Azərbaycan prezidenti twitterda 38-ci yerdədir


azprezidenthttp://www.azadliq.org/content/article/24814729.html

Azərbaycan prezidenti İlham Əliyev Twitter sosial şəbəkəsində fəallığına görə 164 ölkə liderləri arasında 38-ci yerdədir.

“Digital Policy Council” adlı təşkilat dünya ölkələri liderlərinin öz ölkələrinin vətəndaşları ilə necə təmasda olmalarını araşdırmaq üçün hər il 164 ölkədə yerli liderlərin Twitterdəki fəallığını təhlil edir.

Hər bir sıravi istifadəçi kimi  ölkə başçısı da  öz Twitter səhifəsində tweet deyilən qısa xəbər, məlumat, şərh yaza bilər.

Ancaq yazırmı?

Buna maraq isə  böyükdür.

Məsələn, keçən ilki prezident seçkilərində seçkinin gedişi vaxtı Barack Obamanın Twitter səhifəsinə bir qısa  tweet qoyuldu:  “Daha 4 il”. Bunun yanında isə prezidentin birinci ledi ilə şəkli qoyulmuşdu.

Bu xəbəri hamı bir-birinə ötürməyə başladı  və bu qısa məlumat  tarixdə yenidən ən çox  retweet olunan tweet yazısı oldu.

123 LİDER

“Digital Policy Council” təşkilatının araşdırmasına görə, 164 ölkənin 123-də  prezidentlərin və baş nazirlərin Twitterdə hesabı var.

2011-ci ildə 164 ölkədən yalnız 69-da liderləri Twitter hesabı vardı.

2010-cu ildə cəmi 33 ölkənin liderləri öz məlumatlarını Twitterdə bölüşürdü.

CHAVEZ, ABDULLA GÜL

Dünyada Twitterdə ən çox izləyicisi olan ölkə başçısı ABŞ prezidenti Barak Obamadır. Onun 24 milyon izləyicisi var.

O, bir ildə 15 milyon yeni izləyici qazanıb.

2012-ci il prezident seçkiləri ili olduğuna görə Obamanın  Twitter səhifəsini onun seçki qərargahı idarə edirdi. Ancaq Obamanın özü də hərdən öz qısa “tweet”lərini –  şərhlərini, xəbərlərini yazırdı və öz adının, soyadının baş hərfləri ilə imza qoyurdu.

Dünyada ən çox  Twitter izləyicisi olan ikinci lider Venesuela prezidenti Hugo Chavezdir. Onun  Twitter səhifəsini 2 milyondan çox  adam izləyir.

Keçən il seçki vaxtı hətta 3,8 milyona çatdı.

Ən çətin vaxtlarda- seçkilərdə və yaxud Kubada xərçəng xəstəliyindən müalicə olunanda Chavezin ölkə vətəndaşları ilə əsas ünsiyyət vasitəsi məhz  Twitterdir.

“Digital Policy Council”un siyahısında  Türkiyə prezidenti Abdulla Gül 3-cü yerdədir. O, adətən tweetləri türk dilində yazır, ancaq ən vacib hadisələr haqda ingilis dilində də tweet qoyur.

2012-ci ildə o, Kaliforniyaya –  texnoloji şirkətlərin yerləşdiyi yerə səfər edəndə öz  Twitter səhifəsində yazmışdı: “İlk dəfədir ki, Türkiyə prezidenti bura gəlir. Burda bizim həyatımızı dəyişən texnologiya yaranıb”.

Sonrakı yerlərdə gələnlər:

4. İordaniya kraliçası Rania.

5. Rusiyanın baş naziri Dmitri Medvedev.

6. Braziliya prezidenti Dilma Rouseff.

7. Argentina prezidenti Cristina Kirchner.

38-ci yer

Azərbaycan prezidenti İlham Əliyev Twitterdə  2010-cu il iyulun 27-dən fəallığa başlayıb – twitter.com/azpresident.

İlham Əliyevin  2012-ci il dekabrın sonuna 70 min 729 izləyicisi var.

“Digital Policy Council”un araşdırmasında hər bir ölkə lideri ilə yanaşı onun ölkəsinin idarəçilik sistemi də qiymətləndirilir. Çünki araşdırmaya görə, ölkə demokratik olduqca liderin Twitterdəki fəallığı da yüksək olur.

Demokratik ölkədə Twitter siyasətçiyə öz  seçicisi ilə danışmağa əlavə imkan verir. Britaniyanın baş naziri Cameron Twitterdə hesab açanda yazmışdı ki, müasir dünyanın verdiyi imkanlardan yararlanıb insanlarla ünsiyyət qurmaq və nə etmək istədiyini insanlara  izah etmək istəyir.

Bu, Camerona lazımdır. Çünki son sozü seçici deyir. Totalitar, avtoritar  ölkələrdə isə seçicinin fikri ilə hesablaşmaq liderə o qədər lazım deyil.

“Digital Policy Council”un araşdırmasında Azərbaycan “hakimiyyət növü” bölümündə  avtoritar rejimlər sırasına salınıb.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma