Radio proqram növləri


“Müasir radiojurnalistika nəzəriyyəsində proqramların əsas əlamətləri bir sıra prinsiplərə görə, ilk növbədə isə məqsədə, məzmuna, janra, hansı radiokanalda səslənməsinə (kanalı mülkiyyət mənsubiyyəti və statusu), hansı auditoriyaya ünvanlanmasına, təbii ki, yaradıcılıq və təşkilati işlərinin gerçəkləşdirmə üsullarına, həmçinin efirdəki işin xüsusiyyətlərinə görə müəyyənləşir”.

 

İstənilən yaradıcı fəaliyyətin əsasında insanın mənəvi-ruhi və estetik tələbatının ödənilməsi dayanır. Radio yayımının və proqram yaradıcılığının da məqsədi budur və həmin məqsədin gerçəkləşdirilməsi prosesində formalaşan əlamət və xüsusiyyətlər proqramın növünü müəyyənləşdirir.

Müasir radiojurnalistika nəzəriyyəsində proqramların əsas əlamətləri bir sıra prinsiplərə görə, ilk növbədə isə məqsədə, məzmuna, janra, hansı radiokanalda səslənməsinə (kanalı mülkiyyət mənsubiyyəti və statusu), hansı auditoriyaya ünvanlanmasına, təbii ki, yaradıcılıq və təşkilati işlərinin gerçəkləşdirmə üsullarına, həmçinin efirdəki işin xüsusiyyətlərinə görə müəyyənləşir. Sadalanan bu əlamətlərə görə əsas proqram tiplərini bu şəkildə müəyyənləşdirmək olar:

– Xəbər (informasiya) proqramları

– Xəbərdən törəmələr (analitik, ictimai-siyasi)

– Diskussiya (interaktiv və studiyada dialoq) proqramlar;

– Jurnal tipli proqramlar

– Müəllif proqramları

– Əyləncə (oyun) proqramları

Bu proqram növlərinin heç biri tipoloji baxımdan xalis olmasa da, onlara xas daimi xüsusiyyətlər mövcuddur və bu xüsusiyyətlər həmin proqramları ayrıca növ kimi səciyyələndirməyə əsas verir. Bu əsas əlamətlər sırasına

a) daimi efir vaxtının (dövriliyinin) olması;

b) efirdə səslənmə müddətinin sabitliyi

c) fərqli musiqi tərtibatı, spesifik musiqi keçidləri və anonsların olması

ç) daimi element kimi aparıcının mövcudluğu

d) çoxelementlilik

e) proqramın məqsədinin gerçəkləşməsinə xidmət edən janrlar toplusundan istifadə

ə) efirə çıxdığı kanalda ardıcıl və sistemli reklam edilməsi və s. daxildir.

Xəbər proqramları bir veriliş növü kimi məlumatlandırma funksiyası ilə birbaşa bağlıdır. Bu proqramların əsas məqsədi ölkədə və dünyada baş vermiş mühüm hadisələr barədə dinləyiciyə məlumat verməkdir. Məhz ictimai-sosial əhəmiyyəti olan konkret fakt əsasında hazırlanıb çatdırılan xəbərlər cəmiyyətdə gedən ictimai-siyasi və mədəni həyatda gedən proseslərin dolğun mənzərəsini əks etdirir.

Radio nədən və necə xəbər verməlidir? Radio ciddi yığcamlığa meyilidir. Efirdə 2-3 dəqiqəlik buraxılış ərzində maksimum məlumat vermək və eyni zamanda bu məlumatların yadda qalmasına nail olmaq böyük məharət tələb edir.

Ciddi radiostansiyaların onurğa sütunu xəbər buraxılışlarıdır, günün proqramı məhz bu buraxılışlara görə müəyyən olunur. Bəzən efirdə verilən hər hansı mühüm xəbərin proqram boyunca gün ərzində şərh edilməs, hər hansı fakt ya da hadisə ilə bağlı studiyaya qonaqların dəvət olunması, əlavə şərh, rəy ya da reportajların verilməsi onu göstərir ki, informasiya buraxılışları digər proqramlara da təsir edərək yayımın əsas elementinə çevrilir. Əslində bu məqamda informasiya başqa proqramlara da hopur və dinləyiciyə daha dolğun şəkildə təqdim olunur.

Xəbərlərin məzmunu ilə yanaşı onun coğrafiyasına, çatdırılma formalarına və düzümünə diqqət yetirilməlidir. Bununla yanaşı proqramda xəbər buraxılışlarının daimi yeri – efir vaxtının olması da əsas şərtdir.

Efirə verilən materialın xarakterinə – mövzusuna, hadisənin ictimai əhəmiyyətinə, həcminə, operativlik dərəcəsinə görə xəbər buraxılışlarını üç qismə ayırmaq olar:

1. Ümumi xəbərlər

2. Tematik xəbərlər

3. Xüsusi xəbərlər

Ümumi xəbər buraxılışları məzmunca müxtəlif olan informasiyaların toplusu, bir növ, hadisələrin panoramıdır. Ən geniş yayılmış xəbərçatdırma növü kimi belə buraxılışlar ümumi auditoriya üçün nəzərdə tutulur və xəbərlərin ən geniş spektrini əks etdirir.

Tematik xəbərlər konkret bir sahəyə – iqtisadiyyat, maliyyə, vergi, səhiyyə, idman, incəsənət, şou və s. aid xəbərlər toplusudur. Adətən bu növ xəbər buraxılışlarını bütün sutka ərzində işləyən radiolar verir.

Xüsusi xəbər buraxılışları bir qayda olaraq, mühüm bir hadisəyə – ictimai mərasim, sammit, idman tədbiri, seçki, festival, beynəlxalq forum və s. həsr olunur. Gözlənilməz hadisə və ya fövqəladə vəziyyətlərə dair – müharibə, terror aktı, zəlzələ, digər təbii fəlakətlərə aid xəbərləri də xüsusi buraxılışlara aid etmək olar.

Hazırda radio yayımına xas olan aşağıdakı keyfiyyət göstəriciləri sadalanır:

– İnformasiya spektrinin və mövzu rəngarəngliyinin genişlənməsi

– Aktuallığın və operativliyin yüksəlməsi

– Xəbər leksikasının zənginləşməsi və cümlələrin daha da yığcamlaşması

– Xəbər mətnlərinin təqdimatında musiqi və səs lövhələrindən məqsədli istifadənin artması

Xəbərçiliyin inkişafı efirdə xəbər proqramlarının yeni növlərinin üzə çıxmasına imkan vermişdir. Hazırdakı radio təcrübəsi tipolji baxımdan

a) sırf informasiya

b) analitik informasiya

c) musiqi – informasiya

ç) informasiya və əyləncə

e) informasiya – reklam proqramları barədə danışmağa əsas verir.

Xəbərdəntörəmə proqramlar dedikdə əsas xəbər buraxılışlarında səsləndirilən mühüm ictimai – siyasi hadisələrin daha ətraflı araşdırılıb təhlil olunduğu proqramlar nəzərdə tutulur. Məsələn, tutaq ki, əsas xəbər buraxılışında ABŞ-ın Liviya səfirinin yanğında öldüyü bildirilir, bundan təxminən 1-2 saat sonra irihəcmli verilişdə bu mövzu ekspertlərin iştirakı ilə ətraflı araşdırılır. Belə proqramlar üçün mövzunun konkret arqumentlərlə, əsaslandırılmış şəkildə və auditoriya üçün maraqlı olan bir tərzdə araşdırılması əsas şərtdir.

Vaxtilə Sovet radio sisteminin tərkib hissəsi olan Azərbaycan radiosunda mövcud olmuş bu növ verilişlər özünü radioqəzetlər, xülasə və icmallar formasında, daha sonralar təbliğat verilişləri və ictimai – siyasi proqramlar  biçimində özünü göstərib. Hazırda özəl radiolar xəbər törəmələrinin ən müxtəlif formalarından istifadə edir. Bu növ verilişlərin əsas funksiyası informasiya proqramlarında verilən baş xəbərin gün ərzində əsas mövzuya çevrilməsini təmin etmək və problemi dinləyicilər üçün anlaşıqlı bir tərzdə izah etməkdir. Bu formatda olan verilişlər əsasən müsahibə, şərh, icmal janrlarına əsaslanır və sahə mütəxəssislərinin, politoloq və ekspertlərin iştirakilə təşkil olunur. Bu növ verilişlərə aşağıdakı tələblər verilir:

– Seçilən mövzunun aktuallığı və gərəkliliyi

– Dəvət olunmuş mütəxəssislərin səlahiyyətliliyi

– Aparıcının mövzuya dərindən bələd olması

– Fikir və mövqe müxtəlifliyinin gözlənilməsi

– Dinləyici suallarının cavablandırılması

Radio formatlarının meydana gəlməsini və inkişafını iki əsas amil şərtləndirir: a) radio texnikasının inkişafı ilə əlaqədar yaranan imkanlar;  b) radiojurnalistlərin peşəkarlığının  və yaradıcılıq axtarışlarının artması. Auditoriyanın marağının və tərkibinin nəzərə alınması da müxtəlif radio formatları yaradır. Müasir radionun yayım təcrübəsinə əsasən bu formatları üç qrupa ayırmaq mümkündür:

1. Sadə kompozisiyalı verilişlər

2. Sadə kompozisiyalı verilişlərin çevik, müstəqil elementi olan formalar

3. Mürəkkəb kompozisiyalı verilişlər.

Sadə kompozisiyalı verilişlərin ən geniş yayılmış forması xəbərlər bülletenidir. Həmin forma özü də yayım cədvəlindəki yerinə və tutumuna görə iki yerə: qısa və əsas bülletenlərə bölünür. Qısa bülletenlər (3 – 5 dəqiqəlik xəbərlər) informasiya yayımının populyar formalarından biridir və bu forma adətən dinləyicini hadisələrlə tanış etmək, ona bu hadisələri müəyyən fasilələrlə müntəzəm izləmək imkanı vermək məqsədini güdür. Hər məlumatı bir neçə qısa cümlədən ibarət olan belə bülletenlər hər 30 – 60 dəqiqədən bir, gün ərzində bir neçə dəfə səslənir. Olduqca əhəmiyyətli xəbərləri, rəsmi məlumatları, ekstremal şərait və təbii fəlakətlə bağlı olan informasiyaları çox operativ şəkildə dinləyicilərə çatdırmaq üçün qısa bülletenlərin əvvəlcədən nəzərdə tutulmayan təcili buraxılışları da olur.

Əsas bülletenlər 15 – 20 dəqiqəlik xəbərlər buraxılışından ibarət olur. Burada hadisələr panoramı nisbətən özünün genişliyi ilə, hadisəni nəzərə çatdırmaqla yanaşı, onun izahına və şərhinə meylin güclülüyü ilə, informasiya janrlarının daha çox növünə müraciəti ilə seçilir. Bülletenlərdə çıxışa, radiomüsahibəyə, radioreportaja təsadüf olunur. Əsas bülletenlər daha çox dinlənən saatlarında səslənir.

Hər hansı xəbər verilişinin müstəqil elementi olan, yaxud forma içərisində forma sayılan jurnalist materialının tərtibi üsulları müasir radioda geniş yayılıb. Belə üsullardan biri radiopaket adlanır. Bu forma vaxtilə Azərbaycan radiosunun təcrübəsində geniş yayılmış “süjet” anlayışının yeni, daha çevik formasıdır. Radiopaket strukturuna görə aparıcının bağlayış sözlərindən, müxbir söhbətindən və həmin müxbirin verilişə hopdurduğu müxtəlif müsahibələrdən hazırlanır. Xronometrajı 5 dəqiqəni ötmür. İrihəcmli verilişlərdə radiopaketə bənzər 5-8 dəqiqəlik materiallar ola bilər və bu daha çox sənədli oçerk adlanır. Hazırda xəbər formatlarına yer verən bütün radioların proqram menyusunda radiopaketin xüsusi yeri vardır.

Radiopaket müxtəlif mövzulu materialların, faktların, səs effektlərinin, müsahibə epizodlarının birləşməsindən yaranan jurnalist işidir. Paket mövzunu daha optimal, anlaşıqlı formada dinləyiciyə çatdırır. Mövzu yalnız bir mövqedən yox, mövcud olan bütün mövqelərdən işıqlandırılır. Yaradıcılıq baxımından da bu formatda maraqlı, olduqca cazibədar, dinləyicini ovsunlayan jurnalist gedişləri etmək mümkündür.

Radiopaket müxtəlif elementləri – mətn, bir neçə müsahibə, təbii küylər və musiqi, reportajlar, arxiv materiallarını özündə birləşdirir. Paketin mövzusu dəqiq seçilməli və fokusu dəqiq müəyyənləşdirilməlidir. Məsələn, əgər gender probleminə həsr olunmuş reportajlar hazırlanırsa burada fokus dəqiqləşdirilməlidir. Məsələn, qadınlar və sosiallaşma, qadınlar və ölkənin siyasi həyatı, qadın hüquqları, qadının cəmiyyətdə diskriminasiyası, qadın və ailə, qadın və reprodüktiv sağlamlıq və s. Biz bu çoxşaxəli mövzuda nəyi qabardacağımızı, yəni fokusu dəqiq bilməliyik. Fokusun dəqiqləşdirilməsi jurnalistin araşdırmasını asanlaşdırır.

Radiopaket üçün maraqlı, cəlbedici mövzu seçilməlidir. Məsələn soisal mövzular ciddi araşdırma tələb etdiyindən paket üçün maraqlı, hətta ideal sayılır. Xüsusi hadisəıər, kəşflər, nəyinsə açılması, yaxud bağlanması, hətta musiqi ilə bağlı hansısa bir tarixçə radiopaket üçün yaxşı mövzu ola bilər.

Radiopaketə verilən əsas tələblərdən biri də balansın qorunmasıdır. Bu, mövzuya aid olan bütün baxış bucaqlarının və mövqelərin materialda yer alması deməkdir. Əgər texniki baxımdam bunu etmək mümkün deyilsə, jurnalist bunu mətnində hökmən verməlidir. Balansa nail olmağın daha bir üsulu da paketin elementlərinin sezilməsindən asılıdır. Müəyyən bir məqamın açılması üçün kimin ən uyğun müsahib olduğuna məhz jurnalist qərar verməlidir.

Mövzunu ən uğurlu tərəfdən təqdim etmək üçün jurnalist aydın və məntiqi bir struktur qurmalıdır. Məsələn, siz tender problemləri ilə bağlı paket hazırlayırsınız. Fokusu müəyyənləşdirdikdən sonra siz faktları və müsahibələri elə bir ardıcıllıqla düzürsünüz ki, dinləyici ilk dəfə eşitdikdə söhbətin nədən getdiyini anlasın. Radiopaketin bir xüsusiyyəti də var. Dinləyicini çaşdırmadan, məntiqi ardıcıllığı pozmadan, auditoriyanın diqqətini saxlamaq məqsədilə materiala effektli parçalar – müxtəlif səs effektləri, musiqi epizodları, olayın təbii küyləri əlavə olunmalıdır.

Qısa vaxtda mövzunu dolğun əks etdirmək qeyri-mümkün olsa da, vaxtı uzatmaq auditoriyanın marağını itirmək təhlükəsi yaradır. Bu səbəbdən, radiopaket 3 – 5 dəqiqə olmalıdır.

Müasir radioyayımda diqqəti cəlb edən maraqlı formalardan biri də voks – pop adlanır. İngilis dilində voice population – xalqın səsi deməkdir. Voks – pop efirdə çoxsəsliliyi, hər hansı problemə cəmiyyətdəki müxtəlif baxışları əks etdirir. Bir çox radiolarda voks – popu “küçə sorğuları” adlandırır və belə hesab edirlər ki, mahiyyətcə sosioloji sorğuların bir növü kimi qəbul edilən küçə sorğularının ictimai rəyə güclü təsiri vardır. Məhz sorğuların köməyi nəticəsində hər hansı olay barəsində informasiya almaq mümkündür.

Qərbdə yaranmış və hər hansı problemə real və fərqli baxışları əks etdirən voks – pop bizim radio təcrübəsində hələlik geniş yayılmayıb. İnsanların güzəranı, həyat şəraiti və buna təsir edən amillər, əmək haqları, təqaüdlər, sosial müavinətlər, sığorta, səhiyyə və onun problemləri, həmçinin digər mövzular yaxşı voks – pop ola bilər.

Efirə gedən sorğularda peşəkarlıq prinsiplərinin təsdiqi üçün aşağıdakı məsələlərə diqqət yetirmək lazımdır:

– Dəqiqlik operativlikdən yüksək qiymətləndirilir

– Balans simpatiya və antipatiya demək deyil

– Ədalət sensasiyadan üstün sayılır

– Olayları ölçülü təsviri materialı vermək bacarığından üstün hesab edilir

– Çoxsəsliyə əsaslanan plüralizm voks – popun əsas əlamətidir.

Bəs küçə sorğuları və ya voks – pop üçün kimlər seçilə bilər? Voks – pop üçün şərti olaraq aşağıdakı tiplər seçilir:

1-ci tip: olaya qatılanlar və şahidlər – Yanğın, nümayiş, zəlzələ və bənzər olaylara qatılanlar və ya onların şahidləri çox duyğulu olduqlarından öz fikirlərini də hiss və həyəcanla çatdırırlar. Radio reportyoru belə adamları dindirməyi bacarmalıdır.

2-ci tip: tamaşaçılar – Teatrdan, konsertdən, stadiondan, sərgi salonundan və bənzər yerlərdən çıxan və ya tamaşanın, yarışın, konsertin fasiləsində foyede gəzişən adamlar da çox duyğulu olur və həvəslə danışırlar. Reportyor belə adamları da diqqətdən qaçırmamalıdır. Yəni, bu tip voks – popdan istifadə etməklə də xalqın səsini öyrənmək olar. Bu adamlara heç nə mane olmur ki, reportyora bir neçə dəqiqəlik vaxt ayırsınlar.

3-cü tip: ekspertlər – Təsəvvür edək ki, biz hansısa problemi araşdırırıq. Bu zaman həmin problemi yaxşı bilən ekspertlərə müraciət etməklə onların qiymətləndirmələrini toplaya bilərik. Hansısa sərgi, konfrans, forum olan yerdə, həmin yerlərdə böyük ehtimalla ekspertlər ola bilər, görüşüb suallarımızı verə bilərik.

4-cü tip: tanınmışlar – Peşəkar reportyorlar bu və ya başqa məsələ ilə bağlı sorğu zamanı tanınmışlara müraciət edirlər.  Çünki, bəzən bu adamlar ictimaiyyət üçün maraqlı ola bilir. O səbəbdən məşhurlarla sorğular böyük maraq doğurur. Mütəxəssislər bu cür sorğunu da xalqın səsi baxımından vacib sayırlar. İstənilən halda nəinki jurnalistikada, habelə digər sahələrə yanaşmada sorğular mahiyyət etibariylə əsas deyil, yardımçı vasitə kimi məqbul hesab olunur.

Məşhurlar  deyərkən ictimai maraqda olan sanballı insanlar nəzərdə tutulur. Onlar məmur da ola bilər, müğənni də, idmançı da.

Şübhəsiz voks – pop zamanı səslərin proporsiyasına (qadın, kişi, yaşlı, cavan), balansın gözlənilməsinə (lehinə, əleyhinə), fikir əlvanlığına, mövzunun inkişaf etdirilməsi məqamlarına diqqət yetirməliyik. Yalnız bu şərtlər gözləndikdə voks – pop da paket kimi dinləyicini öz cazibəsində saxlayan parlaq formaya çevrilə bilir.

Mürəkkəb radio formaları müasir radioyayım təcrübəsində geniş yer tutur və burada yaradıcılıq uğurunu, ilk növbədə seçilən materialın məzmunu, qruplaşdırılması və düzümü təmin edir. Seçilmiş formanın cazibədar ola bilməsi üçün verilişin ideyası, məqsədi və vəzifəsi aydın olmalıdır. Bir forma daxilində həddən artıq epizodların, yüklənmiş materialların, səslərin olması məqsədəuyğun deyildir. Burada ayrı – ayrı janr nümunələrinin bir-biri ilə düşünülmüş şəkildə əlaqələndirilməsində aparıcının rolu böyükdür. Bağlayıcı mətnlər də veriliş üçün seçilmiş fraqmentlər arasında körpü salmaqla, əsas ideyanı mənimsəməkdə dinləyiciyə kömək etməlidir. Mürəkkəb radio formalarına radio – jurnal, radio – kanal, müəllif proqramları, əyləncə proqramları və s. daxildir.

Radiokompozisiya: Yerli radiolarda geniş istifadə olunan bu forma məqsəd aydınlığı ilə düşünülmüş və seçilmiş ayrı –ayrı sənədli janr nümunələrini, ədəbi parçaları və musiqi nömrələrini vahid ideyaya, süjetə tabe etmək yoluyla müstəqil veriliş yaradır.

Jurnal tipli proqramlar müxtəlif mövzuları müxtəlif janrlarda əks etdirmək, hər hansı problemi aktuallaşdırmaq, musiqi və əyləncə materiallarını üzvi şəkildə verilişə daxil etmək baxımından çox əlverişlidir. Bu tip proqramlar həftədə bir dəfə, yaxud həftəarası efirə çıxır. Burada operativ informasiya olmur, olsa belə bu informasiyalar yalnız toplu xarakteri daşıyır. Mövzu baxımından radio – jurnal bir mövzuya, yaxud bir neçə mövzuya həsr oluna bilər. Çox mövzunu əhatə edən jurnallar toplu, mozaika, almanax tipli də olur. Bunlar tematik radio – jurnallardır. Ünvanlı radio – jurnallar isə konkret auditoriyaya yönəlir, əhalinin müəyyən sosial təbəqəsini nəzərdə tutur. Məsələn, radioların əksəriyyətində qadınlar üçün, uşaqlar üçün, sürücülər üçün jurnal tipli proqramlar mövcuddur.

Qeyd etmək lazimdir ki, əgər aparıcı əvvəllər müəyyən qəlibə salınır, yalnız bağlayıcı mətnləri ilə kifayətlənirdisə, bu gün onun funksiyaları xeyli genişlənib. Aparıcı bu günkü efirin kompozosiya baxımından mərkəzi fiquru və “sifəti”dir. Ona görə də radio – jurnal üçün seçilən aparıcı bilikli, ünsiyyətcil, problemlərin mahiyyətini açmağı bacaran, diskussiyanı idarə edə bilən şəxs olmalıdır.

Radio təcrübəsində sinonim kimi bəzən jurnal tipli verilişlər üçün “magazin” anlayışı da işlədilir. Radio – jurnallara xas olan əlamətlər bu tipli proqramlarda da özünü göstərir. Həmin əlamətləri aşağıdakı kimi təsnif edə bilərik:

1. Dəyişkən və çevik struktur;

2. Efirdə sabit vaxt və sabit müddət;

3. Müxtəlif janrların toplusu;

4. Aktual və dinləyici üçün gərəkli mövzu;

5. Daimi aparıcının olması.

Radiokanal anlayışı ikili məna daşıyır. Birinci anlamda radiokanal verilişin auditoriyaya çatdırılmasının texniki parametrləridir, yəni kommunikasiyanın radio ilə dinləyici arasında olan hissəsi başa düşülür. İkinci mənada isə radiokanal konkret auditoriyaya ünvanlanan, konkret mövzusu, strukturu, akustik vasitələri, yayım prinsipi və daimi aparıcısı olan veriliş forması deməkdir. Məsələn, “Səhər” kanalı, “Gənclər” kanalı və s.

Radiokanalın səslənmə müddəti 3 – 5 saatdır. Bu əhəmiyyətli efir vaxtı məzmunlu proqram yaratmağa, onun bütün komponentlərinin zövqlə tərtib olunmasına imkan verir. Vaxt qıtlığının olmaması, müxtəlif janrlar toplusu, mövzuların və müsahiblərin tez – tez dəyişməsi, interaktiv elementlər, diskussiyalar, canlı reportajlar, məharətli aparıcı, ən başlıcası isə populyar, ritmik musiqilərin məqsədyönlü düzümü bir forma kimi radikanalı daha da populyarlaşdırır.

Müasir radiokanalda ənənəvi janrlar həcmcə qısaldılır və daha çox onların çevik formalarına üstünlük verilir. Bu, proqramlaşdırmaya yeni tələblərlə yanaşmanın nəticəsidir.  Digər tərəfdən bu janrlar sərbəst mühitdə cilalanaraq yeni çalarılar əxz edirlər.

Radiokanal diktoru jurnalist – aparıcı ilə əvəzləməyə imkan verdi. Bu, adi mexaniki yerdəyişmə deyil, bütün sistemin dəyişməsi, xəbərə, onun mahiyyətinə, təqdimatına yeni keyfiyyət yanaşmasıdır. Diqqəti cəlb edən məqam odur ki, diktorun rəsmi, quru intonasiyasını yeni aparıcının – jurnalistin qeyri – rəsmi, yumuşak intonasiyası əvəz edir. Dinləyici ilə efirdə sərbəst, səmimi dialoq qura bilən, onun etimadını qazanan aparıcı – jurnalist informasiyaya yeni ahəng verir.

Tipolji quruluşuna görə efirdə çox çəkən radiokanalı bir nəfərin aparması çox yorucu olur və bu dinləyicini darıxdıra bilər. Ona görə də, radiokanalda ən azı iki səsin olması (kişi, qadın) və onların ritmik növbələşməsi çox vacibdir.

Diskussiya proqramlarının özəlliyi ondadır ki, aktual problemlərə həsr edilir və olduqca açıq, geniş  müzakirə üzərində qurulur. Bu növ proqramlar üçün başlıca xüsusiyyət cəmiyyəti düşündürən, ictimai əhəmiyyətli aktual problemlərin müxtəlif formalarda müzakirəsidir. Əsas məsələ müzakirəyə çıxarılan mövzunun hərtərəfli, ciddi argumantlər əsasında araşdırılmasıdır. Yaxşı diskussiya proqramları üçün aşağıdakı şərtlərin olması vacibdir:

– Seçilən mövzunun xüsusi aktuallığı və ictimai əhəmiyyət daşıması

– Diskussiyada iştirak edən mütəxəssislərin cəmiyyətdə müəyyən nüfuz və səlahiyyət sahibi olmaları

– Müstəqil (tərəfsiz) ekspertlərin iştirakının zəruriliyi

–  Müzakirə olunan mövzunun araşdırılmasında fikir müxtəlifliyinin, plüralizmin gözlənilməsi

– Mövzuların müzakirəsində interaktivliyin – dinləyici iştirakının təmin edilməsi

– Mövzunu yaxşı bilən və mövzunun bütün parametrlərinin dinləyici üçün açılmasına yardım edən daimi aparıcının olması

Mövzunun xarakterindən asılı olmayaraq diskussiya proqramı auditoriya üçün aydın, populyar bir dildə aparılmalıdır. Dinləyici üçün bir növ bələdçi rolunu oynayan aparıcı çalışmalıdır ki, müzakirə iştirakçıları mövzunun dərinliklərinə nüfuz etməklə yanaşı, fikirlərinin danışıq dilinə yaxın olan bir tərzdə ifadə etsinlər.

Diskussiya verilişləri bir sıra parametrlərinə, ilk növbədə isə aparıcı işinin xüsusiyyətlərinə görə müəllif proqramlarına yaxındır.

Müəllif proqramları : Radiostansiyaların fəaliyyətində sərbəstliyin artması, tanınmış ictimai xadimlərin, yazıçıların, jurnalist və publisistlərin radio ilə əməkdaşlığa geniş cəlb olunması bu proqram növünün yayım şəbəkəsində geniş yer tutmasının əsas səbəblərindən biridir. Çağdaş efir təcrübəsində müəllif proqramı jurnalistin özünüifadə formasıdır. Bu, hadisəyə, fakta, prosesə fərdi baxış və fərdi yanaşmanın təzahürüdür.

Yeni radio yaradıcılığı mühitində müəllifdən və onun apardığı proqramdan nə tələb olunur? Efirə  çıxan jurnalistdən ilk növbədə təcrübədə özünü doğrultmuş yüksək peşə keyiyyətləri tələb olunur. Yəni o, yüksək hazırlığı, intellekti, biliyi, ünsiyyətçilliyi ilə fərqlənməli, efirdə dəyişən situasiyalara çevik reaksiya verməli, mövzunu yaxşı bilməli, tamaşaçı marağını güdməli, ən başlıcası isə şəxsi keyfiyyətləri və orijinal düşüncəsi ilə diqqəti cəlb etməlidir.

Hər jurnalistin apardığı veriliş müəllif proqramı deyil. İndi efirə çıxmaq və söz demək problem deyil. Problem onunla bağlıdır ki, sənin sözün, fikrin dinləyiciyə nə verir, onun duyğularını necə qidalandırır, onun düşüncəsində nəyi dəyişir? Bu məqam jurnalistin nüfuz və çəkisindən, şəxsiyyətinin tutumundan, düşüncə miqyasından, siyasəti, sosial problemləri, cəmiyyətdə gedən tendensiyaları nə səviyyədə bilməsindən, həm də vətəndaş mövqeyindən və peşə cəsarətindən çox asılıdır. Bu keyfiyyətlərə malik olan jurnalist nüfuzlu müəllifə çevrilir, apardığı proqramla birlikdə tamaşaçı auditoriyasının etimadını qazanır.

Müəllif proqramlarını məzmununa görə 2 yerə bölmək olar:

a) Publisistik

b) Ədəbi – bədii

İkinci növ verilişlərdə aparıcıdan daha çox yüksək intellekt, qeyri – adi duyum, dinləyici qəlbini oxşamaq, gözlənilməz situasiyalarla auditoriyanın diqqətini fəallaşdırmaq tələb olunursa, publisitik verilişlərdə bu keyfiyyətlərlə yanaşı jurnalistdən auditoriyanın maraqlarının nəzərə alınması, problemə yanaşmada obyektivlik, plüralist yanaşma – müxtəlif baxışların əks etdirilməsi və peşə cəsarəti tələb olunur. Çünki publisitik verilişlər altında ictimai – siyasi mövzularda proqramlar nəzərdə tutulur. Xüsusən sosial miqyas jurnalistin daim diqqət mərkəzində olmalı, bu sahənin ağrılı problemlərini ictimai müzakirəyə çıxarmalı, ictimai rəyə təsir göstərməklə həmin problemlərin müsbət həllinə kömək etməlidir. Veriliş nəzəri xarakter daşımamalı, konkret həyat faktları və gerçəkliyə əsaslanmalıdır.

Əyləncə və oyun proqramları radiostansiyaların əksəriyyətinin efirinin demək olar ki, yarısını təşkil edir. Bu növ proqramlar məzmununa, formasına, həm də auditoriya ilə əlaqəsinin spesifikliyinə və daha çox dinləyici cəlb etdiyinə görə diqqət mərkəzində saxlanılır. Bu növ proqramların əsas xüsusiyyəti ondadır ki, müəyyən dramaturji süjeti olan oyunun elementləri vasitəsilə gerçəkləşdirilir. Son illərin radio yayımında belə bir cəhət diqqəti cəlb edir ki, nümayiş etdirilən oyunun şərtlərində informativ materialın diapazonu xeyli genişlənmişdir.

Medianın əyləncə funksiyası bir istiqamət kimi bu gün xeyli genişlənib. Bu gün qəzet öz oxucusuna bir kuponla avtomobil udmağı vəd edir, radio bahalı hədiyyə, televiziya isə milyonçu olmağı. Bu şirnikləndirici məqam reklam sifarişçiləri üçün də ələdüşməz fürsət olduğundan yayım siyasətində əyləncə və oyun proqramlarının xüsusi çəkisi artmağa başlayır.

Bu oyunlar zamanı insan öz gündəlik qayğılarından, cəmiyyətin problemlərindən bir anlığa uzaqlaşır, televiziyanın yaratdığı bu atmosfer insanlarda bəzən Aristotelin teatr üçün zəruri saydığı katarsis (mənəvi təmizlənmə) prosesinə təkan verir. Amma bunun əksi də ola bilir.

Radioda isə situasiya bir qədər başqadır. Burada dinləyici birbaşa oyunun iştirakçısı deyil, amma bəxti gətirərsə, təsadüfi bir zənglə istənilən oyuna qoşulub öz biliyi və hazırcavablılığı ilə nəyəsə nail ola bilər. Oyunun isə gözəlliyi ondadır ki, nəticə əvvəldən bilinmir, canlı efir zamanı həm oyuna qoşulmuş iştirakçı, həm də dinləyicilər müəyyən miqdarda intizarda qalmış olur.

Radioda yarışmalar daha sadədir. Adətən yaşa, peşəyə və maraq dairəsinə bölünən əyləncəli oyunlar daha çox maarifləndirici və bilikverici xarakterdə olur. Elmin müxtəlif sahələrinə dair sadə suallar dinləyicilərin yaddaşını oyadır və onların beynini yeni informasiya ilə qidalandırır.

Studiyaya zənglər, viktorinalar, mərhələli oyunlar (finala çıxmaq), radioyarış və s. kimi uduşlu oyun formaları göstərir ki, radionun əyləncəli proqramları məzmun etibariylə zənginləşir və getdikcə daha böyük gələcək vəd edir.

Ədəbiyyat

Fichtelius Erik. Jurnalistikanın on qızıl qaydası. Bakı, 2001

Mehdi F. Mətbuat janrları (Operativ-informasiyalı janrlar). Bakı, 1999

Məhərrəmli Qulu. Kino Televiziya və Radio Terminləri. İzahlı Lüğət. Bakı, 2002

Məhərrəmli Qulu. Radio dərsləri. Nurlan nəşriyyatı. Bakı, 2007

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma