Radiomüsahibə və radio söhbət


“Analitik janrlar baş vermiş hadisəni və ya faktı jurnalistin, ekspertin, müəllifin münasibətindən keçirərək auditoriyaya təqdim edir”.

Analitik janrlar fakta və hadisəyə təhlil, araşdırma və izahetmə meyarları ilə yanaşır. Bu janrlar daha çox fakt və hadisənin əsas məqamlarının təhlilini öz üzərinə götürür. Radiojurnalistikanın bu ad altında qruplaşdırılan müsahibə, söhbət, icmal və s. kimi janrları hər hansı fakt və hadisəni təhlil obyektinə çevirir, müəllif məqsədinə uyğun olaraq konkret istiqamətdə araşdırır. Bu janrlar üçün səciyyəvi cəhət mövzunun müxtəlif rakurslardan araşdırılması, əks fikirlərin tutuşdurulması və plüralist təhlilin aparılmasıdır.

Analitik janrlar baş vermiş hadisəni və ya faktı jurnalistin, ekspertin, müəllifin, adi vətəndaşın və s. münasibətindən keçirərək auditoriyaya təqdim edir. Analitik janrlar arasında ən çox işlənən müsahibə, söhbət və icmaldır.

Əslində müsahibə radioda hər üç rakursda özünü göstərir: a) informativ; b) analitik; c) rəy. Radionun xəbər buraxılışlarında müsahibə həm ayrıca janr kimi, həm də daha çox radioreportajın bir elementi kimi özünü göstərir. Reportyor işinin tərkib hissəsi kimi bir çox məqamları nəzərə almağı, ilk növbədə isə müsahibi düzgün seçməyi, onunla ünsiyyətə girmək bacarığı, müsahibindən məhz lazımi informasiyanı dəqiqliyi ilə almağı tələb edir. Nəzərə alaq ki, jurnalistin təmasda olduğu, müraciət etdiyi adamların çoxu informasiya mənbələridir. İnformasiya daşıyıcısı olanların çoxu, xüsusilə dövlət məmurları heç də həmişə müsahibə verməyə maraq göstərmirlər. Bu zaman jurnalistin münasibət yaratmaq taktikası çox vacibdir. Təsadüfi deyildir ki, müsahibələr bəzən reportyorun peşəkarlığının əsas göstəricisinə çevrilir. Çünki mühüm bir hadisənin iştirakçısından və ya ıahidindən alınan müsahibələr çox effektli olur və olayın zəruri incəlikləri haqqında dolğun təsəvvür yaradır.

Müsahibə zamanı həlledici məqam informasiya daşıyıcısına düzgün sual verilməsidir. Verilən sual yığcam və sırf məsələnin mahiyyəti ilə bağlı olmalıdır. Yanlış, yersiz, mətləbə aid olmayan sual müsahibi mətləbdən yayındırır və lazımi informasiyanı almağa mane olur. İki sualın dalbadal verilməsi də arzuolunmazdır. Əgər reportyor eyni zamanda iki sual verərsə, bu zaman müsahib sualların birindən yayınacaq ya da onu unudacaq. Bəzən müsahibə zamanı cavabından qane olmayan reportyor sualı bir daha təkrar etməli olur. Belədə əlavə suallara ehtiyac bir neçə səbəbdən yaranır: a) sual dəqiq və aydın olmadıqda; b) mənbə suallara tam cavab vermədikdə; c) həvəslə, lakin mətləbə aid olmayan cavab verdikdə; d) müsahib sualın məğzini unutduqda; e) müsahib bilərəkdən cavabdan yayındıqda.

Müsahibə alan reportyor danışana sözünü bitirməyə imkan verməli, yalnız onun dediklərində ziddiyət gördükdə və ya cavabdan yayınma hissetdikdə öz fikirlərini bildirməlidir. Belə situasiyanın yaranmaması üçün reportyor hadisənin iştirakçıları ilə əvvəlcədən söhbət aparmalı, eyni zamanda müsahibin və ya müsahiblərinin fikirlərini reportaja necə daxil edəcəyi barədə düşünməlidir. Reportyor həmçinin şablon ifadələrdən qaçmalı, mövzuya uyğun olaraq dinləyiciyə hər hansı hadisə və ya fakt barədə informasiya verə biləcək insanları axtarıb tapmalıdır.

Radioreportajdakı müsahibə zamanı əsas diqqət verilməsi vacib olan şərt reportyorun nitqidir. Radionun qavrayışla bağlı xüsusi təbiəti bir çox halda ağırlığı canlı sözün, intonasiyanın, tələffüzün üzərinə salır. Radiomüsahibədə dinləyici mövzunun aktuallığı, əhəmiyyəti ilə yanaşı fikirlərin ifadə tərzinə, çıxış edənin nəinki ümumi danışıq mədəniyyətinə, həm də ayrı-ayrı sözləri necə tələffüz etməsinə fikir verir. Ona görə nitq mədəniyyətinin tələblərinə ciddi riayət olunması radiomüsahibədə xüsusi əhəmiyyət kəsb edir.

Analitik janrlardan radiosöhbətin başlıca vəzifəsi fakta, hadisəyə təhliletmə prizmasından yanaşmaq, dinləyicilərdə həmin fakt və ya hadisə barədə müəyyən qənaət yaratmaqdır.  Söhbət müəllifin –müxbirin, alimin, həkimin, şairin və s.  dinləyici ilə səmimi dialoqudur. Söhbəti mikrofon qarşısında diktorun oxuması verilişi bir növ, simasızlaşdırır, müəllifin verilişə gətirəbləcəyi səmimiyət və emosionallığı yox edir. Bu səbədən söhbətin əsas formalarından biri müəlliflərin mikrofon qarşısına dəvət olunmasıdır.

Radioverilişlərdə icmal janrına da tez-tez müraciət olunur. Siyasi, sosial-iqtisadi, mədəniyyət, idman və s. mövzularda hazırlanan icmal təkcə ayrı-ayrı fakt və hadisələrin mexaniki toplanması deyil, müəyyən dövr ərzində baş vermiş bu hadisələrin təhlili, onların izah edilməsidir. İcmal müəyyən dövr ərzində (həftə, ay) baş vermiş eyni xarakterli hadisələr içərisində ən səciyyəlilərini bir yerə cəmləşdirən janrdır. Burada fakt və ya hadisə ayrı-ayrılıqda deyil, bütöv bir vahidin ünsürləri kimi nəzərdən keçirilir. Əgər radioda söhbət, şərh daha çox dərinliyə meyl edirsə, icmal üfüqi istiqamətdə inkişaf edir və daha çox xülasə xarakteri daşıyır.

Ümumi icmallarda müəyyən dövr ərzində müxtəlif hadisələrə dair başlıca faktların, hadisələrin məcmusu öz əksini tapır. Bu icmallarda hadisələrin geniş panoramı verilir. Tematik icmallarda isə ictimai-siyasi, iqtisadi və mədəni həyatımızın müəyyən bir sahəsi öz əksini tapır. Bu icmallarda ünvanlılıq daha güclü olur, müəyyən bir sahəyə maraq göstərən dinləyiciyə həmin sahənin həyatını ardıcıl izləmək imkanı verilir. “Planetimizin mənzərəsi”, “Gün keçdi”, “Mədəniyyət aləmində” və s. verilişlər bu baxımdan diqqəti cəlb edir.

Şərhdə hər hansı faktın təhlili verilir və bu baxımdan şərh özünü metod kimi bütün analitik janrlarda göstərə bilir. Şərhin bir neçə məqsədi vardır:

1. Dinləyici auditoriyasının diqqətini ciddi ictimai maraq kəsb edən hansısa aktual fakta yönəltmək;

2. Faktın vacibliyini göstərmək və baş verən hadisənin səbəblərini açmaq;

3. Hadisənin gələcək mümkün inkişaf variantlarını – proqnozları göstərmək;

4. Misallar və nümunələrlə problemin həlli yollarını göstərmək.

İnformasiyanın məlum olan “kim”, “nə”, “harada” sualları şərhdə “niyə”, “nə səbəbdən”, “kimə sərfəlidir”. “nə etməli”, “hansı yaxşıdır” və s. kimi analitik cavab tələb edən suallara çevrilir. İcmal radio dinləyicisini məlumatlandırmaqla yanaşı, onun ümumi dünyagörüşünün artmasına xidmət edir.

Ədəbiyyat

Mehdi F. Mətbuat janrları (Operativ-informasiyalı janrlar). Bakı, 1999

Məhərrəmli Qulu. Kino Televiziya və Radio Terminləri. İzahlı Lüğət. Bakı, 2002

Məhərrəmli Qulu. Radio dərsləri. Nurlan nəşriyyatı. Bakı, 2007

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma