Özəl həyatın ictimailəşməsi və gizli kameralardan istifadə


“Əgər ictimai fiqur şəxsi və ictimai həyatı ilə bağlı uzlaşmayan fəaliyyət göstərirsə, jurnalistlər korrupsiya, qanun pozuntuları, cinayət əməlləri və s. kimi ictimai maraq doğuran hallarla əlaqədar olaraq informasiya toplamağa və yaymağa haqlıdırlar”.

Son illər təkcə Azərbaycanda da deyil, bütün dünyada internet vasitəsilə yayılan xəbər və gizli video çəkilişlər böyük rezonansa səbəb olur, internet gizli faktların ortaya çıxarılması və senzurasız yayılması üçün şərait yaradır.

Məsələn, 1999-ci ilin yanvar “Drudge hesabatı” başlıqlı yazının internetdə dərci edilməsi ilə ABŞ prezidenti Bil Klinton və Ağ Evin keçmiş stajyerlərindən Monika Levinski arasında yaşanan səmimi əlaqə ortaya çıxmışdı. Həmin yazıda Levinskinin telefon danışıqlarına yer verilmişdi. 2010-cu ildə Türkiyənin ana müxalifət partiyasının lideri Dəniz Baykal və eyni partiyadan olan xanım millətvəkilinə aid görüntülərin internetdə yayılması siyasi qalmaqala səbəb olmuş və Baykal partiya sədrliyindən istefa etmək məcburiyyərində qalmışdı.

Gizli video çəkilişlərinin aparılması və internetdə yayılması Azərbaycan ictimaiyyəti üçün də yad deyil. Azadlıq qəzetinin direktoru Azər Əhmədov və jurnalist Xədicə İsmayılovaya aid görüntülərin internetdə yayılmasının üzərindən az vaxt keçib.  Yeni yayılan bir videomaterialda isə sabiq rektor və millət vəkili xanım arasında birincinin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb.

Sonuncuya şəxsin özəl həyatının toxunulmazlığı prizmasından yanaşmalar olsa da, bu  hadisə mahiyyət etibariylə digərlərindən fərqlənir. Bu fərqin nədən ibarət olduğunu ortaya qoymaq üçün şəxsi həyat sirri və ictimai maraq anlayışları arasındakı münasibətlər aydınlaşdırılmalıdır.

Şəxsi həyat sirri anlayışı

Hər kəsin şəxsi və ailə həyatının sirrini qorumaq hüququ var. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində belə deyilir. Qanunda göstərilən hallardan başqa, şəxsi həyata qarışmaq qadağandır.

Şəxsin şəxsi həyatının başlıca üç sahədən formalaşdığı qəbul edilir. Birincisi,  ümumi həyat sahəsidir ki, bu sahə başqaları tərəfindən bilinməsi mümkün olan, cəmiyyətə açıq bilgiləri əhatə edir. Məsələn, şəxsin kinoya, teatra, idman yarışlarına getməsi, bağda gəzintiyə çıxması, bazara getməsi və s. Şəxsin ümumi həyat sahəsi barədə informasiyanın gizliliyi qanunla qorunmur.

İkincisi, şəxsin özəl həyat sahəsidir ki, buraya aid olan informasiyalar, məhdud sayda və müəyyən meyarlara uyğun insanlarla (həkim, vəkil və s.) bölüşdürülə bilər. Bu sahəyə girən informasiyanı üçüncü şəxslər biləndə özəl həyat pozulmuş olur. Özəl həyat şəxsin peşə həyatı, ailə həyatı, yəni qapısını bağlayıb yaşadığı daxili həyatdır. Məsələn, şəxsin kiminlə nişanlandığı, yaxud dostluq etdiyi onun özünü və müəyyən şəxsləri maraqlandıran məsələdir, onun özəl həyat sahəsinə aiddir.

Və nəhayət üçüncüsü, şəxsin gizli həyat sahəsidir. Gizli həyat sahəsi, şəxsin başqaları tərəfindən bilinməsini, öyrənilməsini istəmədiyi davranış və hadisələrdən formalaşan sahədir. Şəxs gizli həyat sahəsinə girən informasiyanı ən yaxın adamlarına (ana, ata, qardaş, bacı, həyat yoldaşı, sirdaş) söyləyə bilər, yaxud bunları heç kimlə bölüşməyə bilər. Belə informasiyaya, şəxsin gizli duyğu və fikirləri, ümidləri, qorxuları, arzuları, həyat hadisələri, intim həyatı, gizli saxladığı düşüncələri, dini inancı, ailə münasibətləri kimi daxili aləminə aid məlumatlarla yanaşı, şəxsi yazışmaları (eşq məktubu, elektron söhbəti, teleqraf, xatirə dəftəri və s.) kimi xarici mühitlə əlaqəli məlumat və hadisələr də daxildir.

Gizli həyat toxunulmaz olmaqla yanaşı, şəxsi həyatın özəyini təşkil etdiyindən hər cür müdaxilələrdən qorunur. Bu sahəyə aid bilgilər hər kəsə, o cümlədən jurnalistlərə qapalıdır.

Şəxsin gizli həyatına aid olan məlumatlar hansı hallarda kütləvi informasiya vasitələrində yayıla bilər? Şəxsin özəl həyat sahəsi ilə gizli həyat sahəsinin sərhədlərini birbirindən ayırmaq həmişə asan olmur. Şəxsin sosial statusuna görə bu sərhədlər dəyişə bilər. Bu baxımdan sənətçi, siyasətçi, idmançı, ali vəzifəli şəxslər, iş adamları kimi ictimaiyyət tərəfindən tanınan şəxslərlə bu kateqoriyaya girməyənlər arasında fərq qoyulmalıdır. İctimaiyyətin tanıdığı şəxslərin ümumi həyat sahəsi xeyli geniş, özəl və gizli həyat sahəsi isə başqalarından fərqli olarak daha dardır. Hətta bəzən özəl həyat sahəsi ilə gizli həyat sahəsi üst-üstə düşür. İctimaiyyət tərəfindən tanınmayan şəxslərdə isə bu vəzyiyyət əksinədir. Odur ki, ictimaiyyət tərəfindən tanınan şəxslərin özəl həyatı, sosial həyatı, sağlıq vəziyyəti haqqında informasiya kütləvi informasiya vasitələrində daha geniş işıqlandırıla bilər. Lakin bu şəxsin ictimaiyyət tərəfindən tanınan olması onun özəl həyatına hər zaman müdaxilə oluna biləcəyi kimi qəbul edilməməlidir. Jurnalist bu vəziyyətdə bir daxili ölçüdən istifadə etməlidir. Bu ölçü, “ictimai fayda”dır. Jurnalist şəxsin özəl həyatına müdaxilə edən məlumatı yaymaq istəyirsə, həmin məlumatın ictimai faydasının daha yüksək olduğu qənaətinə gəlməlidir.

İctimai fiqur anlayışı

İctimai fiqurlar şəxsiyyəti və fəaliyyəti ictimai maraq dairəsində olan şəxslərdir. Dövlətin ali vəzifəli şəxsləri (ölkə prezidenti, baş nazir, nazirlər, Milli Məclisin sədri, yüksək məhkəmə hakimləri), Milli Məclisin üzvləri, hakimlər, prezident aparatının məsul işçiləri, Nazirlər Kabinetinin məsul işçiləri, iri dövlət idarə və müəssisələrinin rəhbər işçiləri, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, siyasi xadimlər, ictimai xadimlər (mədəniyyət, incəsənət, idman, din xadimləri) ictimai maraq dairəsində olan şəxslər sayılırlar.

İctimai fiqurun fəaliyyəti, həyat tərzi cəmiyyət üçün mühüm maraq daşıyır və daim diqqət mərkəzində olur. Şəxs ictimai fiqur olarkən öz ictimai və özəl həyatına cəmiyyətin maraq göstərəcəyini bilir. Şəxs ictimai fiqur olduqda hesab etmək olar ki, onlar şəxsi həyat sirrinə olan hüquqlarının müəyyən hissəsindən əl çəkmişlər. İctimai fiqurun şəxsi həyatı ilə əlaqəli toplanmış və yayılmış bilgilərin şəxsi həyata müdaxilə olub olmaması həmin bilgilərin yayılmasının ictimai marağa xidmət edib-etməməsi prizmasından qiymətləndirlməlidir. Bilgiyə çatım o halda məhdudlaşdırıla bilər ki, onun yayılmasından dəyə biləcək ziyan həmin bilginin açıqlığına olan ictimai marağı üstələsin.

Əgər ictimai fiqur şəxsi və ictimai həyatı ilə bağlı uzlaşmayan fəaliyyət göstərirsə, jurnalistlər ictimai fiqurun şəxsi həyatı ilə bağlı bilgiləri, xüsusilə cəmiyyətin həyatına mənfi təsir göstərən hallar (korrupsiya, qanun pozuntuları, cinayət əməlləri və s.), ictimai maraq doğuran sair hallarla əlaqədar olaraq və bunun üçün gərəkli olan dərəcədə toplamağa və yaymağa haqlıdırlar.

Hüquq pozuntusu haqqında məlumatlar şəxsi həyat sirrinə aid edilə bilməz, dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfindən qanunun pozulması faktları haqqında məlumatlar məhdudlaşdırıla bilməz. Hüquq pozuntusu ictimai əhəmiyyət daşıyan hadisə olduğu üçün jurnalist bunu, eləcə də cinayət etmiş şəxlərin adlarını topluma çatdırmaqda haqlıdır. Ancaq hadisəni işıqlandırarkən azyaşlıların qorunmasına diqqət edilməli, hadisə ilə əlaqəli olmayan şəxslərin əlaqəli kimi göstərilməsinə yol verilməməlidir.

Gizli kameralardan istifadə

Bəs hüquq pozuntusu barədə informasiya gizli kamera ilə vasitəsi ilə ortaya çıxarılıbsa nə olacaq? Etik kodekslər, yoxsa qanunlar rəhbər tutulmalıdır?

İnsanların gizli həyatının xəbərlərin predmeti olması Böyük Britaniya şahzadəsi Diananın ölümündə paparazzilərin günahlandırılmasının ardından mühabisələrə səbəb olur. Kamera hansı obyektlərə və nə zaman tuşlanmalıdır kimi suallar son dönəmlərdə xüsusilə aktuallaşıb. Hətta 1998-ci ildə İtaliyada bu növ fəaliyyətləri çərçivələmək məqsədiylə Paparazzilər haqqında qanun çıxarılıb.

Haşiyə: Paparazzi dünyanın hər yerində məşhur insanlara çətin anlar yaşada biləcək foto-şəkillər çəkməyə çalışan fotomüxbirləridir. Paparazzi xəbərləri pul, dəbdəbəli həyat, şan-şöhrət və s. mövzular üzərində qurulur. Belə xəbərlər tanınmış insanlar, əsasən ictimai xadimlərlə bağlıdır, sadə bir insanı xəbərə predmet etmək paparazzilərin tərzi deyil.

Qərb mediasında yer alan xəbərlərə görə, Fransanın keçmiş dövlət başçısı Fransua Mitteran qeyri-rəsmi nigahdan doğulan qızı ilə fotosunu ələ keçirən paparazziyə 500 min frank ödəyib. Paparazzilər Monako kraliçasının özəl görüntüsü üçün 2 milyon dollar, Papa II İohan Pavelin özəl fotosu üçün 1,2 milyon dollar qazanıblar. Bu nümunələr sübut edir ki, paparazzilik artıq ayrıca bir sektor kimi formalaşıb.

Məlum videogörüntü paparazzi tərəfindən lentə alınmayıb, çəkilişin aparıldığı yer özəl mülk, predmeti şəxsin gizli həyat sahəsi deyil. Bu, ictimai marağa səbəb ola biləcək hadisədir. Hüquq pozuntusunu ortaya çıxarmanın yeganə yolu gizli kameralardan istifadə etməkdirsə, “çəkmə” ya da “yayma” deyə bilməzsniz.

Qanunlar və etik kodeks nə deyir?

Azərbaycan Konstitusiyasına edilən son dəyişikliklər öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılması, saxlanılması, istifadəsi və yayılmasını qadağan edir. Buna görə, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Yenə əsas qanunda bildirilir ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir.

Azərbaycan jurnalistlərinin peşə davranış qaydalarına görə isə, jurnalist vətəndaşların şəxsi həyatına aid faktları, onlar cəmiyyətin maraqlarına toxunmursa, hüquqa zidd deyilsə və ya ictimai əhəmiyyət kəsb etmirsə, özlərinin razılığı olmadan yaya bilməz.

Nəticə olaraq hadisəyə hüquq pozuntusuna şəxsi həyatın toxunulmazlığı prizmasından yanaşmaq doğru deyil. Lakin onu da nəzərə almaq lazımdır ki, Konstitusiyanın 63-cü maddəsində hər kəsin təqsirsizlik prezumpsiyası hüququ olduğu qeyd olunur. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Jurnalist bu halda hüquq mühafizə orqanları tərəfindən saxlanan, yaxud məsuliyyətə cəlb edilən şəxslər barəsində bilgi verərkən bu amilləri diqqətə almalıdır.

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma