Telexəbər


“Dəqiqlik operativlikdən yüksək qiymətləndirilir; Ədalət sensasiyadan daha üstün sayılır”.

Telexəbərin hazırlanma üsulu, təbii ki, bir qəzet və ya radio xəbərindən xeyli fərqlənir, amma bütövlükdə ortaq özəlliklər də var.

Mass Medianın digər qollarından fərqli olaraq TV-də birgə çalışma zərurəti bütün proqram formatları üçün səciyyəvidir. İstər reportyor komandasına daxil olan şəxslər – reportyor, kameraman və sürücülər (bəzi hallarda işıq mühəndisləri, və rejissorlar), istərsə redaktor və prodüserlər qarşılıqlı ünsiyyət mədəniyyətinə yiyələnməlidirlər. Onların hamısı bir hədəfə – maraqlı və gərəkli veriliş hazırlamağa köklənməlidir. Telexəbər istehsalının hər bir mərhələsində – istər istehsalöncəsi, yəni  ön hazırlıq, istər istehsal, yəni çəkiliş, istərsə montaj mərhələsində reportyorla operator aramsız peşəkar dialoq mühitində çalışmalıdırlar. Videomaterial efirə getdiyi zaman təkcə reportyor və operator deyil, prodüser və quruluşçu rejissor da ünsiyyət saxlamağı bacarmalıdırlar.

Xəbər süjetinin efirə hazırlanması və göstərilməsi  informasiya xidmətində çalışan digər əməkdaşlardan – xəbər aparıcısı və dizaynerdən, inzibatçı və kompüter (bilgisayar) proqramçısından, müxtəlif quruluşçu və mühəndislərdən də işbirliyi tələb edir. Ancaq son nəticədə bilgi və faktları şəxsən toplayan insan kimi yalnız reportyor göstərilən materialın dəqiqliyinə, doğru-dürüstlüyünə və çatımlı olmasına cavabdehdir. Efir materialının keyfiyyətinə, olayların ölçü-biçili və dəqiq əks etdirilməsinə məhz reportyor məsuliyyət daşıyır.

Peşəkar telereportyor heç vaxt unutmamalıdır ki:

– Dəqiqlik operativlikdən yüksək qiymətləndirilir;

– Ədalət sensasiyadan daha üstün sayılır;

– Olayların ölçü-biçili görüntüsünə telexəbərin maraqlı təqdimatından üstün dəyər verilir!

Reportyor komandası: Keyfiyyətli və portativ (yüngül və daşına bilən) avadanlığı olan teleşirkətlərin çoxunda olay yerində işi reportyor komandası  görür. Bu komanda, adətən, 2 nəfərdən – reportyor və kameramandan formalaşdırılır. Son dönəmlər hər 2 funksiyanı (bəzən sürücü vəzifəsini də) eyni adam gerçəkləşdirir. Hərçənd, o da düzdür ki, tək adam adi çəkiliş qrupunun iş keyfiyyətini heç də bütün hallarda əvəzləyə bilmir.

Operator olayın görüntülərinin dolğun çatdırılmasına, sürücü bu olayın ən önəmli məqamlarına vaxtında yetişməyə cavabdeh olsa da, efirdə göstərilən materialın bütün özəlliklərinə görə tam məsuliyyət reportyorun üzərinə düşür. Elə bu üzdən də məhz reportyor çəkiliş komandasının lideri sayılır.

Telexəbərdə jurnalist məlumatının qiymətləndirilməsi: Universal məzmunlu TV-lərin proqram gününə göz atsaq, xəbər buraxılışlarının aparıcı mövqe tutduğu üzə çıxacaq. Hər hansı teleşirkətin siması və səviyyəsi onun öz xəbər buraxılışları ilə ölçülə bilər. Digər proqramlar belə buraxılışların aralarında yerləşdirilir. Əlbəttə, söhbət musiqi və ya əyləncə TV-lərindən getmir. Dünya təcrübəsində istər ayrıca xəbərin, istərsə bütövlükdə telexəbər buraxılışının qiymətləndirilmə meyarları var.

İndi bir qayda olaraq, beş ciddi meyar əsas götürülür. Bu meyarların ən azı biri ödənilərsə, həmin xəbər buraxılışa daxil edilə bilər (hərçənd, xəbər prodüserlərinin fərqli xasiyyət və davranışlarını da unutmağa dəyməz).

1. Xəbər tamaşaçı üçün əməli fayda daşımalı və o bu xəbərdən aldığı bilgilər hesabına öz sonrakı davranışlarını dəqiqləşdirmək imkanı qazanmalıdır – tutaq ki, havaya görə necə geyinməkdən tutmuş, manatın xarici valyutalara nisbətdə məzənnəsinə, yol tıxaclarından ünlü ifaçıların konsert təqvimlərinəcən ən müxtəlif xəbərlər;

2. Xəbər bu xəbəri yayanın hörmətini artırmalıdır – misal üçün, həmin məlumatı eşidən adam “bax, bunu tanışlarıma danışaram!” və ya “bunu bilməyim nə yaxşı oldu!” – deyə düşünməlidir;

3. Xəbər tamaşaçıda dərdə şəriklik hissi oyatmalıdır – yəni bu xəbərə baxanları xeyirxah əməllərə, başı dərdə düşənlərə əl tutmağa səsləməlidir;

4. Xəbər olaya qatılmaq həvəsi doğurmalıdır – tutalım, bu xəbəri bilən adam “görəsən, o durumda mən özümü necə aparardım?” sualına cavab axtarmalıdır;

5. Xəbər estetik dəyər daşımalıdır – yəni bu xabərə baxan gözəlliyə, incəliyə meyllənməli, yaşayıb-yaratmaq həzzinə qapılmalıdır.

Sözügedən meyarlar həm xəbərləri planlayarkən, həm də onların düzümü zamanı çox faydalı ola bilər. Özəlliklə operativ buraxılışları hazırlarkən, həmin meyarlara önəm verməklə diri və canlı, həm də gərəkli bir proqram ortaya çıxarmaq olar.

 Ssenarinin yazılması və faktların yoxlanması

TV-nin 1-ci qaydası videosıraya – görüntülərə olayı açıqlamaq imkanının yaradılmasıdır. Çəkilişi düzgün aparmısınızsa, telexəbərin ssenarisi elə öz-özünə alınacaq. Reportyor mətninin başlıca özəlliyi – videosıradan açıq-aşkar bilinməyən məlumatın tamamlanmasıdır. Çəkilmiş görüntüləri diqqətlə gözdən keçirəndən, gərəkli kadrların zaman açarını yazandan sonra xəbər süjetinin strukturunu düşünmək və verilən qərarı kağıza köçürmək olar.

Videogörüntünün zaman açarı. Çəkiliş mərhələsindən sonra telexəbərin montajına hazırlanmaq lazım gəlir. Deməli, peşəkar ssenarini tamamlamaq üçün məhz hansı görüntüləri efirə verəcəyinizi dəqiqləşdirməlisiniz. Aydın məsələdir ki, bundan ötrü çəkilən videogörüntülərin hamısını gözdən keçirmək və seçdiyiniz görüntülərin zaman açarını yazmaq gərəkdir. “Zaman açarı” (TCR) videogörüntünü fiksasiya zamanına görə işarə etməyə və montaj vaxtı asanlıqla tapmağa imkan verir

Zaman açarını məminsəmək həm telejurnalistlərə, həm də rejissorlara hava-su kimi lazımdır. Bu işi gərəyincə bitirmək, videogörüntülərə təkrar-təkrar baxmamaq üçün zaman açarını yazarkən, diqqətli olmaq, görüntünün (+səsin və nitqin) nisbətən dolğun açıqlamasını vermək şərtdir. Söhbət görüntünün məzmunundan, hansı planda çəkilməsindən, təbii səsin səciyyəsindən, əgər müsahibə də varsa, hansı danışıq parçasının səslənməsindən gedir.

Xəbər süjetinin ideyası prodüserdən də gələ bilər, reportyorun özündən, kameramandan, rejissor və ya xəbər xidmətinin digər əməkdaşlarından, hətta seyrçilərdən də. Amma bütün hallarda, söhbət ciddi xəbərçilikdən gedirsə, belə süjetlərin ideyasını həyat doğurmalıdır. Telejurnalistika təcrübəsi açıq-aydın göstərir ki, yerli miqyaslı süjet ölkə miqyasında böyük əks-sədaya səbəb ola bilər. Digər KİV-lərdə yayımlanmış materiallar da aktual və maraqlı bir telexəbərin yaranmasına təkan verə bilər.

Məlumat və təşəbbüs hər kimdən gəlirsə-gəlsin, reportyor həqiqəti axtarmaqdan yorulmamalı, mümkün olduğu qədər axtarış aparmalıdır. Bu, çəkilişə hazırlıq mərhələsinin başlıca şərtidir.

Peşəkar jurnalistlər belə bir ortaq fikri bölüşürlər ki, həmin mərhələ bütövlükdə teleməhsulun keyfiyyət səviyyəsini öncədən müəyyənləşdirir. Məhz bu mərhələdə “görüntülərlə” xəbərləmək tələbi önə keçməli, “təxmini vaqonlar” və “təxmini yüklər” planlaşdırılmalıdır. İmkan varsa, xəbər süjetinin potensial personajları ilə məhz çəkilişəqədərki mərhələdə görüşmək və bəzi qəti qərarlar vermək (söhbət həm yaradıcı, həm də texniki xarakterli qərarlardan gedir) lazımdır.

Effektli telexəbər hazırlamağın 8 qızıl qaydası

1. Topladığın faktları dərindən araşdır və seçdiyin mövzunu  dolğun əks etdirdiyinə əmin ol;

2. Xəbərin biçimində cürbəcür dəyişikliklərdən çəkinmə;

3. Öz ritmini tap (ritminlə yaşa), sanki mahnı bəstələdiyini göz önünə gətir;

4. Danışıq dilində yaz və elə də danış (sanki olayı öz dostuna açıqlayırsan);

5. Deyimlərinin aydın və anlaşıqlı olmasına diqqət yetir;

6. Kadrarxası mətni qısa yaz, müsahibə və təbii səslərin olayı açıqlamasına imkan ver;

7. Rəsmi-dəftərxana dilindən, jarqonlardan və qəlib sözlərdən yararlanma;

8. Tamaşaçılara, dinləyicilərə birbaşa üz tut.

Yanlış variant: Artıq qət edilib ki, benzinin qiyməti gələn həftə artacaq.

Doğru variant: maşın sürürsünüzsə, daha çox pul xərcləməyə hazır olun; gələn həftədən benzin bahalanır.

Telexəbərlərdə müsahibələrdən bacardıqca səmərəli istifadə də ayrıca peşəkarlıq tələb edir. Müsahibələrdə seyrçinin artıq bildiyi deyil, keyfiyyətcə yeni məlumat əksini tapmalıdır.

Əhəmiyyətli informasiyanı reportyorun yox, olaya qatılan şəxslərin bildirməsi xəbərin təsir gücünü yüksəldir. Uçan binanın qarşısında stendap edən reportyorun – “Adamlar mənzil-istismar sahəsi müdirinin biganəliyindən gileylidirlər” – deməsindənsə, sakinlərdən bir-ikisinin düz kameranın obyektivinə baxaraq – “MİS müdiri baxsın da gözümün içinə!” və ya “O müdir indən belə hansı üzlə işləyəcək?” – söyləmələri daha inandırıcıdır. Seyrçi məlumatın qaynağını öz gözləri ilə görməlidir. Altyazı (subtitr) müsahibə verənlərin kimliyini də auditoriyanın diqqətinə yetirəcək.

Telexəbər hazırlarkən çəkilən görüntüləri dəyərləndirmə ölçüləri:

– Hadisənin baş verdiyi yer dolğun əksini tapıbmı?

– Müxtəlif insanlar çəkilibmi?

– Olayın həm adi, həm də qeyri-adi görüntüləri əks etdirilibmi?

– Olay məkanının ovqatı duyulurmu?

– Olayın zaman axarı necə duyulur?\

– Görüntü fraqmenti olayı necə açıqlayır?

– Təbii səslər, özəlliklə “reperaund”lar (ayrıca interküy) olayın dolğun açıqlanmasına necə yardım edir?

Unutmaq olmaz ki, videogörüntü də ayrıca dildir və onu da yaxşı, yaxud pis bilən, xoş olmayan və ya xoş ləhcə ilə danışan var. Tam təbiidir ki, pis çəkilən və uğursuz montaj edilən süjetlər özünə uyğun reaksiya doğuracaq. Yersiz ZUM və kamera gəzişmələri (panoramlar), əsib-titrəyən görüntü, darıxdırıcı kompozisiya teleseyrçinin canını sıxacaq, gördüklərini anlamaq ondan əlavə səy istəyəcək. Reportyor gərək yaddan çıxarmasın ki, indiki teleauditoriya artıq əvvəlki deyil. İndi insanlar peyk TV-lərinə baxır, az qala Hollivud standartlarına cavab verən şouları, filmləri, reklam çarxlarını izləyirlər. Bu durumda pis videomateriala neçə seyrçi baxacaq və videogörüntünün dilini zəif bilən reportyoru hansı prodüser işdə saxlayacaq ki?

Reportyor duruşu (kadrda çıxış və ya stəndap) 

Stəndap nədir?

Stəndap TV jurnalistinin danışan görüntüsüdür və ingilis dilinin “stand-up” sözündən götürülüb. Lüğəti tərcüməsi “dik durmaq”, “ayaqüstə dayanmaq”, “duruş” mənasına gəlir. Bizi maraqlandıran mənada reportyorun olay yerində görünüb nəyi isə xatırlatması, tamaşaçılardan ötrü dəqiqləşdirməsi, olayla bağlı önəmli ayrıntıya diqqət çəkməsidir.

Reportyoru da əlavə etsək, ingiliscədən Azərbaycan türkcəsinə “reportyor duruşu” kimi çevrilə biləcək stəndap hazırlanan süjetin ən təsirli elementi ola bilər. Teleekranda reportyoru görən seyrçi çox vaxt onun verdiyi məlumata daha diqqətlə yanaşır, çünki hər hansı olaya diqqət çəkməyin ən sadə yolu – insan amilindən faydalanmaqdır. Xəbərlədiyiniz olayı insandan “keçirəndə” məlumat daha çanayaxın olur.

Bu hallarda jurnalistin – reportyorun kadrda görünüb danışmasına ehtiyac yaranır:

– Məhz olay yerində olduğunu auditoriyaya göstərmək, baş verənləri öz gözü ilə gördüyünü və ya şəxsən olayın izinə düşdüyünü doğrulamaq istəyəndə. Misal üçün, yanğın, nümayiş və s. zamanı;

– Maraqlı və birbaşa olaya aid görüntülər yetərli olmayanda. Bu halda gələcək üçün dərs çıxarmağa da ehtiyac yaranır: “necə oldu ki, filan görüntüləri çəkilmədi?”, “daha nələr çəkilə bilərdi?” və s. və i.a.

– Reportyor süjetin danılmaz və önəmli elementi olanda. Məsələn, uçulub dağılan yeni binanı öz gözü ilə görmək üçün reportyor olay yerinə yollanır və onun bu addımı süjetin mahiyyəti sayılır;

– Reportajın müxtəlif hissələrinə “körpü” atanda. Misal üçün, “Bakıda vəziyyət belədir, ancaq Gəncədəki durum tamamilə fərqlidir…”. Unutmaq olmaz ki, “körpü” təkcə ayrı-ayrı yerləri deyil, müxtəlif arqumentləri də birləşdirə, başqa sözlə, 2 ayrıca elementi bir-birinə bağlaya və eyni reportaj daxilində teleseyrçiyə “olayın o biri tərəfinə baxmaq” imkanı yarada bilər;

– Süjetin önəmli hissəsini, məsələn, baş verən olayın əvvəlini və sonunu vurğulayanda. Misal üçün, reportyor reportaja başlarkən olay yerini göstərmək və ya süjeti bitirərkən xəbəri toparlamaq, yaxud olayın sonrakı inkişafına baş vurmaq istəyəndə;

– Haqqında söz açılan məsələyə diqqət çəkmək üçün. Bu halda reportyor kadra çıxa və hansı problemin vurğulandığını seyrçilərə şəxsən çatdıra bilər.

Stəndapa ehtiyac yoxsa, ondan istifadə etməyə dəyməz. Yersiz  stəndaplar, adətən, şöhrətpərəstlik duyğularından və bir də tənbəllikdən irəli gəlir. Repotyor  kadra çıxarkən, söyləyəcəyi sözləri diqqətlə götür-qoy etməli, “bizə ümid etmək qalır ki…”, “əlaqədar təşkilatlar bundan nəticə çıxarmalıdır” və s. qəlib ifadə və cümlələrdən qaçmalıdır.

Montaj: Aydın məsələdir ki, haqqında telexəbər hazırladığımız olayı başdan-ayağa göstərmək imkanımız yoxdur. İstər-istəməz, ən önəmli görüntünü seçməyə və vaxtı sıxmağa məcbur qalırıq. “Niyə?” sualının çox sadə cavabı var: xəbər buraxılışları saatlarca sürmür.

Videomontaj mətn redaktəsinə bənzəyir və elə gerçəkləşdirilməlidir ki, seyrçi çaşmasın. Görüntü və səs sırası olayın məntiqi ardıcıllığını pozmamalıdır. Bütün hallarda tamaşaçıların hadisə barədə dolğun bilgilənməsinə can atmaq lazımdır. Bundan ötrü olayla bağlı faktlar, müsahibələr yenidən sıralana və yenidən qruplaşdırıla bilər.

Kadrarxası mətn (reportyor şərhi): Söhbət o haldan gedir ki, videosırada reportyor görünmür, amma onun səsi eşidilir. Yəni reportyorun səsi ilə verilən informasiya videosıranın verdiyi informasiyanı tamamlayır. “Nə olub?” sualını seyrçilərə açıqlamaq üçün telexəbərin kadrarxası şərhlə hazırlanma üsulu çox əlverişlidir, çünki qulağa hesablanmış sözlərlə yanaşı, videosıranı da izləmək  mümkündür. Xəbər süjetinin ən asan başa gələn hissəsi məhz kadrarxası mətndir. Adətən, kadrarxası səs studiyada yazılır və sonra onun üzərinə görüntü  montaj edilir.

Kadrarxası mətndə reperaunddan (ayrıca interküydən) faydalanmalar reperaundda əksini tapan məlumatın xəbər süjetinin kontekstinə istər kompozisiya və məzmun, istərsə üslub baxımından tam uzlaşdırılmasını tələb edir.

Kadrarxası mətndə sitat gətirilməsi: Öncəliklə yadda saxlamağa dəyər ki, telesüjetdə sitat gətirməkdən və ya sitat səsləndirməkdən, imkan olduqca, qaçmaq lazımdır. Olaya aydınlıq gətirmək və ya olaya baxışlar arasında balans yaratmaq üçün sitat gətirmək qaçılmaz olanda, mətn qrafiklərindən faydalanmaq daha məqsədəuyğundur. Bu zaman sitat müəllifinin fotosunu, kimliyini göstərmək və sitat mətnini yazıb səsləndirmək işə peşəkar yanaşmaq nümunəsi sayıla bilər.

Kadrarxası mətndə rəqəmlərin verilməsi: Müxtəlif rəqəmləri eşidib yadda saxlamaq həmişə çətinlik yaradır. Özəlliklə TV-yə baxan adamın fikri görüntülərdə olduğundan reportyorun səsləndirdiyi rəqəmlər, adətən, diqqətdən kənarda qalır. Burdan o nəticəyə gələ bilərik ki, kadrarxası mətndə, imkan daxilində, rəqəmlərə yer vermək lazım deyil. Düzdür, məsələn, manatın məzənnəsi barədə süjet hazırlayanda və milli valyutanı avro və ya dolların kursu ilə müqayisə edəndə, rəqəmləri söyləmək mümkündür. Ancaq bu halda da söylənən mətni uyğun görüntülərlə uzlaşdırmaq şərtdir. Başqa sözlə, manatın məzənnəsi barədə konkret rəqəmləri səsləndirərkən uyğun valyuta kurslarını əks etdirən tabloları göstərmək məqsədəuyğundur.

Kadrarxası mətndə şəxs adlarının verilməsi: “Telexəbərdə naməlum ad və soyadlarından necə yararlanmaq olar?” sualının birmənalı cavabı yoxdur. Ancaq təcrübə göstərir ki, nəinki heç tanış olmayan və ya o qədər də tanınmayan adları, hətta məşhur şəxsləri də təkrar tanıtmaq daha doğru yoldur. Məsələ orasındadır ki, kimliyindən asılı olmayaraq hər bir müsahibi seyrçilərə tanıtmaq lazımdır. Özünüz deyin, önəmli bir məlumatın qaynağı olan insanı təkrar tanıtmağın kimə nə ziyanı var? Üstəlik, həmin şəxs süjetin əsas personajıdırsa, hər müsahibə fraqmentində onun subtitrini vermək  normaya çevrilməlidir.

Kadrarxası mətndə şəxs sonluqlarından istifadə: Önəmli incəliklərdən biri də kadrarxası mətni yazarkən reportyorun həmin mətndə “biz”, “fikrimizcə”, “əminik”, “düşünürük” və s. sözləri işlədib-işlətməməsi məsələsidir. Bənzər sözlərdən yararlanmaq olmaz, çünki baş verən olayla bu olaya münasibəti qarışdırmaq peşəkar reportyora yaraşmaz. Sadaladığınız sözlər jurnalistin (reportyorun) qərəzli münasibəti kimi qavrana və deyılənlərin identifikasiyasına – dəqiq eyniləşdirilməsinə imkan verməyə bilər. “Biz” deyərkən kimi nəzərdə tutursunuz və bu halda “siz” kimdir? “Əminik” deyərkən məhz kimlərin əminliyindən söhbət gedir və bu halda “əmin olmayanlar” kimlərdir? Və s. və i.a. Sadaladığınız sözlərdən bütövlükdə TV və ya konkret proqramın rəhbərliyi adından və  bəlkə də, jurnalistin özəl – “bunu da bilmək maraqlı olardı” qəbilindən reportajında yaralanmaq olar, ancaq bu hallarda da daha peşəkar davranış həmin sözlərin yerinə proqramın və ya çalışdığınız TV-nin adını çəkməkdir (“Xəbərlər” proqramı bu qənaətdədir ki”, “Cənub TV” o fikri bölüşür kı” və ya “Sizin reportyor düşünür ki”). Bu məsələləri  iş yerinizin “Üslub Soraqçası”nda tənzimlənməyə çalışın.

Kadrarxası mətndə yer adlarının verilməsi: Telexəbərin məzmunu, özəlliklə “harada?” sualının cavablanması baxımından az tanınan çoğrafi adlardan da yararlanmaq lazım gəlir. K/a mətnlərdə belə adları necə vermək, təbii ki, maraq doğurur. Necə edəsən ki, həmin yer barədə seyrçidə bəlli təsəvvür yaradasan? Necə edəsən ki, çətin yadda qalan adlarla seyrçini yormayasan? Və s. və i.a.

Yer adlarını vermək üsulları:

– Yeradı bəlli informasiya daşıyırsa, bir neçə dəfə xatırlatmaq lazımdır;

– Az tatınmış yer adlarını daha tanınmış coğrafi məkanlara bağlamaq məsləhətdir – məsələn, “Nağaraxana kəndi” deyil, “Şamaxı və Pirqulu arasında yerləşən Nağaraxana kəndi” yazmaq olar;

– Sözügedən yer adı videogörüntüdəki “ünvan planı”nda da göstərilməlidir (bu halda seyrçi yer adını öz gözləri ilə oxuyur);

– Xüsusi gərək duyulan hallarda yer adının əks olunduğu xəritəni görüntüləyərək vedeosüjetə daxil etmək olar;

– Yeradı dəyişibsə, bir müddət onun köhnə adını da xatırlatmaq lazımdır (məsələn,  “Şirvan şəhərində, keçmiş Əli Bayramlıda” və ya “Saxa respublikasında — əvvəlki adı ilə Yakutiyada”);

– Yeradı ədəbsiz səslənirsə, bu adı “ünvan planı”nda göstərin və bu yetərli deyilsə, həmin adı müsahiblərin dilində saxlayın;

– Yer adlarının yazılış və deyiliş qaydalarını öyrənin;

– Yanlış adların yayıcısına çevrilməyin (məsələn, “İran körfəzi” yerinə “Fars körfəzi” söyləməyin)

Xəbər aparıcısı üçün bağlayıcı mətnlərin yazılması: Belə mətn tiplərini, adətən, xəbər proqramını efirə verən buraxılış qrupu hazırlasa da, bu zaman reportyorun da üzərinə bəlli öhdəliklər düşür. Hansı təcrübənin əsas götürülməsinə baxmayaraq, xəbər reportyoru öz süjetinin bağlayıcı mətnlərini – aparıcı üçün “giriş sözü” və “son sözü” hazırlamağı özünə borc bilməlidir. Bu, olay və ya problemin mahiyyətcə açıqlanmasına və bütün xəbər xidməti əməkdaşlarının baş verənlərdən xəbərdar olmasına yarar saxlayır.

Ədəbiyyat

Məhərrəmli Qulu. Kino Televiziya və Radio Terminləri. İzahlı Lüğət. Bakı, 2002

Məhərrəmli Qulu. Radio dərsləri. Nurlan nəşriyyatı. Bakı, 2007

Məhərrəmli Qulu. Televiziya jurnalistikasının əsasları. Bakı, 2005

Məmmədli Zeynal. A-dan Z-yə telexəbər. Bakı, 2009

Məmmədli, Cahangir. Müasir jurnalistika. Bakı Dövlət Universitetinin Nəşriyyati, Bakı, 2003

Vaqner Den. Xırdaformatlı teleistehsal. Bakı, 1998

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma