Radio xəbər


“Dinləyicilər prosesin aktiv iştirakçıları olurlar. Xəbərlərin qəhrəmanı necə görünür, olay harada baş verir – bütün bunları özləri uydururlar”.

İnformasiya janrları: Ölkə daxilində və xaricdə baş verən bütün mühüm hadisələr özünün efir təcəssümünü ilk növbədə bu janrlarda tapır. Operativlik, aktuallıq, dürüstlük, konkretlik, tamlıq kimi cəhətlər informasiya janrlarında xüsusi əhəmiyyət kəsb edir. İnformasiya verilişləri cəmiyyətin və insanların həyatına təsir göstərən önəmli olaylardan söz açır, qeyri-adi və ya istisna hallarla bağlı hadisə və vəziyyətləri əks etdirir. Baş verən hadisə haqqında dinləyicini məlumatlandırmaq, strukturu və dil üslubunun sadəliyi, konkret faktlara əsaslanması, sənədliliyi, auditoriyasının genişliyi bu janrlar qrupunu fərqləndirən əsas xüsusiyyətlərdir. Qrupa daxil olan janrları qısaca nəzərdən keçirək.

Xronika ictimai siyasi, sosial-iqtisadi və mədəni həyatımız, habelə həyat hadisələri haqqında operativ, yığcam məlumatdır. İnformasiya üçün önəmli olan “nə”, “harada”, nə vaxt” suallarının cavabı xronikanın ilk cümləsində öz əksini tapmalıdır. Xronika faktın təhlilini tələb etmir, onu müəllif müdaxiləsi olmadan dinləyiciyə çatdırır. Həddən artıq yığcamlıq, konkretlik və sadə dil tələb edir.

Xəbər həcmcə və əhatə dairəsinə görə xronikadan geniş janr kimi dinləyicinin diqqətini bir neçə fakta cəlb edir. Yığcamlıq və yüksək operativlik, fakta həssas münasibət kimi xüsusiyyətlər xəbərdə öz aktuallığını saxlayır. Xəbəri xronikadan fərqləndirən başlıca cəhət onda hadisənin bir qədər ətraflı təqdimatıdır. Ona görə də xəbər çox vaxt xronikadakı suallar sırasına “niyə”ni də əlavə edir.

Xəbərlərin üslubu: Bir qayda olaraq istənilən informasiya buraxılışının əsasında baş verən hadisələrin çox da böyük olmayan xülasəsi dayanır. Xəbər baş verən hadisə haqqında danışmalıdır, yəni məlumat auditoriyanın böyük əksəriyyətinin qəbul edəcəyi anlaşıqlı bir dildə çatdırılmalıdır. Xəbərlər özünün bəyan edilmə üslubuna görə ən adi adamları nəzərdə tutmalıdır, cərrahi əməliyyat, yeni dərman preparatları, yaxud sinxro-fazotron (atom nüvəsi fizikasında qurğu növü) haqqında elə sözlərlə danışmalıyıq ki, onu hamı başa düşsün.

Bəs xəbərlərin leksika və qrammatikası necə olmalıdır? Radio xəbərlərində biz hansı ifadələri işlətməliyik?

Efir dili maksimum anlaşıqlı və sadə olmalıdır. Belə ki, dinləyici bizim nə danışdığımızı ayrılmış vaxt kəsiyində, yəni mətn efirdə səslənəndə qəbul edə bilməlidir. Yazılı mediadan fərqli olaraq dinləyici tam anlamadığı hissəyə yenidən qayıda bilmir, radioda TV-də olan kimi “canlı təsvirlər” şəklində təqdimetmə də yoxdur. Belə olan halda xəbər buraxılışını hazırlayan redaktor və aparıcı izləməlidir ki, adicə xəbər cümləsindən tutmuş bütöv proqrama kimi heç yerdə boşluq olmasın, yəni dinləyicidə yaranan suallar cavabsız qalmasın. Bu həm radionun nüfuzu, həm də dinləyiciyə hörmət deməkdir.

Bütövlükdə götürdükdə hesab edilir ki, radio müəllifi daha yaxşı yazmağa, hər bir sözü ölçüb biçməyə, intonasiyn, durğu və tələffüz axtarışına məcbur edir. Bu təsadüf deyil, çünki radio digər KİV-lərdən fərqli olaraq insan təxəyyülünə daha çox təsir edir. Dinləyicinin səs təəssüratını “görməyə” çevirmə istəyi qaçılmazdır və bu proses qaçılmazdır. Beləliklə, dinləyicilər prosesin aktiv iştirakçıları olurlar. Xəbərlərin qəhrəmanı necə görünür, olay harada baş verir – bütün bunları dinləyicilər özləri uydururlar.

Xəbərlər adətən iki cür – qısa və ya geniş biçimdə hazırlana bilir. Qısa xəbərlərdə indicə baş vermiş və bir çox insanın həyatına təsir göstərən hadisə, yaxud fakt işıqlandırılır. Belə xəbərlər yığcamlığı və operativliyi ilə fərqlənir.

Geniş xəbərlər isə informativ və cəmiyyət üçün maraq doğuran açıqlamalardır. Belə xəbərlərdə cəmiyyət həyatının müxtəlif epizodları, məşhur və görkəmli insanlara aid hadisələr, müxtəlif coğrafi məkanlarda olanlar, yaranmış qeyri-adi vəziyyət və şərait işıqlandırılır. İnsanların qavram, baxış və davranışlarını qabartmaq, hansısa olayın maraqlı özəlliklərini vurğulamaq da geniş xəbərin vəzifəsinə aiddir.

Radio yayımının təcrübəsində xəbəri dinləyicilərə çatdırılması baxımından iki qrupa ayırmaq olar: bilavasitə diktorun oxuması ilə, radiojurnalistin yaxud xəbər müəllifinin öz dili ilə.

Bəzi radiostansiyalarda informasiya proqramlarının jurnalist tərəfindən aparılması onların təsir gücünü və inandırıcılığını, emosionallığını artırır, dinləyicinin hadisələrin iştirakçısına çevrilməsi effektini gücləndirir. Xəbər müəllifi öz məlumatını özü çatdırdıqda janrın dürüstlük, aydınlıq, konkretlik kimi cəhətləri də bu xusüsiyyətlərə qovuşur, informasiyanın “zərbə” qüvvəsini xeyli artırır.

Azərbaycan radiosu “Günün səsi” proqramından nümunə: “Hörmətli dinləyicilər, “Günün səsi” verilişi hazırlanarkən Bakı körpüsünə Neft daşlarından bir gəmi yan aldı. O, dəniz neftçilərinin bir hissəsini sahilə gətirib. Gəminin sərnişinləri arasında ştatdankənar müxbirimiz,Neft daşlarındakı mədən-geofizika bazasının şöbə rəisi Siyavuş Alxasov da var. O gəmidən birbaşa redaksiyamıza gəlib və indi sizi dəniz neftçilərinin bu günkü işi ilə tanış edəcək.

Siyavuş Alxasov: “Gəmimiz bir neçə saat bundan qabaq Neft daşlarından ayrılanda orada 1 dərəcə şaxta var idi. Gecələr isə havanın temperaturu sıfırdan 5 dərəcə aşağı olur. Üç gündür güclü külək ara vermir. Fevralın birinci günü küləyin gücü 11 bala, dalğaların hündürlüyü isə 7 metrə çatırdı. Dəniz şəhərinin polad küçələrinə 5 santimetr qalınlığında ilk qar düşüb.

Ancaq bu, neftçilər üçün gözlənilməz hadisə deyil. Onlar təbiətin bu cür şıltağlığına adət ediblər. Bu gün də belədir. Mədənlərdə, məktəblərdə, mədəniyyət saraylarında iş öz qaydası ilə gedir. Birinci, ikinc və üçüncü mədənlərin sahələrində bir quyu belə dayanmayıb. Hər gün nəhəng çənlərə minlərlə ton neft axıdılır… Dəniz şəhərinin sakinləri qışı belə qarşılamışlar, işlər həmişəki qayda ilə davam edir”.

Bu nümunədə informasiya janrlarının dii üçün səciyyəvi sayılan yığcamlıq, səlislik, sadəlik öz əksini tapmışdır.

Ədəbiyyat

Mehdi F. Mətbuat janrları (Operativ-informasiyalı janrlar). Bakı, 1999

Məhərrəmli Qulu. Kino Televiziya və Radio Terminləri. İzahlı Lüğət. Bakı, 2002

Məhərrəmli Qulu. Radio dərsləri. Nurlan nəşriyyatı. Bakı, 2007

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma