qrupda jurnalistika sahəsində işləyən müəllimlər, yeni media mütəxəssisləri və jurnalistlər vardı. “IREX-Azərbaycan”ın (Beynəlxalq Tədqiqatlar və Mübadilələr) təşkilatçılığı ilə “Azərbaycanda yeni media” layihəsi çərçivəsində baş tutan səfərin məqsədi Cənubi Karolina Universitetində jurnalistika və yeni medianın tədrisi, The Star, The Charlotte Observer, The Greenville News, The Atlanta Journal-Constitution və CNN-in fəaliyyəti, xüsusən də sosial media ilə iş prinsipləri, perspektivləri, onlayn medianın vəziyyəti ilə tanış olmaq idi.

Biz Cənubi Karolina ştatının paytaxtı Kolumbiya şəhərinə Bakı-Roma-Vaşinqton-Kolumbiya reysi ilə uçduq, Bakıya isə Atlanta-Frankfurt-Bakı reysi ilə qayıtdıq. Bu da mənə dörd ölkənin hava limanındakı, üç ölkənin isə hava yollarına məxsus təyyarələrdə vəziyyət və xidməti müşahidə və müqayisə etmək imkanı qazandırdı.

Beləliklə, 26 yanvar 2013 günü səhər tezdən Heydər Əliyev adına Bakı Beynəlxalq Hava limanındakı yoxlamaları keçib təyyarəyə minirik, AZAL-a məxsus təyyarə 07.55-də, vaxtında uçur və Romaya vaxtında çatır. Xidmət pis sayılmaz, amma rus dilində danışan stüardessalara hələ də rastlamaq mümkündür. Hava limanında yoxlama monitorundan keçərkən ayaqqabılarımızı çıxarmırıq və “rentgen”imiz çəkilmir…

Roma havadan gözəl görünür, göbələk şəklində budanmış şam ağaclarının çoxluğu diqqəti çəkir, yuxarıdan göz oxşayan bu ağaclar şəhərə xüsusi gözəllik verir. Romanın Leonardo Da vinçi hava limanında işləyənlər arasında  qadınlar üstünlük təşkil edir. Müxtəlif yoxlama və qapılardan keçirik, ayaqqabılarımızı çıxarırıq. Qaydalar daha sərt görünsə də,  ciddi problemlə üzləşmirik.

Və nəhayət Amerikanın “United” aviaşirkətinə məxsus təyyarə ilə Vaşinqtona 10 saatdan biraz da çox çəkəcək uçuşumuz 20 dəqiqəlik gecikmə ilə başlayır. Taxma kirpikli, gənc, makiyajlı stüerdessaların yerini orta yaşlı, makiyajsız xanımlar alır. Təyyarədə ilk xidmət qəzet təklifi ilə başlayır, uçuş müddətində yemək və müxtəlif içkilər, çay, qəhvə təklif olunur. Təyyarənin içində xoşagəlməz qoxu var və bu qoxu narahatlıq yaradır. Sərnişinlər arasında kitab oxuyanlar çoxluq təşkil edir.

Dünyanın nəhəng hava limanlarından Vaşınqton Dallasa enəndə saat Bakı vaxtı ilə gecə 00.00-ı bir az keçir. Saatlarımızı 9 saat geri çəkirik və şənbə bizim üçün 9 saat daha uzanır, 24 deyil, 33 saat çəkir…

Hava limanında xeyli növbə var, hər rəngdən, hər millətdən insanlar kimi biz də səbrlə gözləyirik. Qeydiyyatlarımız bir saatdan çox çəkir, “ayaqqabılarımıza qədər” yoxlayır, “rentgen”imizi çəkirlər. Bu səbəbdən Kolumbiya təyyarəsinə yubanırıq, qapılar bağlandığı üçün təyyarəyə minə bilmirik. Gecəni Vaşinqtonda keçirmək məcburiyyətindəyik. Bagajımız bizdən bir gün əvvəl yollanır Kolumbiyaya…

Vaşinqton soyuq və qarlıdır. Hava limanı ərazisində yerləşən otellərdən birində gecələdiyimiz üçün şəhər haqqında təəssüf ki, sizə ancaq bu qədər məlumat verə bilirəm…

Ertəsi gün eyni ciddi yoxlamalardan keçərək vaxtından xeyli əvvəl təyyarəyə minəcəyimiz qapının yaxınlığında gözləməyə başlayırıq. Yenə “United” aviaşirkətinə aid təyyarə ilə 1 saat 25 dəqiqəlik uçuşdan sonra Cənubi Karolina ştatının paytaxtı Kolimbiyadayıq. Kiçik təyyarəni tək stüardessa idarə edir, gülərüzlü və enerji dolu qara dərili xanım sanki öz evindəymiş kimi sərnişinlərlə çox səmimi rəftar edir…

Otelə yerləşdikdən sonra xəritəni götürüb şəhəri kəşfə çıxırıq. Bəlkə də bazar olduğu üçündür, şəhərdə tək-tük insan gözə dəyir. Gördüklərimiz də əllərində su, idmanla məşğuldurlar. Hava günəşli olsa da, soyuqdur. Şəhər səliqəli, təmiz, yollar genişdir. İdari binaların, sərbəstçə müxtəlif parkların olduğu küçələri gəzirik. Kolumbiyadakı ağaclar da binalar qədər hündürdür, parklarda dələlər sərbəst şəkildə dolaşırlar. Şəhərin müəyyən yerlərində pulsuz qəzet əldə edə biləcəyiniz “qəzetmatik”lər də yerləşdirilib.

Kolumbiyada “Public parking” yazılan ictimai park yerlərinin çoxluğu ilk baxışda diqqəti cəlb edir. İctimai nəqliyyat-avtobuslar isə gözə dəymir. Ertəsi gün öyrənəcəyik ki, ABŞ-da xüsusən kiçik şəhərlərdə ictimai nəqliyyatdan istifadə edənlərin sayı xeyli azdır, amerikalılar şəxsi avtomobillərindən istifadəyə üstünlük verirlər. Burada Bakıda olduğu kimi, küçədə taksı görüb, əl edib saxlamaq praktikası da yoxdur. Taksi əvvəlcədən zəng edilərək sifarş edilməlidir. Bu da o deməkdir ki, bu ölkənin kiçik şəhərlərində avtomobilsiz yaşamaq çox çətindir. Müşahidələrimə görə, Amerikada yol hərəkət qaydalarına da ciddi şəkildə əməl edilir.

Təcrübəmə dayanaraq demək istəyirəm ki, bu ölkəyə gedərkən özünüzlə hər hansı elektrik avadanlığı aparmağa ehtiyac yoxdur, çünki bu avadanlıqlar orda işləməyəcək.  Bizim üçün ən böyük problemlərdən biri mobil telefonların batareyalarının doldurulması idi, bunun üçün xüsusi ara qurğuya ehtiyac var.

Burada tətbiq edilən çəki və ölçü vahidləri də fərqlidir. Yəqin ki, amerikalılarda “17.00” yaxud “21.30” kimi saat anlayışları yoxdur, çünki onlar günü iki hissəyə bölürlər, günorta saat 12-yə qədər olan vaxtı a.m., 12-dən sonrakı vaxtı isə p.m. ilə ifadə edirlər. Havanın tempraturu “selsi” ilə deyil, “farengeyt” ilə ölçülür. Uzunluq vahidi mil, hündürlük vahidi fut, çəki vahidi isə funtdur. Avtomobilinə yanacaq doldurmaq istəyənlərin “galon” haqqında məlumatı olmalıdır. Bir galon təxminən 4 litrə bərabərdir.

(Ardı olacaq)

Fotolar: Cabir Məmmədli, Lalə Dilanova

ABŞ, Cənubi Karolina, Kolumbiya şəhəriYahdilərin xatirəsinə ucaldılan abidə

ABŞ, Cənubi Karolina, Kolumbiya şəhəri
Yahdilərin xatirəsinə ucaldılan abidə

ABŞ, Cənubi Karolina ştatı, Kolumbiya şəhər"Qəzetmatik"

ABŞ, Cənubi Karolina ştatı, Kolumbiya şəhər
“Qəzetmatik”

ABŞ, Cənubi Karolina Ştatı, Kolumbiya şəhəri"Public parking"

ABŞ, Cənubi Karolina Ştatı, Kolumbiya şəhəri
“Public parking”

ABŞ, Cənubi Karolina ştatı, Kolumbiya şəhəriŞəhər mərkəzi, rəsmi binalar

ABŞ, Cənubi Karolina ştatı, Kolumbiya şəhəri
Şəhər mərkəzi, rəsmi binalar

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma