Radiojurnalistikada rəy bildirən janrlar


“Rəy – fikir bildirən janrlar, bir qayda olaraq xəbərdən törəmə proqramlarda, debat və diskussiyalarda çıxış, şərh, rəy və s. formalarda özünü göstərir.”

Rəy bildirən janrlardan bəhs edərkən daha çox yozum, münasibət, rəy, mövqe bildirən, fakta və ya hadisəyə münasibətdə qiymətləndirmə prizmasından çıxış edən efir materilları göz önünə gətirilməlidir. Əgər xəbərdə hadisə və ya faktın yalnız özü varsa, analitik janrlarda bunların çoxşaxəli təhlili, analizi verilirsə, artıq rəy bildirən janrlarda həmin fakt və hadisənin ictimai mahiyyəti, cəmiyyət və ictimai proseslər üçün faydası yaxud faydasızlığı, dinləyici üçün önəmi və s. şərh olunur.

Rəy – fikir bildirən janrlar, bir qayda olaraq xəbərdən törəmə proqramlarda, debat və diskussiyalarda çıxış, şərh, rəy və s. formalarda özünü göstərir. Bu janrlarda xəbərə və ya təhlilə xas elementlər ola bilər, amma nə xəbərdə, nə də analitik materiallarda şərh – mövqe, münasibət yol verilməzdir. Xüsusən TV və radioda bu prinsipin pozulması efir materialını təbliğat, təşviqat məhsuluna çevirir, bu isə bəzən manipulyasiya və ya ictimai rəyə təsir göstərmək cəhdi kimi qiymətləndirilir.

Şərh – Azərbaycanın çağdaş radio təcrübəsində rəy bildirən janrların ən tipik və ən geniş yayılmış nümunəsidir. Şərh irihəcmli xəbərdəntörəmə və diskussiya proqramlarının əsas elementidir. Radionun geniş işlənən janrlarından biri kimi müəyyən mövzu və ya xronoloji çərçivə daxilində fakt və ya hadisənin mahiyyəti haqqında dinləyiciyə məlumat verir, hansısa prosesin, yeniliyin mahiyyətini izah edir.

Başqa janrlar kimi şərh də xalis formada mövcud deyildir. Buna görə də şərhin özünü də iki yerə ayırırlar: a) şərh sərbəst janr kimi; b) hər hansı proqramın tərkibinə daxil olan element kimi.

Məlumdur ki, hər hansı xəbərdə yaxud reportajda təkcə hadisənin birbaşa təsviri deyil, bəzən onun qiymətləndirilməsi, təhlili də tələb olunur. Burada reportyorun seçdiyi təsvir şərh elementləri dinləyiciyə görə bilmədiklərini çatdırır və hadisənin əsas məqamlarının təqdim olunmasına yardım edir. Amma bu zaman reportyor obyektivlik və qərəzsizlik amilini nəzərə almalı, söz və ifadələri seçərkən çox diqqətli olmalı, heç bir halda şərh verməməlidir. Məhz radioreportajlarda mövqe bildirməməsi reportyorun nə dərəcədə obyektiv olmasını üzə çıxarır. Əgər radiostansiya bu reportajda haqqında bəhs olunan hadisənin şərhini zəruri hesab edirsə, o zaman gündəlik müzakirə və diskussiya proqramında bu hadisəni önə çəkir.

Dinləyicilərinə informasiya çatdıran reportyor bəzən bəzi epizodları təhlil etmək, qısa şərh vermək zərurəti ilə üzləşir. Şərhə zərurət yaranarkən bir neçə amili nəzərə almaq vacibdir:

a) Hansı hadisəni şərh etməli

b) Nədən danışmalı və nəyi deməli

c) Bu şərh ictimai rəyə hansı mesajları verir və dinləyicilərdə hansı hissləri oyada bilər

ç) oponentlər nələrə etiraz edə bilərlər.

Şərhi müəyyən sahə üzrə (siyasi, iqtisadi, hüquq, kriminal, sosial və s.) ixtisaslaşmış ekspertlər aparsalar daha yaxşı olar. Həm də bu şərhlər çox qısa və yığcam olmalıdır. Sərbəst şəkildə işlənən şərh janrının əsas məqsədi fakt və hadisənin, davam etməkdə olan və ya bitmiş bir prosesin mahiyyətinin təhlil olunub qiymətləndirilməsidir. Şərhin mövzu dairəsi kimi onun müəllif heyəti də genişdir. Hər gün efirdə səslənən ictimai – siyasi, elmi – kütləvi, mənəvi tərbiyə mövzusunda və beynəlxalq mövzularda şərhlər bu janrın geniş imkanlara malik olduğunu sübut edir, radio janrları arasında onun mövqeyinin gecləndiyini göstərir. Şərhi söhbətdən fərqləndirən başlıca cəhət onun redaksiyanın rəsmi fikri olması, digər tərəfdən isə toxunulan hər hansı məsələyə münasibətin daha açıq və aydın şəkildə biruzə verilməsidir. Bir janr kimi şərhin əhəmiyyəti ondadır ki, o, mürəkkəb hadisələr əsrində yaşayan dinləyicini düzgün istiqamətləndirsin, prosesləri düzgün qavramaqda, cəmiyyətin yol seçimində ona yardımçı olsun. Məhz bu missiyasına görə, şərhçidən dərin bilik, vicdanlı və ədalətli olmaq tələb edilir.

Rəy xarakterli çıxış, söhbət, sorğu da müəyyən fakt, hadisə ilə bağlı münasibət, mövqe bildirir. Adətən radiolar hər hansı ictimai –  siyasi, sosial – iqtisadi, humanitar xarakterli hadisələrin mahiyyətini dinləyicilərə anlatmaq və onları qiymətləndirmək üçün bu janrlara müraciət edirlər. Onu da qeyd edək ki, bu janrlar sabit deyil, dəyişkəndir, müəllifin məqsədindən asılı olaraq verilişdə forma elementinə keçə bilirlər.

Ədəbiyyat

Fichtelius Erik. Jurnalistikanın on qızıl qaydası. Bakı, 2001

Mehdi F. Mətbuat janrları (Operativ-informasiyalı janrlar). Bakı, 1999

Məhərrəmli Qulu. Kino Televiziya və Radio Terminləri. İzahlı Lüğət. Bakı, 2002

Məhərrəmli Qulu. Radio dərsləri. Nurlan nəşriyyatı. Bakı, 2007

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma