Telemüsahibə


“Uğurlu müsahibənin təməlini reportyorun ciddi hazırlaşması təşkil edir”.

Müsahibə reportyordan müəyyən texniki bacarıq tələb edir. Uğurlu müsahibə təkcə yaxşı sual verməkdən ibarət deyil. Gəlin müsahibənin texnikasından deyil, onun aparılması metodikasından danışaq. Bu metodikaya yiyələndikdən sonra biz elə suallar düşünə bilərik ki, onlara verəlin cavablar gözlənilməz, məzmunlu və ifşaedici ola bilər.

Hazırlıq: Uğurlu müsahibənin təməlini reportyorun ciddi hazırlaşması təşkil edir. O, söhbətin predmetini yaxşı dərk etməli, onun barəsində az qala müsahibə obyektinin özü qədər biliyə sahib olmalıdır. Müsahibəyə hazır olmaq o deməkdir ki, biz bu və ya digər sualın cavabını müəyyən dərəcədə təxmin edirik, bu halda əvvəlcədən alternativ suallar hazırlaya bilərik.

Əgər müsahibədə söhbət konkret bir məsələdən, deyək ki, hökumət komissiyasının işindən və bir layihədən gedirsə, jurnalist buna hazırlıq görməlidir. Hökumətin və ya parlamentin əvvəllər müzakirə etmədikləri məsələlər barədə söhbət aparmaq daha çətin olur. Lakin belə hallarda müsahibənin mövzusu haqqında reportyorun ümumi təsəvvürü olmalıdır. Bu, məsələnin məğzi barədə suallar üçün və müqayisəli şərhlər üçün imkan yaradır.

Qəzet kəsikləri, öz qeydləri, internetdən aldığı səhifə qarşıdakı söhbətdən ötrü jurnalistə material toplamağa, süjetə hazırlaşmağa, müsahibə obyektinin qarşısında biliksiz görünməməyə imkan yaradır. Hazırlaşmağın digər üsulu məsələni bilən adamlarla və ya müsahibə obyekti ilə ilkin söhbət ola bilər ki, material üçün məlumat əldə etmək mümkün olsun.

Radio və televiziyada tez-tez ilkin müsahibə ifadəsi işlənir, yəni redaksiyanın proqram aparıcısı və ya təhqiqatçı–jurnalist lent yazısından əvvəl müsahibə üçün dəvət edilmiş şəxslə söhbət aparır. Bu, aparıcıya və reportyora imkan verir ki, qoyduğu sualların düzgünlüyünə əmin olsun, faktları bir daha yoxlasın, eyni zamanda qarşıdakı mövzu haqqında müsahibində təsəvvür yaratsın. Bu iş üsulu söhbətin predmeti barədə jurnalistə məlumat və istiqamət verir.

Sualların tərtib edilməsi: Müsahibəyə hazırlaşan ən ideal reportyor saatlarla kitabxanada oturub kitabları, sorğu kitabçalarını, qəzetləri, arxiv materiallarını oxuyur və eyni zamanda informasiya toplamaq məqsədilə ilkin müsahibə aparmağa və söhbət etməyə də vaxt tapır.

İlk növbədə jurnalist özü üçün müəyyən etməlidir ki, bu müsahibə necə olacaq, nə barədədir və hansı məqsədlə aparılır. Bu o deməkdir ki, reportyor öz suallarını əvvəldən tərtib etməli və yazmalıdır. Bu sualların qoyulması çox vaxt reportyorun özünün marağından irəli gəlir: Mən bunu öyrənmək istərdim, bu mənim dinləyicilərim, tamaşaçılarım, oxucularım üçün maraqlı ola bilərdi. Hər bir sual ancaq bir aspektdə nəzərdə tutulmalıdır. İki sualı birdən verərkən siz müsahibə obyektinə imkan yaradırsınız ki, özü üçün münasib olmayan cavabdan “qaçsın” və iki sualdan ancaq birinə cavab versin. Sual təsdiq yox, sual formasında verilməlidir. Onun forması müsahibə obyektinə imkan verməlidir ki, o, düşündüyünü, duyduğunu və ya keçirdiyi hissləri ifadə edə bilsin. Buna görə də “bəli” və “xeyr” kimi yeknəsəq cavablara imkan verməmək üçün sualları bacardıqca açıq saxlamaq lazımdır. Kiməsə mənasız görünə bilən suallar, əslində, çox vaxt ən gözlənilməz, dərin mənalı və maraqlı suallara gətirib çıxarır. Belə suallara aşağıdakıları misal olaraq gösətərə bilərik:

– Nə hiss edirsiniz?

– Nəyi nəzərdə tutursunuz?

– Siz bunu necə təsəvvür edirsiniz?

– Siz indi nə etmək istəyirsiniz?

Suallarla iş jurnalistdən ciddi hazırlıq tələb edir. Əsas prinsip sualların açıq, bitərəf və sadə olmasından ibarətdir. Açıq suallar müsahibə obyektini onların məzmunu barədə düşünməyə və bunlara cavab verməyə vadar edir. Belə hallarda siz təkcə izahat almaq yox, həm də respondentin baxışını öyrənmək imkanı əldə edirsiniz. Bilavasitə cavablar almağa imkan verən suallar müsahibə obyektini “bəli” və “xeyr” cavablarından sonra daha ətraflı danışmağa gətirib çıxaracaq.

Suallar bitərəf olmalıdır. Ancaq bu vaxt müsahibə obyekti cavab verə bilər və söhbətin mərkəzində dayanar. Reportyorun şəxsi fikri ilə bəzənmiş sualları söhbətin mərkəzinə onun özünü gətirir. Reportyor sualları tərtib edəndən sonra kiçik bir test keçirmək gərəkdir. Müsahibə obyekti qoyulmuş suallara cavab verə bilərmi, o bu sahə bərədə bir şey bilirmi, baş verən hadisə ilə bağlı o, məsuliyyət daşıyırmı?

Müsahibəyə hazırlığın üsullarından biri tərtib olunan sualları özünə verməkdir. Sən bu suallara cavab verə bilərsənmi? Bu sadə test keyfiyyətli müsahibə aparmağa imkan verən yeni alternativ suallar tapmağa məcbur edir. Əgər sualları öz üzərində yoxlamaq istəmirsənsə, onda sualları həmkarına, yaxud dostuna ver. Öz həmkarları ilə müsahibə keçirmək qəfil hallara hazırlaşmaq üçün gözəl üsuldur. Bu həm də reportyora verdiyi sualların aktuallığına və doğruluğuna əmin olmaq imkanı verir.

Bəzi sualların qoyuluşunu qadağan etmək lazımdır. Jurnalistin müsahibə üzərində işləyərkən buraxdığı on “nöqsan”ın siyahısı belədir:

– Bir kəlməlik cavablara (bəli – xeyr) imkan verən suallar

– Sual əvəzinə təsdiq cümləsi

– Bir dəfəyə iki sual

– Həddən artıq yüklənmiş suallar

– Cavaba istiqamətləndirən suallar

– Sualın içində şərh və məsələyə şəxsi qiymətini vermək

– Sualda təxminlər və uydurmalar

– Sualda şişirtmə

– Sualda kimisə qaralamaq

– Başa düşülməsi çox çətin olan suallar

Yadda saxlamaq lazımdır ki, müsahibə bu və ya digər məsələnin mürəkkəb aspektlərini işıqlandırmalı və izah etməlidir, dinləyiciləri, tamaşaçıları və oxucuları respondentin hissləri və təəssüratı ilə tanış etməlidir, faktları və rəqəmləri maraqsız şəkildə saymaqla məşğul olmamalıdır.

– Cənab kapitan, deyə bilərsinizmi, yanğında nə qədər adam həlak olub?

–  Qənaət məqsədilə nə qədər uşaq bağçası bağlanacaq? (yerl inzibati orqannın rəhbərinə sual)

– Cənab direktor, istehsalın xaricə köçürülməsindən sonra nə qədər adam işdən azad ediləcək?

Özlüyündə bu suallar o qədər də pis deyil, ancaq bu sualları verərkən aldığımız cavabları söyləməklə biz öz rolumuzu başqalarına həvalə edirik. Başqa birisi yox, məhz jurnalist böyük yanğın zamanı hadisələrin necə inkişaf etməsi barədə danışmalıdır. Bizim sualımız belə olmalıdır:

– Arxasında böyük yanğın tüğyan edərkən o niyə jurnalistlərlə danışır?

– Yerli inzibati orqanın rəhbəri izah etməlidir ki, nəyə görə bu qədər uşaq bağçasının bağlanmasına qərar verib?

Direktordan soruşmaq lazımdır ki, istehsalı xaricə köçürüldükdən sonra müəssisənin gəliri necə olacaq?

Fərziyyə kimi ifadə edilən suallara da qadağa qoyulmalıdır. Məsələn, “Əgər belə bir şey olarsa, siz nə edərsiniz?”Bir qayda olaraq bu cür suallar məzmunlu söhbəti məhdudlaşdırır.

Müsahibənin strukturu: Jurnalist söhbətin strukturunu, onun başlanğıcını, sonluğunu və inkişafını işləyib hazırlamalıdır. Bu radio və TV (elektron KİV) üçün vacibdir, çünki auditoriya sualları və cavabları eşidir. Qəzet jurnalisti isə müsahibə bitəndən sonra cavabları istədiyi kimi düzə bilər. Əlbəttə, bu gün radiojurnalistlər də montaj edə bilirlər, televiziya reportyoru da montajın köməyi ilə söhbəti istədiyi formada qurmaq imkanına sahibdir, amma ən yaxşısı sualları məntiqi sıra ilə verməkdir. Bu vaxt müsahibənin keyfiyyəti yaxşılaşır və o daha rəvan və düşünülmüş təsir bağışlayır.

Kiməsə bəsit görünə biləcək suallar verməkdən qorxmaq lazım deyil. Çox vaxt reportyor özü daha mürəkkəb və ağıllı görünən suallar uydurmaqla vəzifəsini çətinləşdirir. Çoxları belə hesab edir ki, onlar tanınmış və təcrübəli jurnalistdirlər və buna görə də sadəlövh və adi suallar verməməlidirlər. Məsələn, nə üçün bu yaxınlarda qeyri-adi, mühüm və maraqlı hadisənin iştirakçısı olan adama “Hə, necə oldu?” sualını verməklə müsahibəyə başlamaq mümkün olmasın? Elə indicə azad olunmuş girovdan, məhkəmə zalından sərbəst buraxılmış dustaqdan, seçkilərdən qalib çıxmış siyasətçidən, qaçışda uduzmuş idmançıdan bu sadə sualı soruşarkən onlar tamaşaçı, dinləyici və oxucu üçün maraqlı ola biləcək hisslərindən, keçirdikləri həyəcandan danışa bilərlər. Bu sualı müxtəlif cür qoymaq olar, onu hətta montaj vaxtı atmaq da mümkündür. Əsas məqsəd hadisə haqqında emosiyaya və qəfil yaranan söhbətə nail olmaqdır.

Digər sadə sual isə “Nə üçün?” ola bilər. Bu sualı cəmiyyətdə müzakirə doğuran hansısa bir qərarın qəbul edilməsi üçün məsul olan şəxsə vermək olar. Nə isə maraqlı və mühüm bir hadisə baş verərkən hamı maraqlanır ki, bu hadisə nə üçün və necə olmuşdur. Buna görə də bu iki sual söhbəti başlamaq üçün münasib sayıla bilər. Söhbəti tamamlamaq üçün gələcəyə istiqamətləndirilən “İndi siz nə etmək istəyirsiniz?”, “Bundan sonra hansı addımı atacaqsınız?” və s. sualları vermək olar.

Qəribə də olsa, sadə sualların qoyuluşu, adətən, ən təcrübəli və cəsarətli jurnalistlərə xas olan keyfiyyətdir. Yaxşı hazırlanmış müsahibədə onu xronoloji qaydada və ya məntiqi qanunlara görə inkişaf etdirən bir neçə əsas sual olur. Belə suallar müsahibənin mayasını, onun dramaturji əsasını təşkil edir. Lakin bununla yanaşı, sonrakı və ya alternativ suallar da mövcuddur. Müsahibin cavablarından asılı olaraq bunlar dəqiqləşdirici, şərhedici və etiraz xarakteri daşıya bilər. Bu sualları konkret müsahibə üçün əvvəlcədən hazırlamaq mümkündür, ya da bunlardan ötrü universal forma tapmaq lazımdır.

Müsahibəni üç amil üzrə təhlil etmək olar: əvvəlcədən hazırlanmış, alternativ suallar və gözlənilməz suallar. Müsahibənin mayasını söhbəti başlayan, onun tərkibini təşkil edən və onu başa çatdıran əvvəlcədən hazırlanmış suallardır. İkinci amil əvvəlcədən hazırlanmış alternativ suallardır və bunların prinsipi belədir: əgər müsahib belə cavab verərsə, mən ona bu sualı verəcəyəm, əgər başqa cür cavab versə, onda bu-bu-bu şeyləri soruşacağam. Üçüncü – gözlənilməz, söhbətdən doğan suallar. Bu, müsahibənin demək olar ki, ən mürəkkəb anıdır. Əvvəlcədən hazırlanmış suala siz birdən gözləmədiyiniz cavabı alırsınız və bu sizdən ani reaksiya tələb edir. Müsahibə prosesində gözlənilməz şeylərə həmişə hazır olmaq lazımdır. Müsahibədə qəfil dönüş söhbətin ən maraqlı yeridir. Məhz bu vaxt söhbət gözlənilməz xarakter alır, atmosferi yumşaldır, yaxud, əksinə, hissləri qızışdırır.

Dinləmək bacarığı: Sonrakı uyğun sualları vermək və müsahibəni canlandırmaq üçün reportyorun dinləmək bacarığı olmalıdır. Müsahibəyə hazırlaşmaq, öz suallarını tərtib edib yazmaq işin yarısıdır. Öz müsahibini dinləmək bacarığı uğurlu müsahibənin ikinci yarısıdır. Çox ciddi hazırlıq o yerə gətirib çıxarar ki, reportyor müsahibinin ona nə dediyinə qulaq asmadan suallarını avtomtik olaraq verə bilər. Belə reportyorun başında bir fikir dolaşır: “Hə, müxtəsər elə, müxtəsər elə, mən sənə daha ağıllı sual verəcəyəm”. Belə işin nəticəsi yeknəsəq, uydurulmuş və soyuq müsahibəyə gətirib çıxarır. Canlı efirdə müsahibə aparan jurnalist bir az ehtiyat edir ki, onun müsahibi söhbət zamanı ağzından bir şey qaçıra bilər. Dinləmək bacarığı olan reportyor şəraitdən asılı olaraq improvizasiyaya (əvvəldən nəzərdə tutulmayan fikrin deyilişi; hazırlaşmadan şer, ya nitq söyləmə) hazır olmalıdır. Söhbət təkcə cavabların faktiki məzmunundan deyil, həm də müsahibənin emosional tərəfindən gedir. Əgər müsahibin qanı qaradırsa, ləng və sakit danışırsa, jurnalist də öz ahəngini və sürətini ona uyğunlaşdırmalıdır. Və əksinə, olimpiya oyunlarının qalibi ilə pıçıltıyla danışmağa dəyməz. Jurnalist müsahibinin cavabları və əhvalına uyğun hərəkət etməlidir.

Müsahibə götürərkən həmişə ehtiyatlı olmaq lazımdır: Əgər qiymət verilən və kiminsə şəxsiyyətinə toxunan cümlə işlədilirsə, bunları cavabsız qoymaq olmaz. Reportyor vaxtında etirazını bildirməli və ya belə rəyləri izah etməlidir. Auditoriyaya aydın olmayan ifadələr və anlayışlar başa salınmalıdır. Müsahibə aparan jurnalist bəzən söhbətin istiqamətini və üslubunu dəyişməli olur. Əgər müsahib özünə rəğbət qazandırmağa, özünü şəraitin təqib olunan qurbanı kimi göstərməyə çalışırsa, bu zaman reportyorun müsahibəni ittiham ruhunda aparması düzgün deyil. Yenə də çox şey müsahibi dinləmək bacarığından asılıdır.

Müsahibə zamanı adamların necə yerləşdirilməsi əhəmiyyətlidir. Müsahibə obyektinə çox yaxın oturmaq lazım deyil, çünki bu həm kadrı kəsir, həm də müsahibin fikrini toplamasına və suallara sakit cavab verməsinə mane olur. Digər tərəfdən, çox uzaq oturmaq da lazım deyil, bu bir qədər gərgin, soyuq şəraitə səbəb olur. Necə əyləşmək məsələsində öz təcrübənizə və intuisiyanıza güvənin. Hər iki tərəf özünü rahat hiss etməlidir.

Reportyor müsahibinin gözünə baxmağı bacarmalıdır. Bəzən qaşının hərəkəti və ya baxışın müsahibinə kifayət edir ki, o, mövzunu inkişaf etdirsin. Televiziya müsahibəsində suallara cavab verən respondentin gözlərini oynatmaması və ya gözlərini kameraya dikməməsi vacibdir. Müsahibə verməyə alışmamış adama başa salmaq lazımdır ki, o özünü kamera qarşısında necə aparmalıdır. Əgər müsahib danışarkən sizin gözünüzə baxırsa, onun baxışlarını qəbul etməyi bacarın. Radioreportyor öz müsahibinin söhbətini başının yüngül hərəkəti ilə təqdir edə bilər. Ancaq televiziya jurnalistinin başını çox tərpətməsi tamaşaçıları əsəbiləşdirir və söhbətin qavranılmasına mane olur. Müsahibə aparılarkən radioreportyorun mütəmadi olaraq təsdiqedici sözləri, onun gülüşü də həmin effekti verir. Sualı verəndən sonra radiojurnalist dinməzcə cavaba qulaq asır. Fikrini tamamlamamış müsahibin sözünü kəsmək olmaz, qoyun o, cümləni axıra çatdırsın. Bu, təkcə başqasına qarşı nəzakət deyil, həm də müsahibəni montaj etmək işini asanlaşdıran üsuldur. İki adamın birdən danışması lent yazısı ilə işi çətinləşdirir. Əlbəttə, bəzən dayanmaq bilməyən müsahibin sözünü kəsməli olursan. Amma bunu səmimi etmək lazımdır və onun sözünü nəyə görə kəsdiyini izah etməlisən. Dinləmək bacarığına malik olan reportyor müsahibinin sözünü onun bircə saniyəliyə nəfəsini dərmək istədiyi an kəsir. Ümumiyyətlə, susmağı çox vaxt ən yaxşı sual əvəz edə bilər. Müsahibinə sualedici nəzərlə baxmaq, başı ilə işarə etmək və bir söz belə demədən pauza vermək ən gözlənilməz cavablara gətirib çıxara bilər.

Müsahibini diqqətlə dinləyən təcrübəli reportyor söhbət zamanı qısa və məzmunlu sözlər seçir və bu sözləri müsahibənin ilk və ya son sözləri kimi işlətmək mümkündür. Beləliklə, jurnalist söhbət zamanı montaj üzərində çalışmağı da fikrinə gətirir. Belə çıxır ki, sual edərkən jurnalist verilən cavabı diqqətlə dinləməlidir və gözlənilməz, yaxud maraqlı olan heç bir şeyi diqqətindən yayındırmamalıdır, eyni zamanda müsahibəni necə montaj edəcəyini fikirləşməlidir. Reportyorun tapşırığa yaxşı hazırlaşmağı o vaxt yaxşı nəticə verir ki, müsahibəni başa çatdırıb kameranı və maqnitofonu bağlayandan sonra rahat nəfəs ala bilsin. Jurnalist həmişə istər ki, onun müsahibəsi sadə və təbii şəkildə keçsin.

Müsahibənin növləri: Jurnalist jarqonunda müsahibə sinxron adlanır. Bu terminin yaranması ilk səsli filmlərin meydana çıxması ilə bağlıdır və o vaxt səs ayrıca xüsusi maqnitofonlara yazılırdı. Montaj vaxtı səs və təsviri sinxronlaşdırmaq lazım gəlirdi. İndi, əlbəttə, heç kəs bu metoddan istifadə etmir, ancaq anlayışın özü qalmışdır və jurnalistlər bu termini əvvəlki kimi işlədirlər.

Rəy soruşmaq müsahibəsini, şahidin müsahibəsini, qarşıdurma müsahibəsini, mətbuat konfranslarını və faktiki müsahibəni birbirindən ayırmaq lazımdır.

Rəy müsahibəsi – demək olar ki, ən geniş yayılmış müsahibə formasıdır. Burada müsahib tanınmış siyasətçi və alim də ola bilər, heç kəsin tanımadığı, yoldan keçən bir adam da. Belə müsahibənin məqsədi konkret məsələ barədə respondentin fikrini öyrənməkdir.

– Eresun boğazından keçən körpünün tikintisi barədə nə düşünürsünüz?

– Bunun ətraf mühitə təsiri necə ola bilər?

– Ölkənin vahid valyuta ittifaqına girməsinin faydası barədə sizin arqumentləriniz nədir?

– Siz nəyi nəzərdə tutursunuz?

Belə müsahibələri mürəkkəbləşdirmək lazım deyil. Bunların məqsədi müsahibə verənin öz nöqteyi – nəzərini bildirməsidir.

Şahidlə müsahibə – bu hansısa bir olayın, bədbəxt hadisənin və ya cinayətin şahidi olmuş adamla müsahibədir.

– Lütfən, nə olduğunu deyə bilərsinizmi?

– Siz nə gördünüz?

– Hadisə necə baş verdi?

– Siz indi nə hiss edirsiniz?

Söhbətin başında reportyorun susması bəlkə də yaxşı sualdan daha effektlidir. Eyni zamanda unutmaq olmaz ki, belə müsahibələrdə reportyorun üzərinə böyük məsuliyyət düşür. Şok vəziyyətinə düşmüş adamlar bəzən özlərini apara bilmir və emosiyaya qapılırlar. Avtomobil qəzasında bir az əvvəl oğlunu itirmiş ana söhbət zamanı isterik gülüşə tutula bilər. Bunu televiziya ekranında göstərmək jurnalist, yaxud onun redaksiyası üçün yolverilməzdir. Biz faciə keçirmiş insanların dərdinə hörmət etməliyik.

Şahidin söhbəti radio və televiziyanın ən maraqlı və cəlbedici cəhətidir. Hansı bir hadisəninsə şahidinin və ya iştirakçısının baş verənləri öz dilindən nəql etməsi heç də qəzetdə oxuduğun kimi deyil. Bu halda reportyorun vəzifəsi müsahibinə sözünü bitirməyə imkan vermək, ona mane olmamaq, çoxlu suallarla və replikalarla onun danışığını kəsməməkdir.

Qarşıdurma müsahibəsi – bu isə tamamilə başqa janrdır. Belə müsahibə apararkən biz hakimiyyət nümayəndələrini divara dirəyə bilərik, onların qarşısında öz hərəkətlərini izah etmək zərurətini qoya bilərik. Tənqidə məruz qalan şəxsə isə iradlara cavab üçün imkan verilməlidir, ancaq o da öz növbəsində ifşaedici amansız suallara cavab verməkdən ötrü hazır olmalıdır.

– Nəyə görə siz şəxsi məqsədləriniz üçün xidməti kredit kartından istifadə etmisiniz?

– Gecə klubu xoşunuza gəldimi?

– Sizə korrupsioner deyirlər, buna necə cavab verərdiniz?

Belə müsahibələrə hazırlıq və bunların keçirilməsi başqalarından xeyli fərqlənir. Burada çəkilişdən əvvəl müsahibə obyekti ilə səmimi söhbətə ehtiyac yoxdur, veriləcək suallarla tanış olması ona təklif edilmir və sınaq çəkilişi aparılmır. Belə müsahibənin tempi və taktikası hücum xarakteri daşıyır. Praktiki nöqteyi-nəzərdən pis olmaz ki, ən kəskin və amansız sualı söhbətin axırına saxlayasan. Bəzən elə olur ki, çox kəskin sualdan sonra müsahib əsəbiləşərək otağı tərk edir. Əgər siz müsahibəni bu cür sualdan başlasanız, onda heç nəyə nail ola bilməyəcəksiniz.

Qeyd: Sıxışdırılan siyasətçi, yaxud hakimiyyət nümayəndəsi bəzən müdafiə üçün çekker üsulunun köməyinə əl atır. Bu üsul ilk dəfə 1952-ci ildə seçkiqabağı kampaniyada Riçard Nikson tərəfindən tətbiq edilmişdir. Məhz o vaxt senator Nikson ABŞ-ın vitseprezidentliyi vəzifəsinə öz namizədliyini irəli sürmüşdü. Niksonu seçkiqabağı kampaniyanın keçirildiyi dövrdə rüşvət almaqda ittiham edirdilər. Hər tərəfdən gələn hücumlardan özünü qorumaq üçün Nikson nitq söyləmək qərarına gəldi və bütün siyasi mübarizə tarixində ilk dəfə bu nitq açıq efirlə translyasiya edildi. Nikson dərdli sifətini kameraya dikərək dedi ki, o, qazandığı və xərclədiyi hər bir sent haqqında Amerika xalqı qarşısında hesabat verməyə hazırdır. Onun yazıq arvadının norka xəzindən palto almağa imkanı yoxdur, o, adi palto ilə keçinməyə məcburdur. Nikson dedi ki, bütün bu söhbətlər paxılların – liberalların işidir. Onlar o yerə gəlib çıxıblar ki, onu xallı kokker – (spaniyel Çekker) hədiyyə kimi (yəni rüşvət kimi) almaqda ittiham edirlər.

– Qoy ağıllarına nə gəlirsə danışsınlar, amma biz iti öz yanımızdan buraxmayacağıq, – deyə Nikson təntənə ilə elan etdi və kamera qarşısında özünü qayğıkeş ər və heyvanların dostu kimi göstərərək televiziya tamaşaçılarının rəğbətini qazandı. Onu seçdilər, o da öz növbəsində tarixin gedişatını dəyişdirdi.

Çekker üsulunun əhəmiyyəti özünə rəğbət qazandırmaq və dərdinə şərik tapmaqdan ibarətdir: yəni paxıl jurnalistlərin bir məqsədi var – başqalarını ləkələsinlər və onlara zərər yetirsinlər, mənə və ailəmə hücum edənlər haqsızdırlar, bizi ləkələyir və təqib edirlər.

Qəribə olsa da, tamamilə aydın olan bu taktiki gediş bəzən qələbə ilə başa çatır. Bu üsul müxtəlif qalmaqallarda adı hallanan bir çox siyasətçi tərəfindən tətbiq edilmişdir və indi də tətbiq olunmaqda davam edir.

Müsahibə aparan reportyor müsahibinin belə taktikadan istifadə edə biləcəyinə hazır olmalıdır və tora düşməmək üçün sayıqlığını itirməməlidir. Müsahibə obyekti göz yaşı axıdaraq haqsız və amansız münasibətdən şikayətlənəndə jurnalist çıxılmaz vəziyyətə düşür, daha bir kəskin, ifşaedici sual vermək onun üçün çətin olur. Çekker prinsipi tələsinin mənası da budur. “Hə, sən də vur, yıxılana balta çalan çox olar!” deyərək reportyora irad tutacaq. Belə şəraitdən çıxmağın ən yaxşı yolu söhbətin gedişini kəskin dəyişmək və tamaşaçıya, yaxud dinləyiciyə bu göz yaşlarının timsah göz yaşları olduğunu başa salmaqdır.

– Kütləvi informasiya vasitələrinin sizə olan ədalətsiz münasibətinə konkret olaraq nəyi misal göstərə bilərsiniz?

– Yataq otağının pəncərəsindən sizi kim çəkmişdir?

– Bu nə vaxt olub?

Xeyirxah, sakit suallar kamera və ya mikrofon qarşısında özünü doğrultmağa çalışan müsahibin əzabkeş imicini tez darmadağın edə btlər, ikinci tərəfin jurnalistlərin ünvanına söylədiyi ritorik priyomları isə ifşa etməyə kömək göstərər. Əgər reportyor onun üçün qurulmuş tələni görməzsə, ittihamedici sözlərlə ifşaedici suallarına davam edərsə, müsahibə obyekti heç bir problem olmadan auditoriyanın rəğbətini qazanacaqdır.

Aqressiv suallar həmişə effektli olmur. Əksinə, çox zaman müsahibinə diqqət yetiriərək xeyirxah suallar verməklə, amma özünü soyuq və inamlı aparmaqla daha çox nəticə əldə etmək mümkündür.

Mətbuat konfransı şəraitində tam keyfiyyətli müsahibə almaq çətindir. Mətbuatla görüş adətən bir qayda ilə aparılır: mətbuat konfransını çağıran şəxs hadisəni, qərar və ya təklifi kifayət qədər təfsilatı ilə izah edir, bundan sonra müxbirlərə sual üçün imkan verilir.

Mətbuat konfransı zamanı bütün deyilənlərin televiziya və radio jurnalistləri tərəfindən lentə alınması əhəmiyyətlidir. Ola bilər ki, deyilənlərin orijinalı lazım olsun. Əgər söhbət böyük hadisədən, məsələn, baş nazirin istefasından gedirsə, bu halda tamaşaçılar və dinləyicilər onun qəbul etdiyi qərar haqqında izahatını bütünlüklə eşitmək istəyəcəklər.

Etika məsələləri: Müsahibə aparmaq istədiyiniz adamın hüquqlarına hörmət etmək lazımdır. İmkan daxilində onun qarşıdakı müsahibənin bəzi müddəaları barədə – müsahibənin hansı kanalla veriləcəyi, hansı proqramda göstəriləcəyi, nə münasibətlə aparılacağı, efir müddəti, müzakirə mövzusu haqqında əvvəlcədən məlumat almaq arzusu müsbət qarşılanmalıdır. Doğrudur, qarşıdakı söhbətin suallarını əvvəlcədən sadalamaq nə ağlabatandır, nə də ki mümkündür. Çünki onların bir çoxu müsahibə obyektinin verəcəyi cavablardan asılıdır. Üstəlik, hər zaman gözlənilməz cavablar və qəfil suallar üçün də vaxt saxlamaq lazımdır. Digər tərəfdən, reportyor öz həmsöhbətinə müsahibənin məqsədi və xarakteri barədə məlumat verə bilər, müzakirə olunacaq məsələlərin tematikasını açıqlaya bilər. Əgər müsahibə obyekti bu və ya digər qərar, yaxud hərəkətə görə tənqid olunursa, tənqidi cavablandırması üçün ona hökmən şans verilməlidir. Təəssüf ki, bir çox reportyorlar bu prinsipə məhəl qoymurlar. Bu, respondentə qarşı münasibətdə qeyri-səmimilikdir, etikasızlıqdır. Müsahibə sizin həmsöhbətiniz üçün tələ olmamalıdır. Müsahibiniz onun ünvanına yönəldilən tənələrə cavab vermək imkanına sahib olmalıdır. Digər tərəfdən, müxbir bütün sualları əvvəlcədən açıqlamağa borclu deyil. O öz suallarını lazımi məqamda vermək, hansısa cavabı dəqiqləşdirməyi tələb etmək, bəzən də müsahibini gözlənilməz sualla çaş-baş qoymaq haqqına sahibdir.

Müsahibənin montajı da səmimi şəkildə aparılmalıdır. “Bəli”ni “xeyr”lə əvəz etmək olmaz, cavabları bütünlüklə vermək lazımdır, fikrin mənasını təhrif etmək məqsədilə onları kəsibdoğramaq, ixtisar etmək olmaz. Reportyorun sualını da başqa sualla əvəz etmək doğru deyil. Müasir texnikadan istifadə etməklə səs və videosıranı manipulyativ montajın obyektinə çevirmək mümkündür, lakin etika nöqteyi-nəzərindən buna qətiyyən yol vermək olmaz. Reportyorun üzərinə böyük məsuliyyət düşür.

Əgər hər hansı şəxs jurnalistlə müsahibədə iştirak etmək üçün müəyyən şərtlər irəli sürürsə, müxbir və ya onun redaksiyası necə hərəkət etməlidir? Bir tərəfdən, kimisə müsahibə verməyə məcbur edən qanunlar yoxdur, digər tərəfdən, jurnalistin kütləvi informasiya vasitələrinin nümayəndələri ilə söhbətdən qaçanlara sual vermək hüququ var, hətta bu onun vəzifəsidir. Əslində isə müsahibə verməsini xahiş etdiyiniz hər bir adam söhbətdə iştirak etmək üçün müəyyən şərtlərin yerinə yetirilməsini tələb edə bilər. Redaksiya da öz növbəsində bu tələbləri haqlı hesab etməzsə, onları bütünlüklə rədd etmək haqqına sahibdir. Proqramın aparıcısı elan edə bilər ki, irəli sürülən tələblər bir növ müxbirin suallarına cavab verməkdən imtina deməkdir. Redaksiya bu vəziyyətdən çıxmaq üçün başqa imkanlar tapmağa çalışa bilər. Məsələn, şərh üçün müxalifət nümayəndələrinə, yaxud tənqidçilərə xahişlə müraciət etmək olar, sualları cavabsız oxumaq olar, yaxud da cavab verməyi rədd edən adam ictimai yerlərdə görünəndə həmin sualları hər dəfə ona vermək olar. Müsahibədən imtina bu məsələ barədə redaksiyanın tənqidi fikirləri və faktları öz auditoriyasına çatdırmaq qərarına mane ola bilməz.

Hakimiyyətdə olanların müsahibə vermək üçün jurnalisti özlərinin seçmələrinə etika baxımından qətiyyən yol vermək olmaz. Tapşırığı yerinə yetirməyə kimin daha çox yaradığını redaksiya özü müəyyənləşdirir. Məmur, yaxud siyasətçi tanış olmaq üçün sualların mətnini əvvəlcədən tələb edə bilər, həmçinin yalnız birbaşa efirdə çıxış etməyi tələb edə bilər, ancaq redaksiya da bu tələbləri tamamilə rədd etmək haqqına, yaxud müsahibəni keçirməkdən ümumiyyətlə imtina etmək haqqına malikdir. Lakin bir qayda olaraq kütləvi informasiya vasitələri məmurun, müəssisə rəhbərinin, yaxud siyasətçinin jurnalisti deyil, əməkdaşlıq etmək istədiyi redaksiyanı seçməsinə qarşı çıxmırlar.

Respondent çox zaman xahiş edir ki, efirə buraxılmaq üçün hazırlanmış müsahibənin mətni və ya lenti ilə tanış olmasına imkan verilsin. Radio və ya televiziyanın xəbərlər proqramında istifadə edilən sinxronlardan söhbət gedirsə, bu xahişi yerinə yetirmək praktiki olaraq mümkün deyil.

Çox vaxt söhbətin mətni, yaxud lenti ilə tanış olmasını vəd etdiyiniz adam bu vədi müsahibənin efirə verilməsini dayandırmaq hüququ kimi başa düşür. Əslində, onun belə bir hüququ yoxdur! Nəyin dərc olunacağına və ya efirə buraxılacağına qərar verən yeganə şəxs mətbu orqanlarda məsul naşir, radio və televiziyada isə məsul buraxıcıdır. Bu hüquq heç bir şəkildə respondentə verilə bilməz.

Reportyor müsahibə obyektinə heç vaxt yalançı ümidlər üçün əsas verməməlidir ki, guya o, söhbətin mətnini və ya lentini efirdən əvvəl bəyənib-bəyənməmək haqqına sahibdir. Əvvəlcədən şərtləşilməmişsə, söhbətə razılıq vermiş şəxsin müsahibənin efirə çıxmasını dayandırmağı tələb etməyə haqqı yoxdur. Dərc olunan və ya efirə gedən material üçün məsuliyyəti məsul naşir, yaxud məsul buraxıcı daşıyır. Həm reportyor, həm də onun redaksiyası yazılmış müsahibənin məzmununun mahiyyət etibarilə verilməsində maraqlı olmalıdırlar.

Bəzi iş metodları qanunla yasaqlanmasa da, bu o demək deyil ki, onlar etik cəhətdən doğrudurlar. Bir çox redaksiyalar özlərinin xüsusi qaydalarını işləyib hazırlayırlar. Bu qaydalar gizli çəkilişləri və səsyazmaları ciddi şəkildə məhdudlaşdırır. Əsas qaydalardan birində deyilir: müsahibə obyekti çəkilişin başlanması və ya davam etməsi barədə xəbərdar edilməlidir. İstisnalara ancaq o hallarda yol verilir ki, vacib və mühüm şərait başqa şəkildə işıqlandırıla bilməsin. Söhbət sənədləşdirilməsi və ifşası gizli kamerasız, yaxud mikrofonsuz mümkün olmayan cinayət hadisələri və maxinasiyalardan gedir.

Bu metoddan istifadə yolu ilə müşavirləri kapital sahiblərinə vergidən yayınmaqda kömək edən bankları ifşa etmək mümkündür. Gizli kameranın köməyi ilə sağlam adamlara rüşvətlə xəstəlik bülleteni verən həkimlər, qara bazar möhtəkirləri, irqçilər  ifşa olunmuşlar. Gizli kamera tətbiq etmək işin elə üsullarından biridir ki, jurnalistlər ondan çıxılmaz şəraitlərdə istifadə edirlər. Ancaq bu işdə sui-istifadəyə yol vermək olmaz. Gizli kameranın tətbiqi özlüyündə məqsəd, yaxud material üzərində işin dramaturji forması ola bilməz. Gizli kamera ilə çəkilmiş video və gizli mikrofonla yazılmış lentdən istifadə şəxsiyyətin toxunulmazlığı prinsipinə xələl gətirə bilər, belə hallar hətta mətbuat, radio və televiziya işləri üzrə komissiyada müzakirə mövzusuna çevrilə bilər.

Bir çox ölkələrdə reportyorlar telefon danışıqlarını söhbətin protokolu üçün diktofona yazırlar. Bəzi redaksiyalarda bu iş metodu istisnadan daha çox qaydadır. Həm də jurnalist bu zaman öz müsahibinə söhbəti lentə yazdığını da söyləmir. Bu halda diktofon bir növ qeyd dəftərçəsi rolunu oynayır. Qeydlər efir, yaxud çap üçün nəzərdə tutulmur. Əgər müsahibiniz söhbətin lentə yazılıb-yazılmadığını soruşsa, cavabdan boyun qaçırmayın, səmimi şəkildə söyləyin ki, bunu praktiki mülahizələrlə edirsiniz.

Son olaraq zəruriliyi müəllimin də acı təcrübələrindən doğan bəzi praktiki məsləhətlər vermək istəyirəm:

– Müsahibə aparmağa getməzdən əvvəl batareyaları yoxlayın, ehtiyat batareyalar götürməyi unutmayın!

– Müsahibə başlayanda maqnitofonun, yaxud kameranın işə düşdüyünə əmin olun!

– Müsahibə zamanı səsin, yaxud təsvirin lentə yazıldığını yoxlamağa macal tapın!

Daha bir məsləhətim var. Müsahibəni bu sözlərlə bitirməyə adət edin:

-Söhbətdə heç nəyi unutmadıq ki?

Ədəbiyyat

Bəşirli, A., Xəbərçilik, Dərslik nəşriyyatı, Bakı, 2007

Erik Fichtelius, Jurnalistikanın on qızıl qaydası. AJB-nin nəşri. Bakı, 2001

Məhərrəmli Qulu. Kino Televiziya və Radio Terminləri. İzahlı Lüğət. Bakı, 2002

Məhərrəmli Qulu. Radio dərsləri. Nurlan nəşriyyatı. Bakı, 2007

Məhərrəmli Qulu. Televiziya jurnalistikasının əsasları. Bakı, 2005

Məmmədli Zeynal. A-dan Z-yə telexəbər. Bakı, 2009

Məmmədli, Cahangir. Müasir jurnalistika. Bakı Dövlət Universitetinin Nəşriyyati, Bakı, 2003

Vaqner Den. Xırdaformatlı teleistehsal. Bakı, 1998

Advertisements

Telemüsahibə” üçün 2 cavab

  1. Mən Eyvazova Fatimə Fəxri qızı ADPU nun Tarix fakültəsinin 4 kursuna keçmişəm(qiyabi) Azərbaycan TV məkanında çalışmaq arzusundayam. 21 yaşındayam. İngilis danışıq dili, fars dilinde, türk dilində bilirəm.Öncədən Sizə təşəkkür edirəm.

    • Meni de adim Ayten mende ozumu televiziya sahesinde de sinamaq isteyerem elbbetde bu cox boyuk mesuliyyet teleb eden bir pese bir sahedir amma yenede zehmetsiz emeyinin qarsiligin almaq olmur men coooox isteyerdim ozumu idman proqraminin serhcisi ve ya aparicisi qisminde gorum

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma