20 il əvvəl, 20 il sonra


20 il əvvəl, 14 noyabr günü Bakı səmalarından Türkiyənin paytaxtı Ankaraya bir təyyarə havalandı. Müstəqilliyini cəmi bir il əvvəl bərpa etmiş Azərbaycan Respublikasının 100-dən çox gəncini ali təhsil almaq üçün bu ölkəyə aparan təyyarədə bir il əvvəl Bakı Dövlət Universitetinin qəbul imtahanlarında “konkurs”a düşərək rayona qayıtmaq məcburiyyətində qalmış bu sətirlərin müəllifi də vardı. Qəbul imtahanlarında ikinci dəfə iştirak etmək üçün sənədlərini vermiş, amma bir təsadüf nəticəsində Azərbaycanda ilk dəfə test üsulu ilə keçirilən Türkiyəyə qəbul imtahanlarında iştirak etmiş və Qazi Universitetinə qəbul olunmuşdu.

20 il əvvəl, 1992-ci il… Ölkəmiz üçün çox mürəkkəb, çətin, ağrılı günlərə təsadüf edir.  Vətən torpağının böyük bir hissəsinin bizim nəzarətimizdən çıxarılması prosesi böyük sürətlə cərəyan edirdi. Xocalı soyqırımı, Ağdaban faciəsi, Şuşa, Laçının işğalı yeni qüvvələrin hakimiyyətə qəlməsi üçün uyğun şərait yaratmış, yeni qurulan hökumət tərəfindən o yay bütün çətinliklərə baxmayaraq test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsi təmin edilmiş, təxminən  2 min nəfər Türkiyə Respublikası tərəfindən həyata keçirilən “Böyük Öğrenci Projesi” çərçivəsində Türkiyə universitetlərində oxumağa göndərilmişdi.

O dövrdə ali məktəblərə tələbə qəbulu prosesi avqust ayında yekunlaşırdı. İmtahanların yeni üsul ilə keçirilməsi özünü doğrultduğundan Azərbaycan ali məktəblərinə də qəbulun bu sistem ilə və mərkəziləşdirilmiş qaydada keçirilməsi gündəmə gəlmiş, amma ilk  qəbul imatahanı noyabr ayının 15-də, bu təyyarə Ankaraya uçandan tam bir gün sonra keçirilmişdi.

O gecə, Seyran yurduna yerləşdirilən qızların çoxu yatmamışdı (oğlanları Atatürk yurduna aparmışdılar) – ağlayanlar vardı, məncə elə hər şeyə sıfırdan başlayan, yeni qurulan  TQDK-nın ilk sədri Vurğun Əyyub və komissiyanın üzvləri də … Bizimki gələcəklə bağlı narahatlıq idi, onlarınkı riskli və məsuliyyətli bir işin öhdəsindən gələ bilməmə narahatlığı …

Yazının girişində bəhs edilən, 14 noyabr günü Türkiyəyə uçan tək təyyarə deyildi, ay boyunca Ankara və İstanbula müxtəlif universitetlərdə oxumaq üçün yüzlərlə gənc yollandı gələcək arxasınca… Fərqli siyasi mühit, fərqli insan münasibətləri, fərqli təhsil sistemi zəminində qazandıqlarımız da oldu, bəzən kədər və təbəssümlə yad etdiyimiz çətinlik və itkilərimiz də…

20 il sonra, 2012-ci il… Ötən 20 il ərzində Türkiyə universitetlərindən  məzun olan 6 minə yaxın Azərbaycan vətəndaşının bir qismi Türkiyədə qaldı, bir qismi vətənə qayıtdı, bir qismi də dünyanın müxtəlif ölkələrində yaşayır. Dövlət təşkilatlarında, məhkəmə sistemində, yerli və xarici şirkətlərdə, təhsil müəssisələrində işləyən, orduda qulluq edən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan minlərcə məzunumuz, amma nə bir millət vəkilimiz, nə də işlək, güclü bir təşkilatımız var.

Sadəcə öz sahəsində böyük uğurlara imza atan, bəzən bir təşkilatdan belə daha çox iş görən ayrı-ayrı fərdlərdən ibarətik… Bəlkə ayrı-ayrı dillərdə danışırıq, bəlkə də biz vətənlə danışmaq üçün dil tapa bilmirik…

Bütün dostlarıma sevgi və hörmətlərimlə…

Haşiyə: Son 20 il ərzində Təhsil sistemində müəyyən islahatlar həyata keçirilir. Bunların içində test üsulu hələ ki, sistemi uğura aparan yeganə dəyişiklikdir. Amma mətbuatda çıxan yazılara etibar edəcək olsaq, Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq “Ali Təhsil haqqında” qanun layihəsində qəbul imtahanlarının modelinin dəyişdirilməsi nəzərdə tutulur və bu dəyişikliklər əslində testdən imtina mənasına gəlir. http://www.meclis.gov.az/?/az/law/ linkində yerləşdirilmədiyi üçün də layihə ilə tanış olmaq mümkün deyil.

Hörmətli millət vəkillərimiz! Test üsulunun tətbiqi təkcə rüşvətin qarşısını almır,  abituriyentlərə seçim azadlığı verir, bərabər imkanlar yaradır, prosesi şəffaflaşdırır, vaxta qənaət edir. Müəyyən nöqsanları ola bilər, amma hələ ki tapılmış ən ideal və ən yaxşı üsuldur. Bundan imtina etmək, bizi gələcəyə yox, keçmişə aparar…

Advertisements

20 il əvvəl, 20 il sonra” üçün bir cavab

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma