Radioreportaj


“Reportaj günün ictimai-siyasi maraq doğuran hadisəsi barədə məlumat verən müəllifin – reportyorun fəal müdaxiləsi və münasibəti ilə, eləcə də səs lövhələrinin köməyi ilə dinləyicini bir növ həmin hadisənin iştirakçısına çevirən janrdır”.

 

Radioreportaj radioda ən canlı informasiya janrıdır. Bu janr həm efirin özəlliyini tam dolğunluğu ilə açmaq, həm də baş verən olayı dəqiq çatdırmaq qüdrətinə malikdir. Həyatın bir parçasını əks etdirən radioreportajda fakt və ya hadisə ön planda olur, onun təsvir obyekti hadisə, proses və insanların buna münasibətidir. Əsl reportaj hadisənin inkişafı ilə ayaqlaşmalı, dinamizmlə zəngin olmalıdır.

Radioreportaj təbiətinə görə sintetik janrdır. Operativ, sənədli və dinamik veriliş olub, günün ictimai-siyasi maraq doğuran hadisəsi barədə məlumat verən müəəlifin –  reportyorun fəal müdaxiləsi və münasibəti ilə, eləcə də səs lövhələrinin köməyi ilə dinləyicini bir növ həmin hadisənin iştirakçısına çevirən janrdır.

Radioreportaj hadisə yerindən şahidin söhbəti və ya hər hansı aktual, ictimai əhəmiyyət kəsb edən mövzu barədə səsli təsvirin kəməyi ilə gerçəkliyi, həqiqəti daha konkret əks etdirən, radiodinləyiciyə olayı görmək imkanı verən informasiya janrıdır.

Ümumiyyətlə, reportaj termini tarixən bir neçə məna kəsb edib. XIX əsrdə İngiltərə mətbuatında işlənib. Parlament debatları və məhkəmə zallarından məlumat gətirən jurnalistləri “reportyor” adlandırırdılar. İndi də çox zaman dinləyiciyə, tamaşaçıya hər hansı məlumatı çatdıran materialları “reportaj” adlandırırlar. Lakin get-gedə termin daha dar mənada işlənməyə başladı.  Artıq bu gün jurnalistikada reportaj xüsusi janr kimi seçilir, o cümlədən radio janrları arasında aparıcı yer tutur. Çünki, bu janrın əsas vəzifəsi baş verən ictimai əhəmiyyətli, ən əlamətdar, xarakterik, tipik, hətta bir çox halda qeyri-adi hadisənin obrazını canlandırmaq yolu ilə dinləyiciyə, tamaşaçıya informasiya verməkdən ibarətdir. O cümlədən radioda bu janr hadisələri şahidin-reportyorun gözü və sözü ilə elə canlı təsvir edir ki, sanki dinləyicinin özü də baş verənləri yaxından seyr edir, bu hadisənin canlı iştirakçısına çevrilir. Əsl reportaj, cəmiyyətdə böyük rezonans doğuran, ictimai maraq kəsb edən, dramatik məqamlarla zəngin hadisələrə həsr edilir.

Radioreportajın predmeti studiyadan kənarda cərəyan edən olaylardır. Amma ola bilər ki, reportaj konkret hadisə ilə bağlı olmasın. Ona görə də radioreportajı iki növə ayırmaq olar: 1) hadisəli radioreportaj; 2) hadisəsiz radioreportaj.

Hadisəli radioreportajlar dedikdə rəsmi qəbulları, parlament iclaslarını, müxtəlif mitinqləri, böyük idman yarışlarını, festivalları, sərgi salonlarının açılışını, məşhur adamların yubileylərini, digər bir sıra vacib hadisələri bu bölgüyə daxil etmək olar. Bu cür reportajlarda əsas faktor kimi hər hansı hadisə və onun ardıcıl inkişafı götürülür. Reportajın bu növündə hadisə həmişə toxunulmazdır, real zaman və məkan daxilində, reportyorun iradəsindən asılı olmayaraq öz məntiqinə uyğun şəkildə inkişaf edir. Hadisəni görmək və izləmək olar, ancaq dəyişdirmək mümkün deyil. Ona görə də reportyor hadisəni idarə etmir, əksinə, reportyor özü onun arxasınca gedir.

Bəs hansı mövzuda hadisəli reportaj hazırlamaq mümkündür? Təbii ki bu, məzmunca yeni, qeyri-adi, ümumi maraqlara cavab verən və mahiyyətcə təzə hadisə olmalıdır. Radioreportajı həm hadisə yerində yazmaq, həm də səs lövhələrini hadisə yerində yazıb studiyada onun üzərinə mətn əlavə etmək olar. Hadisə zamanı lentə yazılan və sonradan efirə verilən reportajları da olduqca canlı təqdim etmək mümkündür. Əlbəttə ki, burada reportyorun bacarığından çox şey asılıdır. BBC radiosu Azərbaycan xidməti əməkdaşlarının efirə verdiyi belə bir reportaj nümunəsinə diqqət yetirək.

(İnterküy:  maşınların, köməyə gələn insanların səsi eşidilir)

Müxbir: Yol-qəza hadisəsi Türkiyənin Osmaniyə-Gaziantep yolunun birinci kilometrliyində baş verib. Nəticədə 40-dan çox adam ölüb, 7 nəfər isə yaralanıb. İlkin məlumata görə, hadisə hərəkətdə olan yük maşınının dayanmış vəziyyətdə olan maşına dəyməsi nəticəsində baş verib.

(Bundan sonra Osmaniyə vilayətinin meri Zübeyir Kemeleyin fikirləri səslənir)

Səs: Avtomobildə Əfqanıstandan Türkiyəyə qaçaq yolla gələn imiqrantlardır. Demək olar ki, ölənlərin əksəriyyəti əfqan və banqladeşlidir.

(Müxbir hadisə iştirakçılarına üz tutur, onların fikirlərini səsləndirir)

Səs: (fonda insanların səsi eşidilir) Birdən eşitdim ki, möhkəm bir səs gəldi. Çevrilib baxanda dəhşətə gəldim. Maşının arxası parçalanmışdı.

Səs: Maşınla keçirdim, gördüyüm mənzərə məni çox sarsıtdı, çox dəhşətli idi.

(Bundan başqa materialda həkimlərin, polis işçilərinin də müsahibələri səslənir. Sonda isə müxbir hadisələrin səbəblərinin araşdırıldığını qeyd edir).

Bu reportaj hadisə yerindən birbaşa deyil, lentə yazılıb efirə verilsə də, dinləyicidə hadisə haqqında müəyyən təsəvvür yaradır. Reportajda küylərin, səs lövhələrinin verilməsi materiala bir əyanilik gətirir. Eyni zamanda hadisə iştirakçılarından, polis işçilərindən, həkimlərdən alınan müsahibələr də reportaja canlılıq gətirir.

Belə situasiyalar göstərir ki, lentə yazılıb sonradan efirə verilən radioreportajlar müəyyən üstün cəhətlərə malikdir. Yəni bəzən hadisələr elə məqamda baş verir ki, auditoriyanın böyük bir hissəsi bu zaman ona baxa bilmir. Belə halda isə ən yaxşı vasitə hadisəni lentə yazıb efirə verməkdir.

Lentə yazılıb sonradan efirə verilən radioreportajlar dinləyiciyə montaj olunduqdan sonra çatdırılır və hətta bundan sonra belə radioreportaj real hadisənin təsviri kimi qəbul edilir. Montaj zamanı canlılıq itsə də montaj efir materialını daha tutumlu və sanballı edir. Bütün artıq və ikinci dərəcələ epizodları yığışdırır.

Hadisə yerindən birbaşa yayımlanan reportajlar isə həmin hadisə ilə eyni vaxtda efirə verilir. Hadisə nə qədər çəkirsə, reportaj da o qədər davam edir. “Klassik reportajlar” adlanan bu növdə jurnalist şahidi olduğu hadisələrdən, əsasən də onun necə inkişaf etməsindən bəhs edir, dinləyici ilə hadisə arasında birbaşa kontakt yaradır. Montajın köməyi ilə müxtəlif formalı reportajların meydana gəldiyi bir vaxtda canlı reportajlar hələ də yaşayır.

Birbaşa reportajln bi mühüm xüsusiyyəti də odur ki, bu reportajda aparıcı da dinləyicilər kimi sonrakı dəqiqələrdə nə baş verəcəyini bilmir. Dinləyici isə hadisə başlayan andan onun həm şahidinə, həm də iştirakçısına çevrilir. Məhz buna görə auditoriyanın böyük bir hissəsi bu növ reportajlara üstünlük verir. Bu zaman dinləyici müstəqil olaraq düşünür və prosesi, gedişatı təhlil edir.

Müasir radireportajlar daha yığcam, qısa, lakin daha sanballı və tutumlu olmalıdır, hər şeydən əvvəl ona görə ki, dinləyicinin hər zaman bu hadisənin televiziya ekvivalentinə üz tutmaq imkanı var. Xüsusən də əgər bir təsvir çoxlu söz yığımını əvəz edə bilirsə. Yaxşı radioreportaj idman və protokol radioreportajlarını çıxmaq şərti ilə, iki-üç dəqiqədən artıq olmamalıdır.

Radoreporatın aşağıda göstərlmiş geniş yayılmış növlərini qeyd etmək olar:

1. Hadisə yerindən verilən birbaşa radioreportaj

2. Hadisə yerindən lentə yazılmış radioreportaj

3. Hadisə yerindən qayıdan jurnalistin mikrofonda çıxışı

4. Dialoq reportaj – hadisənin bir neçə şahidinin iştirak etdiyi kollektiv söhbət

5. Soyuq reportaj – yazılmış mətnin və hadisə yerindən hazırlanmış səsli kadrların birləşməsi, bura həmçinin küy və musiqi də daxildir

6. Hadisəsiz reportaj – İxtiraçı alım və ya mühəndisin iş yerindən danışdıqları, yaxud dəyirmi stol arxasında diskussiya, müxtəlif müsahibələrlə müşayiət olunan radioreortaj.

Reportajın dramaturji cəhətdən yaxşı qurulması çox vacibdir. Radioreportaj strukturca adətən üç ənənəvi hissədən ibarət olur. Giriş sayılan birinci hissə müxbirin hadisə ilə bağlı ilkin məlumatıdır. Reportajın bu hissəsində hadisənin iştirkakçıları və hadisənin baş verdiyi məkan haqqında bilgi verilir. Hər materialın giriş hissəsi xüsusən cəlbedici olmalıdır. Çünki bu hissədə işlənən mövzunun aktuallığı təsvir olunur və bu da dinləyicinin diqqətini özünə cəlb edir. Məhz bu səbəbdən jurnalist radionun verdiyi imkanlardan çıxış edərək cəlbedici girişlər tapmalıdır. Bəzən reportajın əvvəlində səslənən hər hansı musiqi və ya interküy bütöv reportaj haqqında çox şey deyir. Küylər, səs lövhələri çox zaman özündə böyük emosional informasiya daşıyır. Janrın qanunu tələb edir ki, qısa və orijinal başlanğıcla həm obyekti, həm də mövzunun məğzi haqqında məlumat verəsən.

İkinci hissədə isə reportyorun nəqlindən başqa, bir qayda olaraq, hər hansı şəxslə, hadisənin iştirakçıları ilə müsahibələr verilir. Bu hissəyə reportyorun hadisə ilə bağlı qənaətləri də daxil edilir. Üçüncü hissə isə nəticədən ibarətdir.

Radioreportaj sintetik janr olduğu üçün burada daha çox qısa xəbər və müsahibə janrı ilə üzvi bağlılıq özünü göstərir. Xüsusən kiçik həcmli müsahibələr radioreportajın strukturunda möhkəm yer tutur. Amma nəzərə almaq lazimdır ki, buradakı müsahibə dinamik, qısa və aydın olmalıdır.

Reportajın uğurlu alınması reportyorun məharətindən, onun duyumundan və peşəkarlığından çox asılıdır. Reportyor hadisədə aparıcı, başlıca məqamı tutmağa çalışmalı, ona uyğun süjet və kompozisiya qurmağı bacarmalıdır.

Reportyorlar çox vaxt süjetdə hadisənin başlanğıcı, inkişafı və sonu prinsipini əsas götürürlər. Bu asan yoldur. Əsl reportyorun professionallığı dinləyici üçün hadisənin canlı mənzərəsini necə yaratmasıdır. Təcrübəli jurnalist elə təqdimat üsulları – məsələn, hadisənin axırından başlayıb əvvələ qayıtmaq kimi – axtarıb taplr ki, dinləyicini cəlb edə bilsin. Nəzərə almaq lazımdır ki, müasir radioreportajlar çox lakonik, 2-3 dəqiqədən çox olmur. Belə yığcamlıq ilk növbədə dəqiqlik, dloğunluq və nitqin aydın olmasını tələb edir. Hadisəni görməyi bacarmaq, bu hadisənin qısa mənzərəsini vermək, aydın və tutumlu danışmaq, improvizə etmək, çoxşaxəli hadisələrin içərisindən əsl epizodları seçib dinləyiciyə çatdırmaq reportyordan xüsusi ustalıq tələb edir.

Ədəbiyyat

Mehdi F. Mətbuat janrları (Operativ-informasiyalı janrlar). Bakı, 1999

Məhərrəmli Qulu. Kino Televiziya və Radio Terminləri. İzahlı Lüğət. Bakı, 2002

Məhərrəmli Qulu. Radio dərsləri. Nurlan nəşriyyatı. Bakı, 2007

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma