Amerikada doqquz gün…


ABŞ-a səfər təəsüratlarımın bloqun hələ də çox oxunanları sırasında olduğunu nəzərə alaraq, onları tək yazıda birləşdirdim. Kiçik əlavə və düzəlişlər də apardım. Artıq, “birinci”, “ikinci” ….. yazı deyə axtarmağa ehtiyac qalmadı. Buyurun, oxuyun…

Amerikadakı ən orijinal mərasim: "Panera Bread" kafe-şəbəkənin menyusundan xüsusi şorba, əvvəl şorba içilir, sonra çörək yeyilir...

Amerikadakı ən orijinal mərasim: “Panera Bread” kafe-şəbəkənin menyusundan xüsusi şorba, əvvəl şorba içilir, sonra çörək yeyilir…

 Fotolar: Ülviyyə Əsədzadə, Cabir Məmmədli

Amerika Birləşmş Ştatlarını tanımaq və haqqında yazmaq üçün uzun illər orada yaşamaq və müşahidə aparmaq lazımdır. Amma bəzi dostlardan “Amerika haqqındakı təəssüratların maraqlı olardı” məktubları alınca, doqquz günlük ABŞ səfərində tutduğum qeydləri sizlərlə də paylaşmaq istədim.

Beləliklə, bu yazı sadəcə havadan və avtobusun pəncərələrindən gördüyüm ABŞ,  Karolinalar (Cənubi və Şimali Karolina) və Corciyanın paytaxtı Atlanta haqqındadır.

26 yanvar günü Bakıdan ABŞ-ın Cənubi Karolina ştatına yola düşən qrupda jurnalistika sahəsində işləyən müəllimlər, yeni media mütəxəssisləri və jurnalistlər vardı. “IREX-Azərbaycan”ın (Beynəlxalq Tədqiqatlar və Mübadilələr) təşkilatçılığı ilə “Azərbaycanda yeni media” layihəsi çərçivəsində baş tutan səfərin məqsədi Cənubi Karolina Universitetində jurnalistika və yeni medianın tədrisi, The Star, The Charlotte Observer, The Greenville News, The Atlanta Journal-Constitution və CNN-in fəaliyyəti, xüsusən də sosial media ilə iş prinsipləri, perspektivləri, onlayn medianın vəziyyəti ilə tanış olmaq idi.

Biz Cənubi Karolina ştatının paytaxtı Kolumbiya şəhərinə Bakı-Roma-Vaşinqton-Kolumbiya reysi ilə uçduq, Bakıya isə Atlanta-Frankfurt-Bakı reysi ilə qayıtdıq. Bu da mənə dörd ölkənin hava limanındakı, üç ölkənin isə hava yollarına məxsus təyyarələrdə vəziyyət və xidməti müşahidə və müqayisə etmək imkanı qazandırdı.

Ən uzun şənbə başlayır

Beləliklə, 26 yanvar şənbə günü səhər tezdən Heydər Əliyev adına Bakı Beynəlxalq Hava limanındakı yoxlamaları keçib təyyarəyə minirik, AZAL-a məxsus təyyarə 07.55-də, vaxtında uçur və Romaya vaxtında çatır. Xidmət pis sayılmaz, amma rus dilində danışan stüardessalara hələ də rastlamaq mümkündür. Hava limanında yoxlama monitorundan keçərkən ayaqqabılarımızı çıxarmırıq və “rentgen”imiz çəkilmir…

Roma havadan gözəl görünür, göbələk şəklində budanmış şam ağaclarının çoxluğu diqqəti çəkir, yuxarıdan göz oxşayan bu ağaclar şəhərə xüsusi gözəllik verir. Romanın Leonardo Da Vinçi hava limanında işləyənlər arasında  orta yaşlı qadınlar üstünlük təşkil edir. Müxtəlif yoxlama və qapılardan keçirik, ayaqqabılarımızı çıxarırıq. Qaydalar daha sərt görünsə də,  ciddi problemlə üzləşmirik.

Nəhayət, Amerikanın “United” aviaşirkətinə məxsus təyyarə ilə Vaşinqtona 10 saatdan biraz da çox çəkəcək uçuşumuz 20 dəqiqəlik gecikmə ilə başlayır. Taxma kirpikli, gənc, makiyajlı stüerdessaların yerini orta yaşlı, makiyajsız xanımlar alır. Təyyarədə ilk xidmət qəzet təklifi ilə başlayır, uçuş müddətində yemək və müxtəlif içkilər, çay, qəhvə təklif olunur. Sərnişinlər arasında kitab oxuyanlar çoxluq təşkil edir. Təyyarənin içində xoşagəlməz qoxu var və bu qoxu narahatlıq yaradır.

Dünyanın nəhəng hava limanlarından Vaşınqton Dallasa enəndə saat Bakı vaxtı ilə gecə 00.00-ı bir az keçir. Saatlarımızı 9 saat geri çəkirik və şənbə bizim üçün 9 saat daha uzanır, 24 deyil, 33 saatdır…

Hava limanında xeyli növbə var, hər rəngdən, hər millətdən insanlar kimi biz də səbrlə gözləyirik. Qeydiyyatlarımız bir saatdan çox çəkir, “ayaqqabılarımıza qədər” yoxlayır, “rentgen”imizi çəkirlər. Bu səbəbdən Kolumbiya təyyarəsinə yubanırıq, qapılar bağlandığı üçün təyyarəyə minə bilmirik. Gecəni Vaşinqtonda keçirmək məcburiyyətindəyik. Bagajımız bizdən bir gün əvvəl yollanır Kolumbiyaya…

Vaşinqton soyuq və qarlıdır. Hava limanı ərazisində yerləşən otellərdən birində gecələdiyimiz üçün şəhər haqqında təəssüf ki, sizə ancaq bu qədər məlumat verə bilirəm…

ABŞ, Cənubi Karolina ştatı, Kolumbiya şəhəri,"Qəzetmatik"

ABŞ, Cənubi Karolina ştatı, Kolumbiya şəhəri,
“Qəzetmatik”

İctimai nəqliyyatın olmadığı şəhər  

Ertəsi gün eyni ciddi yoxlamalardan keçərək vaxtından xeyli əvvəl təyyarəyə minəcəyimiz qapının yaxınlığında gözləməyə başlayırıq. Yenə “United” aviaşirkətinə aid təyyarə ilə 1 saat 25 dəqiqəlik uçuşdan sonra Cənubi Karolina ştatının paytaxtı Kolimbiyadayıq. Kiçik təyyarəni tək stüardessa idarə edir, gülərüzlü və enerji dolu qara dərili xanım sanki öz evindəymiş kimi sərnişinlərlə çox səmimi rəftar edir…

Otelə yerləşdikdən sonra xəritəni götürüb şəhəri kəşfə çıxırıq. Bəlkə də bazar olduğu üçündür, şəhərdə tək-tük insan gözə dəyir. Gördüklərimiz də əllərində su, idmanla məşğuldurlar. Hava günəşli olsa da, soyuqdur. Şəhər səliqəli, təmiz, yollar genişdir. İdari binaların, sərbəstçə müxtəlif parkların olduğu küçələri gəzirik. Kolumbiyadakı ağaclar da binalar qədər hündürdür, parklarda dələlər sərbəst şəkildə dolaşırlar. Şəhərin müəyyən yerlərində pulsuz qəzet əldə edə biləcəyiniz “qəzetmatik”lər də yerləşdirilib.

Kolumbiyada “Public parking” yazılan ictimai park yerlərinin çoxluğu ilk baxışda diqqəti cəlb edir. İctimai nəqliyyat-avtobuslar isə gözə dəymir. Ertəsi gün öyrənəcəyik ki, ABŞ-da xüsusən kiçik şəhərlərdə ictimai nəqliyyatdan istifadə edənlərin sayı xeyli azdır, amerikalılar şəxsi avtomobillərindən istifadəyə üstünlük verirlər. Burada Bakıda olduğu kimi, küçədə taksı görüb, əl edib saxlamaq praktikası da yoxdur. Taksi əvvəlcədən zəng edilərək sifarş edilməlidir. Bu da o deməkdir ki, bu ölkənin kiçik şəhərlərində avtomobilsiz yaşamaq çox çətindir.

Çəki və ölçü vahidləri

Təcrübəmə dayanaraq demək istəyirəm ki, bu ölkəyə gedərkən özünüzlə hər hansı elektrik avadanlığı aparmağa ehtiyac yoxdur, çünki bu avadanlıqlar orda işləməyəcək.  Bizim üçün ən böyük problemlərdən biri mobil telefonların batareyalarının doldurulması idi, bunun üçün xüsusi ara qurğuya ehtiyac var.

Burada tətbiq edilən çəki və ölçü vahidləri də fərqlidir. Yəqin ki, amerikalılarda “17.00” yaxud “21.30” kimi saat anlayışları yoxdur, çünki onlar günü iki hissəyə bölürlər, günorta saat 12-yə qədər olan vaxtı a.m., 12-dən sonrakı vaxtı isə p.m. ilə ifadə edirlər. Havanın tempraturu “selsi” ilə deyil, “farengeyt” ilə ölçülür. Uzunluq vahidi mil, hündürlük vahidi fut, çəki vahidi isə funtdur. Avtomobilinə yanacaq doldurmaq istəyənlərin “galon” haqqında məlumatı olmalıdır. Bir galon təxminən 4 litrə bərabərdir.

ABŞ, Cənubi Karolina ştatı, Kolumbiya şəhəri, "Newsplex"də təlim

ABŞ, Cənubi Karolina ştatı, Kolumbiya şəhəri, “Newsplex”də təlim

Randy Covington ilə tanışlıq

Amerika ilə bu səthi və qısa tanışlıqdan sonra 28 yanvar bazar ertəsi günü proqramda nəzərdə tutulan təlimlərimiz başlayır. İki günlük təlimlərin yadda qalan iki əsas məqamı, Randy və Laura Covingtonların evindəki axşam yeməyi ilə Cənubi Karolina Universitetinin Jurnalistika fakültəsini ziyarətimiz olur.

Təlim yeri SC (South Carolina) ETV-nin binasında yerləşən “Newsplex”dir. SC ETV, 11 televiziya və 5 radio ötürücüsünü birləşdirən, ABŞ-ın PBS – ictimai yayım xidmətinə daxil olan ictimai və təhsil verilişləri şəbəkəsidir. Mövzunu daha yaxşı anlamaq üçün haşiyə çıxaraq, Amerikada televiziyanın tarixinə qısaca nəzər salmaq lazımdır.

Bu ölkənin televiziya sistemi Avropa modelindən fərqli olaraq elə başlağıcdan biznes maraqlarına xidmət edir. Avropada ictimai yayım, Amerikada isə özəl yayım sistemi formalaşsa da, bu ölkədə 1950-ci illərdə kommersiya maraqlarından uzaq, maarifləndirici verilişlərə üstünlük verən televiziya stansiyaları da fəaliyyətə başlayıb. Reklama yer verilmədiyi üçün bu qeyri-kommersiya kanalları böyük maliyyə problemləri ilə üzləşirdilər. ABŞ konqresinin 1967-ci ildə İctimai TV haqqında qanun qəbul etməsindən sonra yerli stansiyalar Pi-Bi-Es (Public Broadcasting Service) adlı mərkəziləşmiş sistemdə birləşdilər. ABŞ-da hazırda özəl TV kanalları ilə yanaşı, mindən artıq ictimai yayım stansiyası da fəaliyyət göstərir.

Təlimlər başlayır və bizi Amerika səyahətimiz boyunca müşayiət edəcək olan Randy Covington ilə tanış oluruq. Randy, uzun illər müxtəlif mətbu orqanlarda, 30 ilə yaxın televiziyada işləyib, indi isə Cənubi Karolina Universitetində “Yeni media” və “Jurnalist etikası” üzrə dərs deyir. Elə ilk təlimin mövzusu da “Yeni media və jurnalist etikası”dır. Günün 2-ci hissəsində isə mərkəzin köhnə əməkdaşlarından Jeremy “Yeni jurnalistika alətləri” haqqında məlumat verir.

ABŞ, Cənubi Karolina, Kolumbiya, Randy və Laura Covingtonun evindəIREX-in təmsilçisi Ülviyyə Əsədzadə Azərbaycan haqqında məlumata Gülüstan müqaviləsi ilə başlayır...

ABŞ, Cənubi Karolina, Kolumbiya, Randy və Laura Covingtonun evində
IREX-in təmsilçisi Ülviyyə Əsədzadə Azərbaycan haqqında məlumata Gülüstan müqaviləsi ilə başlayır…

Amerika qonaqpərvərliyi 

Axşam proqrama uyğun olaraq, Randy və Laura Covingtonun evinə, axşam yeməyinə gedirik. Bura, iki mərtəbəli, illik gəlirləri təxminən 100 min dollara yaxın iki nəfərin yaşadığı çox da böyük olmayan evdir. Evin birinci mərtəbəsində balaca giriş, mətbəx, yemək və qonaq otağı deyə biləcəyimiz bölmələr var. Bölmə deyirəm, çünki, aralarında qapı yoxdur, sərbəst şəkildə bu bölmələrin birindən digərinə keçmək mümkündür.

Yeməklər evdə bişirilməyib, sifariş edilib, amma deyilənə görə, Kolumbiyanın ən ləziz yeməkləridir. Burada diqqətimizi çəkən, evdə bizim üçün yaradılan şəraitdir. Bütün yeməklər və məzələr (souslar) masanın üstünə düzülüb. Ev sahibləri yeməklər haqqında məlumat verdikdən sonra, bizi süfrəyə dəvət edirlər. Yeməklərimizi bir dəfəlik istifadə üçün nəzərdə tutulan boşqablara qoyur və kim harda yer tapırsa oturur,  evdə istədiyimiz kimi gəzir, söhbət edirik. Boşqablar kimi çəngəl, bıcaq, qaşıq və hətta stəkanlar da bir dəfəlik istifadə üçündür. Qonaqlar, masanın arxasında oturmaq məcburiyyətində deyil, oturmaq istəsələr, orda stul da yoxdur.

Ev sabibləri o qədər səmimi və təbiidirlər ki, sözün həqiqi mənasında bizə əla təsir bağışlayır. Bütün suallarımıza cavab verir, Azərbaycandakı vəziyyət ilə maraqlanırlar.  Ev sahibəsi Laura bizimlə, xüsusən xanımlarla tək-tək maraqlanır, elə bil bizi çoxdan tanıyırmış kimi mehribanlıq göstərir, ailə üzvləri haqqında məlumat verir.

ABŞ, Cənubi Karolina, Kolumbiya, Randy və Laura Covingtonun evində

ABŞ, Cənubi Karolina, Kolumbiya, Randy və Laura Covingtonun evində

Bizdə, çox yerdə, evə qonaq gələndə başı qarışsın deyə, ailə albomlarını tökürük qabağına. Deyəsən, bu adət amerikalılarda da var, Laura da ailə albomlarını gətirir və hər foto haqqında tək-tək məlumat verir. Unutmadan, evin girişində də bütün ailə üzvlərinin fotoları yerləşdirilib. Mətbəx qapısından evin arxa hissəsində yerləşən kiçik baxçaya çıxış da var.

Ev sahibəsi xanımları ikinci mərtəbəyə də çıxarır. Burada yataq, qonaq, çalışma və vanna otaqları yerləşir. Dəbdəbədən uzaq, sadə döşənmiş bir ev… Amerikalılar deyəsən paltar şkafından istifadə etmirlər. Bunun yerinə divara gömülmüş, kiçik otaq təəssüratı yaradan xüsusi yerlər olduğunu görürük.

Qonaqlıq olduqca rəngarəng və maraqlı keçir. Maraqlı olan həm də odur ki, evin təxminən 60-65 yaş arasında olan xanımı bizdən sonra qab-qaşıqları yumağa vaxt və enerji sərf etməyəcəkdi, çünki boşqab və qaşıqlarımızı biz özümüz zibil torbasına atır, evdə kiçik yır-yığış da edirik. Üstəlik tam evdən çıxarkən, bir-iki qab-qaşığı da Randynin yuyacağını öyrənirik. Bəlkə qonaqları o dəvət etdiyi üçün, yumaq da onun vəzifəsidir… Təəssüf ki, biz bunun səbəbini heç vaxt öyrənə bilməyəcəyik… Əlbəttə ki, otelə qayıdarkən, yolda müzakirə mövzusu Amerika qonaqpərvərliyidir…

ABŞ, Kolumbiya, Cənubi Karolina Universiteti, Jurnalistika fakültəsinin dekanı Charles Bierbauer ilə

ABŞ, Kolumbiya, Cənubi Karolina Universiteti, Jurnalistika fakültəsinin dekanı Charles Bierbauer ilə

Jurnalistika fakültəsini ziyarət

Təlimin ikinci günü, günortadan sonra Cənubi Karolina Universitetinin jurnalistika fakültəsini ziyarət edirik. Jurnalistika fakültəsi burada “School of Journalism and Mass Communicatios” adlanır.

Fakültə dekanı Charles Bierbauer bizi qəbul edir, fakültədə tədrisin təşkili, müəllimlərin dərs ssatı, vəzifə və məsuliyyətləri haqqında məlumat alırıq. Daha çox müəllimlərlə söhbət etsək də, tələbələri də müşahidə edə bilirik. Müəllimlərin geyimi nə qədər rəsmidirsə, tələbələrinki o qədər sərbəst və rahatdır.

1500-ə yaxın tələbənin təhsil aldığı fakültənin radiosu, televiziya studiyası, qəzeti fəaliyyət göstərir. Öyrənirik ki, təkcə kamera arxivində tələbələrin istifadə edə biləcəyi 50-dən çox kamera var. Jurnalistika tələbələri elə fakültənin özündə təcrübə keçirlər…

Gülümsəmək nə qədər asan imiş…

“Study tour” başlayır

ETV-nin binasındakı iki günlük təlimlərdən sonra – 30 yanvar Çərşənbə günü Corciyanın paytaxtı Atlantada yerləşən “CNN Center”da başa çatacaq “Study Tour” başlayır. Birinci gün 2 redaksiyanı – Şimali Karolinanın Şelbi qəsəbəsində yerləşən “The Star” qəzetini, günortadan sonra isə bu ştatın ən böyük şəhəri olan Charlotteda yerləşən “The Charlotte Observer” qəzetinin redaksiyasını ziyarət edəcəyik. Proqrama görə, 31 yanvarda “The Greenville News”, 1 fevral günü isə “The Atlanta Journal Constitution” qəzetlərinin redaksiyalarında görüşlər nəzərdə tutulur.

Səhər yeməyindən sonra Kolumbiyadakı oteli tərk edir və səyahətimiz boyunca bizi müşayiət edəcək olan Randy Covingtonun da bizə qoşulması üçün avtobusla onun yaşadığı səmtə yollanırıq.

ABŞ, Cənubi Karolina, Kolumbiya, çəpərsiz evlər

ABŞ, Cənubi Karolina, Kolumbiya, çəpərsiz evlər

Çəpərsiz evlər

Beləcə, fərqli və maraqlı görünən rəngarənkliklər səbətinə yeni təəssüratlar əlavə edilir. İki gün əvvəl qaranlıqda gəldiyimiz üçün diqqətimizi o qədər də cəlb etməyib, bu səmtdə villa tipli, iki mərtəbəli, bəzən də yerdən, kürsüsüz inşa edilən evləri bir-birindən çəpər yaxud hasar ayırmır. Nəinki burada, Kolumbiyadan Atlantaya uzanan yol boyunca demək olar ki, heç yerdə hasara rastlamırıq, çox seyrək olaraq isə alçaq, taxta çəpərlər görürük. Evlərin həyət-bacası harda başlayır, harda qurtarır, amerikalılar görəsən bunu necə ayırd edirlər?

Ən çox istifadə olunan üç kəlimə

Psixoloq və həkimlər deyir ki, gülüşün, daha doğrusu təbəssümün insan orqanizminə xeyli faydası var, xoş əhval – ruhiyyə yaradır, immun sistemini gücləndirir, stresi azaldır və s. Mən bilmirəm, təbəssüm etmək bu ölkədə bir həyat tərzidir ya yox, elə ilk gündən Amerikalıların küçədə, mağazada, liftdə, oteldə tanımadıqları insanları salamladıqlarının, onlara təbəssüm etdiklərinin şahidi olduq. Ən çox eşidilən kəlimələr isə “Excuse me, sorry, thank you” idi… Bir müddət sonra buna öyrəşmək bir tərəfə, onlar kimi rəftar etməyə başlayırsan…

Amerikalılar buzlu çay içir

Fəsil qış olduğu üçün, biz isti çay və qəhvə içməyə üstünlük veririk, amerikalılar isə daha çox buzlu çay (ice tea) içirlər. Burada demək olar ki, bütün içkilərin içinə buz atılır, hətta deyə bilərəm ki, stəkanın üçdə ikisini buzla doldurur və qalan hissəyə də içkini əlavə edirlər. Buzsuz içmək istəyirsinizsə, əvvəlcədən xəbərdarlıq etməlisiniz. Ərzaq mağazalarında xüsusi torbalarda buz satılır, yəgin ki, evlərdəki soyuducularda buz ən əlçatan yerə qoyulur. Qış olmasına baxmayaraq Amerikalıların yüngül geyimə (palto, kurtka kimi üst geyimlərdən istifadə edilməməsi nəzərdə tutulur-L.D.) üstünlük verdiklərini də gördük. Buzdan çox istifadə etmənin geyim mədəniyyətinin formalaşmasına təsiri varmı, bilmirəm…

Çinlilər isti su içir

Burada, haşiyə çıxmaq istəyirəm. Bir yerdə çinlilərin davamlı isti su işdiyini, hətta yaşlı çinlilərin yanlarında termoslarda isti çay, su daşıdıqlarını oxumuşdum. Çin restoranlarında da masaya ilk gətirilən isti su imiş. Yazıda, çinlilərin hansı səbəbdən hər fürsətdə isti su içtikləri izah edilir, isti suyun faydalarından bəhs olunurdu. Çox böyük təzad var, elə deyil?

WC yerinə “restroom”

Amerikalılar WC yerinə “restroom” – istirahət otağı kəliməsindən istifadə edirlər. Mən,  çox yerində bir kəlimə olduğu fikrindəyəm. Hətta bizim kimi “utancaq” cəmiyyətlərdə də istifadə olunmasını “şiddətlə” dəstəkləyirəm…

Şelbiyə gedən yolda mikroavtobusumuz şam ağaclarının bol olduğu meşələrin içindən, dupduru göllərin kənarından, nəhəng çayların üzərindən keçir. Amerika sanki, böyük bir meşənin içinə salınmış, amma təbiətə heç əl sürülməmiş bir ölkə təəssüratı oyadır. Yolda maksimum sürət 60 mildir, sürücü bu qaydadan kənara çıxmır. Nəinki bu qaydadan kənara çıxmır, hətta maşının siqnalından belə istifadə etmir. Amerikada olduğumuz bu bir həftə ərzində demək olar ki, küçədə bir dəfə də olsun maşın siqnalı eşitmədik. Bu qədər çox şəxsi avtomobilin olduğu bir ölkədə bunu necə bacarmaq olar görəsən?

ABŞ, Şimali Karolina, The Star qəzetinin redaksiyası

ABŞ, Şimali Karolina, The Star qəzetinin redaksiyası

Bir az da redaksiya ziyarətlərimiz barədə…

The Star (www.shelbystar.com) 30 min əhalisi olan kiçik Şelbi qəsəbəsinin qəzetidir. Şelbi Şimali Karolinada yerləşir. Qəzetin onlayn editoru Graham Cawthon ilə söhbət zamanı məlum olur ki, bu qəzeti digər Amerika qəzetlərindən fərqləndirən əsas cəhət sosial mediadan effektiv istifadə etməsidir. Qəzetin bu sahədəki təcrübəsini öyrənmək istəyənlərin sayı da xeyli çixdur. Şəhər əhalisinin qəzetə böyük dəstəyi var. Məqsəd, az jurnalistlə çox iş görməkdir. Redaksiyada 17 jurnalist işləyir. Qəzetdə yer alan materialların 25-30 faizi twitter və facebook vasitəsilə toplanır. Qəzetin birinci səhifəsində iki reportyorun –  Pickens və Banksın fotoları ilə yanaşı twitter adreslər də yerləşdirilib. “Qaynar xəttə çevrilməkdən qorxmursunuzmu” sualına isə Cawton “Balansı qorumaya çalışdıqları” cavabını verir. Redaksiyadan ayrılırkən ertəsi günkü nömrədə redaksiya ziyarətimiz haqqında xəbər dərc ediləcəyini də öyrənirik… (Xəbəri aşağıdakı linkdən  oxuya bilərsiniz)

Journalists from Azerbaijan visit The Star

ABŞ, Şimali Karolina, The Charlotte Observer qəzetinin redaksiyası

ABŞ, Şimali Karolina, The Charlotte Observer qəzetinin redaksiyası

The Charlotte Observer (www.charlotteobserver.com) bölgənin ən güclü qəzetidir. 2 Pulitzer mükafatı olan qəzetdə 150-yə yaxın jurnalist işləyir. Qəzetin naşiri Ann Caulkins ilə görüşdə qəzetin fəaliyyəti, sosial mediadan necə istifadə etdikləri haqqında məlumat alırıq. The Charlotte Observer jurnalistika standartlarının və etik qaydaların əhəmiyyətli olduğu media qurumlarından biridir. Etik qaydaları pozan jurnalistləri işdən çıxarılma təhlükəsi gözləyir. Söhbətin bu nöqtəyə gəlməsi bizim üçün göydəndüşmə bir fürsət olur və “Jurnalistlərin kütləvi aksiyalarda iştirakı” haqqında qəzetin tətbiq etdiyi siyasəti öyrənmək istəyirik. Xanım Caulkins bildirir ki, jurnalistlər işləmədikləri günlərdə kütləvi etiraz aksiyalarında vətəndaş kimi iştirak edə bilərlər, bunun üçün rəhbərlik tərəfindən heç bir məhdudiyyət qoyulmur. Amma redaksiyanın onlara verdiyi vəsiqə və xüsusi geyimdən istifadə etməməlidirlər. Həmçinin jurnalistlərə aksiyalarda vətəndaş kimi iştirak etmiş olsalar da, cəmiyyətdə müəyyən qədər tanındıqları üçün foto və videolara düşməməyə diqqət etmələri tövsiyə olunur.

ABŞ, Şimali Karolina, The Greenville News qəzetinin redaksiyası

ABŞ, Şimali Karolina, The Greenville News qəzetinin redaksiyası

The Greenville News (www.greenvilleonline.com) county (rayon) qəzetidir. ABŞ-da ştatlar county adlanan inzibati vahidlərdən ibarətdir. İki county – Pickens və Greenvillede yayqın olan qəzet Gannett media holdinqinin tərkibindədir. Gannett media şəbəkəsinə 80-ə yaxın qəzet daxildir. Qəzetin prezident və naşiri Steven Brandtın da iştirak etdiyi görüşdə öyrənirik ki, The Greenville news həftə içi 60 min, həftə sonu isə 80 min tirajla çıxır. Başlıca missiya, ənənəvi medianın mirasının onlayn mediaya ötürülməsidir. Jurnalistlərin iş keyfiyyətinin yaxşılaşdırılması üçün müntəzəm iş aparılır.

Qəzetin veb saytı pulludur. İnternetin yaygınlaması ilə itirilən auditoriyanın səbəb olduğu maddi itkiləri qarşılayabilmək üçün bu metoddan istifadə edilir. Pullu sistemə keçəndən sonra auditoriyanın keyfiyyətində dəyişmə müşahidə olunub, xəbərləri daha çox savadlı insanlar oxuyur. Əvvəllər isə oxuyucuların əksəriyyəti foto-qalereyalara baxmaq üçün saytı ziyarət edirmiş. 2012-ci ildən etibarən “metrik ödəmə sistemi” tətbiq edilir. Bu sistemə görə, ayda 10-a qədər xəbəri pulsuz oxumaq mümkündür. Oxucular qəzetin pdf versiyasını oxumaqda daha maraqlıdırlar. Ayda 24 dollara həm sayta girmək, həm də qəzetin kağız versiyasını əldə etmək mümkündür. Steven Brandt söhbət zamanı “Holdinqə bağlı olmaq fəaliyyətinizdə hansı maneələr yaradır” sualına cavab verərkən bildirir ki, kampaniyaya bağlı olmasaydılar, onlayn transformasiyanı asanlıqla həyata keçirə bilməzdilər. Brandt həm də əlavə edir: “Bizə o qədər iş verirlər ki, öz ideyalarımızı həyata keçirməyə vaxt tapmırıq”.

ABŞ, Atlanta, "The Atlanta Journal Constitution" qəzetinin redaksiyası, Planlaşdırma toplantısı

ABŞ, Atlanta, “The Atlanta Journal Constitution” qəzetinin redaksiyası, Planlaşdırma toplantısı

The Atlanta Journal Constitution (www.ajc.com)  Cənub-şərqi Amerikanın ən böyük qəzetidir. Qaraların hüquqlarının müdafiə edən qəzet, televiziyası da olan “Cox Media Group”un tərkibindədir. Əslində ABŞ-da qüvvədə olan qanunlara görə, bir şirkət həm qəzet, həm də televiziyaya sahib ola bilməz. Randy Covington bu ziddiyəti belə izah edir ki, qanun geriyə işləmir, mövcud qanun qüvvəyə minməzdən əvvəl televiziya stansiyası olanlara  şamil edilməyib. Bu qaydaların dəyişməsi uğrunda son illərdə ciddi kampaniyalar həyata keçirilir.

The Atlanta Journal Constitution ilə tanışlıq bütün redaktorların iştirak etdiyi planlaşdırma toplantısını müşahidə ilə başlayır. 10 dəqiqə üçün nəzərdə tutulan toplantı, 1 saata yaxın çəkir. Planlaşdırma toplantısının ardından biz qəzetin “Admin manager”i Kevin Riley və köşə yazılarından məsul Andre Jackson ilə görüşürük. Söhbət də elə köşə yazarları və köşə yazılarına istiqamətlənir. Qəzetdə baş yazı (redaksiyanın mövqeyini əks etdirən köşə yazıları) və köşə yazarlığı ənənələri qorunur. Ölkədə və dünyada baş verən əhəmiyyətli ictimai-siyasi hadisələrə redaksiyanın mövqeyini əks etdirən yazılar Jackson (başqaları da yaza bilər) tərəfindən qələmə alınır və qəzetin bazar nömrələrində dərc olunur. Digər günlər isə “columnist” köşə yazarlarına məxsusdur. Qəzetin Andre Jackson ilə yanaşı bazar xaricində hər gün yazan tam ştatlı 8 köşə yazarı daha var və onlar müəyyən sahələr üzrə ixtisaslaşıblar. Həm demokratların, həm də respublikaçıların mövqeyindən çıxış edən köşə yazarları var. Andre Jacksonun dediyinə görə, onlar bu şəkildə balans qurmağa çalışırlar.

Kevin Riley isə bildirir ki, rəqabətdə geri qalmamaq üçün sosial medianı izləyir və öz xəbərlərini bu məcra vasitəsilə yayırlar. Auditoriyanı araşdıran və öyrənən xüsusi şöbə fəaliyyət göstərsə də, sosial mediadan xəbər mənbəyi kimi istifadədə o qədər də maraqlı deyillər. O, həmçinin əlavə edir: “Auditoriya artıq xəbərə töhfə vermək istəyir. Tendensiya o istiqamətdədir ki, 5-6 il sonra daha da fəallaşacaq”. Kim bilir bəlkə də, 5-6 il sonra The Atlanta Journal Constitution bu strategiyasını yenidən gözdən keçirməli olacaq.

ABŞ, Atlanta, The Atlanta Journal Constitution, köşə yazarlarından Kyle Wingfield evdə balaca uşaqları olduğu üçün hələlik redaksiyada oturmaq və yazmaq məcburiyyətindədir (solda)

ABŞ, Atlanta, The Atlanta Journal Constitution, köşə yazarlarından Kyle Wingfield evdə balaca uşaqları olduğu üçün hələlik redaksiyada oturmaq və yazmaq məcburiyyətindədir (solda)

Hər gün redaksiyaya gələn köşə yazarı

Daha sonra redaksiyanı gəzəndə, Andre Jackson bizi köşə yazarlarından Kyle Wingfield ilə tanış edir. “Köşə yazarları redaksiyada oturmaq məcburiyyətindədirmi” sualımıza isə columnist özü cavab verir: “Evdə balaca uşaqları olduğu üçün o hələlik redaksiyada oturmaq və yazmaq məcburiyyətindədir”.

Yadda qalan görüşlərdən biri də “CNN Center”da baş tutur. Bu barədə bir az sonra oxuyacaqsınız…

ABŞ-dakı zəncilər

Sovet dövrünü görmüş, Səməd Vurğunun “Zəncinin arzuları” poemasından “Mən zənciyəm həm də rəssam, otuz ildən bir az da çox övladıyam bu sənətin” misralarına aşina olan hər Azərbaycanlı üçün Amerikada yaşayan zəncilərin həyatı da çox maraqlıdır. Axı sovet təbliğat maşını 70 il boyunca onların “ikinci növ” vətəndaş sayıldığını, irqi ayrı-seçkiliyə məruz qaldıqlarını necə deyərlər “beyinlərə həkk etmişdi”.

ABŞ-da bu problem bu gün həll olunmuş kimi görünür. Amerika nəhayət həm qara dərili, həm də müsəlman olduğu iddia edilən birini özünə prezident seçib. Bəlkə də sterotiplərin təsirilədir,  amma mənim müşahidələrim deyir ki, “ağ”lar və “qara”lar arasında o “təbii” olan olan ayrı-seçkilik hələ də davam edir (etdirilir).

Baxmayaraq ki, bizim olduğumuz ştatlarda qara dərililər (mən həqiqətən bilmirəm, onlar özlərinə necə xitab edilməsini istəyirlər – qara dərililər, yoxsa zəncilər deyə) çoxluq təşkil edir, onların əksəriyyəti xidmət sektorunda istihdam edilirlər. İstisnalar olsa da, qara dərili qadınlar kişilər ilə müqayisədə daha səmimi və gülərüzlüdürlər. Məncə, kişilərin bu mövzuda qadınlardan öyrənəcəkləri çox şey var…

Amerikadan “görünən” Azərbaycan

Bizim üçün maraqlı olan ikinci mövzu Azərbaycanın Amerikadan necə göründüyü sualının cavabı idi. Təəssüf hissi ilə deməliyəm ki, Azərbaycan Amerikadan, yaxud bizim ziyarət etdiyimiz Cənubi Karolina, Şimali Karolina, Corciya ştatlarından “görünmür”. Siz baxmayın, bu günlərdə Nyu-York və Vaşinqtonda şəhərin müxtəlif yerlərində Xocalı faciəsi ilə bağlı yazı və afişaların yerləşdirildiyinə, hətta Corciya ştatının Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul etdiyinə. Buralarda Azərbaycanı demək olar ki, tanımırlar. O qədər ki, bizi CNN-in studiya, redaksiyaları və ana idarəetmə otağını gəzdirib ətraflı məlumat verən, suallarımızı cavablandıran Nick Levan belə Azərbaycanın harada yerləşdiyini soruşur.

ABŞ, Corciya, Atlanta, CNN Center

ABŞ, Corciya, Atlanta, CNN Center

Nəhəng media qurumu CNN-də

CNN demişkən, “Study tur” yeni media mühitinin öyrənilməsi ilə bağlı olduğu üçün biz rəsmi proqramın axırıncı günü CNN.com redaktorlarının planlaşdırma toplantısında iştirak edir, ardından isə jurnalist və redaktorlarla söhbət edirik. Amy Cox, Manuel Perez və Katie Hawking şöbənin fəaliyyəti ilə bağlı həm ətraflı məlumat verir, həm də suallarımızı cavablandırılar.

Qurucusu Ted Turner olan CNN beynəlxalq informasiyaya yön verən nəhəng media qurumudur. Jurnalistika tarixində dəfələrlə ilklərə imza atıb. “CNN The News Channel” loqotipi ilə 1980-ci ildə yayıma başlayıb. ABŞ-ın 24 saat canlı xəbər yayımına imza atan ilk televiziya kanalıdır.

Mərkəzi Atlantada olan CNN, 7 dildə 200-dən çox ölkədə izlənir, 30-dan çox ölkədə bürosu və xəbər ofisi fəaliyyət göstərir.  Körfəz müharibəsi (1991), 11 sentyabr hadisəsi, İraq müharibəsi, Əfqanıstan hadisələri, Ərəb baharı… bütün bu hadisələrdə CNN həmişə baş rolda olub.

CNN-in xəbər saytı cnn.com isə 1995-ci ildə test yayımı ilə fəaliyyətə başlayıb. Dünyanın ən populyar xəbər saytı olan cnn.com-un redaksiyasında 100-dən çox jurnalist işləyir.

USA, Study tourCNN-in “I-report” xidməti

Klassik jurnalistika ənənələrinin çox güclü olduğu CNN sosial media ilə də əməkdaşlıq edir. “Auditoriyanın fəallaşması” kimi də izah edilən bu xəbərləmə fəaliyyəti vətəndaş jurnalistikası (citizen journalism) olaraq da adlandırılır. 1990-cı illərdə Amerikada başyan (başladılan) prosesin hədəfi vətəndaşların ölkə gündəmi və siyasi məsələlərlə bağlı mövzularda fəallığının artırılması idi.

CNN bu səhədə də ilkə imza ataraq “I-report” xidmətini həyata keçirib. İnsanlar dünyanın hər nöqtəsindən yaşadıqları yerdə baş verən hadisələrə dair foto, video və yazıları “I-report” xidmətinə göndərir və anlıq informasiya axını təmin edilir. Hazırda 850 mindən çox aktiv istifadəçisi olan bu xidməti “xəbər hovuzu” kimi də fikirləşmək olar.

Buraya qədər gəlmişkən, CNN-in baş redaktoru və Yaxın Şərq üzrə eksperti Octavia Nasrın 20 illik işini itirməsinin səbəbini dəqiqləşdirmədən geri qayıtmaq olmazdı əlbəttə. Nasr, Hizbullah mənsubunun ölümü haqqında yazdığı tvitə görə işdən çıxarılmışdı.

Manuel Perez qeyd edir ki, CNN jurnalistlərinə tvitterdan istifadə etmələri ilə bağlı olaraq bəzi məhdudiyyətlər qoyulub və qaydalara ciddi şəkildə əməl edilir: “Jurnalistlərimiz tvitterda istər şəxsi mail adreslərindən istəfadə etsinlər, istərsə də quruma aid rəsmi mail adreslerindən, fərqi yoxdur, onlar tvitterda şəxs kimi yox, jurnalist kimi hərəkət etməlidirlər. Onların tvit yaxud retvitləri yanlış anlaşılmalara səbəb ola bilər”. “CNN jurnalistlərinin tvitterdakı yazışmalarının monitorinqi necə aparılır” sualına isə Perez, “Biz monitorinq etmirik, bizə onların nə paylaşdıqları, qaydaları pozub-pozmadıqları müxtəlif kanallar vasitəsilə çatdırılır” cavabını verir.

ABŞ, Corciya ştatı, Atlanta, CNN Center, cnn.com-un redaksiyası - Məndə "Bura əvvəllər zirzəmi olub" təssüratı yaratdı (Bu fotoda şöbənin üçdə ikisi görünmür)

ABŞ, Corciya ştatı, Atlanta, CNN Center, cnn.com-un redaksiyası – Məndə “Bura əvvəllər zirzəmi olub” təssüratı yaratdı (Bu fotoda şöbənin üçdə ikisi görünmür)

Atlantada gəziləcək-görüləcək yerlər

Jurnalist olmasanız belə, Atlantaya yolunuz düşsə, 10-15 dollar arası pul ödəyib CNN-nin mərkəz binasını gəzmək mümkündür, amma studiya və xəbər otaqlarını ancaq pəncərədən görmək mümkündür. VIP tur üçün isə 35 dollar ödəmək lazımdır.

Coca-cola muzeyi və Georgia Aquarium CNN Center-in yaxınlığında yerləşir. CNN-nin binasından çıxıb Olimpiya parkının içindən keçərək buraya piyada da gəlmək mümkündür. Bu park Yay Olimpiya Oyunlarının 1996-cı ildə Atlantada keçirilməsinin şərəfinə salınıb. Olimpiya oyunlarının burada keçirilməsinin şəhərin infrastrukturunun inkişafına xeyli müsbət təsiri olub. Atlanta oyunlarında 23 idmançı ilə təmsil olunan Azərbaycan komandası 197 ölkə arasında 61-ci yeri tutmuş, güləşçimiz Namiq Abdullayev Atlantadan Azərbaycana gümüş medal ilə qayıtmışdı.

Atlanta metrosunda

Bu qısa, tarixi qeydlərdən sonra, Kolumbiyadan fərqli olaraq, Atlantada nəinki ictimai nəqliyyatı öz gözümüzlə gördüyümüzü, hətta metroya da mindiyimizi bildirmək istəyirəm. “CNN Center”in yaxınlığında yerləşən metro stansiyasının girişində bizə kömək edən qaradərili xanım, “Bir kart alaq, hamımız istifadə edək” təklifimizə “Not sharing” yazısını göstərərək cavab verir. Yəni, Bakıda olduğu kimi bir kartla birdən çox adamın turnikələrdən keçməsinə icazə verilmir, metrodan istifadə edən hər kəsin özünə aid metro kartı olmalı və yoxlamalarda təqdim etməlidir.

Atlanta Botanical Garden, High Museum of art, Jimmy Carter Library&Museum, Martin Luther King Jr. National Historic Site, The Fox Theatre, Zoo Atlanta, Atlanta History Center və s. bu şəhərdə görüləbiləcək-gəziləbiləcək digər yerlərdir.

ABŞ, Corciya, Atlanta History Center, "Swan House"a gedən yol...Aytən burda görünmür, çünki şəkili o çəkdi...

ABŞ, Corciya, Atlanta History Center, “Swan House”a gedən yol…
Aytən burda görünmür, çünki şəkili o çəkdi…

Köhnə dostlar

Atlanta mənim üçün həm də onunla yaddaqalan oldu ki, 1992-1993-cü illərdə Ankarada eyni yataqxanada qaldığım tələbə yoldaşım Aytən Məmmədova Telci ilə illərdən sonra bu şəhərdə görüşdük. Aytən, ailəsi ilə 6 ildir Atlantada yaşayır. Həyat yoldaşı İlkər və oğlu Dənizlə birlikdə o gün Atlanta History Center və şəhər mərkəzində gözəl bir gün keçirdik.

Müxtəlif sərgilərdən ibarət olan Atlanta History Center (tarix muzeyi) 1926-cı ildə fəaliyyətə başlayıb. Kompleksə qalıcı və müvəqqəti sərgilərlə yanaşı Swan House, Smith Family Farm kimi tarixi evlər və baxçalar da daxildir. The American Civil War sərgisində şimal və cənub ştatları arasındakı vətəndaş müharibəsini (1861-1865) əks etdirən 1400-ə yaxın eksponat sərgilənir. The Metropolitan Frontiers sərgisində Atlantanın inkişaf mərhələləri ilə tanış olmaq mümkündür.

Atlantada bir “Kuğulu ev”

Biz mərkəzdəki tarixi evlərdən “The Swan House”da da olduq. Üç mərtəbəli Kuğulu ev, 1928-ci illdə 110 min kvadrat metrlik ərazi üzərində inşa edilib. Ev, Atlantanın zəngin ailələrindən olan Edward və Emily Inmana məxsus olub. Evdə, fuaye, səhər yeməyi otağı, kitabxana, telefonla danışmaq üçün otaq, üst-başı səliqəyə salmaq üçün otaq, qonaq otağı, yemək otağı, mətbəx, anbar, evin xanımı və bəyi üçün otaqlar, vanna otağı var. Edward, 1931-ci ildə vəfat edib, Emily isə 1965-ci ilə qədər bu evdə yaşayıb. Çox zərif və klassik tərzdə dizayn edilmiş ev, 1966-cı ildə Atlanta Historical Society cəmiyyəti tərəfindən satın alınıb və hazırda muzey kimi fəaliyyət göstərir. Ev sahiblərinin istifadə etdikləri bütün əşyalar olduğu kimi qorunub və burada sərgilənir. Tur rəhbərinin də dediyi kimi, “Burada kuğu görəcəyinizi düşünürsünüzsə, yanılırsınız. Kuğuları sadəcə evin xanımına məxsus otaqlarda divarda şəkil olaraq görmək mümkündür”.

ABŞ, Corciya, Atlanta History Center, "Swan House"

ABŞ, Corciya, Atlanta History Center, “Swan House”

Atlantanın 5,5 milyon əhalisi olsa da, küçədə elə də çox adam görə bilməzsiniz. Şəhər çox böyükdür və hər yer demək olar ki, bir-birindən çox uzaqdır. Burada “Peachtree-Şeftali” ilə başlayan küçə – prospekt adlarına tez-tez rastlamaq mümkündür. Səbəbi, Corciya ştatının simvolunun “şaftalı” olması dır. Atlantaya gələn yolda nəhəng şaftalı fiqurlarının sirrini də beləcə, öyrənmiş oluruq… Düzdür, biz burada heç şaftalı görmədik, bəlkə də səbəbi mövsümünün olmamamsıdır…

Evə dönüş başlayır

Fevralın 3-də Atlanta hava limanından Azərbaycana dönüş üçün yenə uzun bir hava səyahəti başlayır. “Washington Dulles”dan fərqli olaraq Atlantanın hava limanı daha təmiz, səliqəli və daha yığcamdır. Alman hava yolları Lufthansa ilə Frankfurta və ordan da Bakıya uçuruq.

Alman tələbkarlığı həm təyyarınin içində, həm də Frankfurt hava limanında hiss olunur. Gecikmə problemini kökündən həll edən almanlar, tranzit uçacaq sərnişinləri elə təyyarənin qapısından çıxar-çıxmaz götürüb aparırlar. Yadımıza, Vaşınqton hava limanında xeyli növbədə gözlədiyimiz üçün Kolumbiya təyyarəsinə gecikdiyimiz düşür və istər-istəməz gülümsəyirik…

Bu yazını bir az da sizlər üçün yazdım, səbriniz və oxuduğunuz üçün hamınıza təşəkkür edirəm, mənə qalsaydı aşağıda oxuyacaqlarınızla kifayətlənəcəkdim…

Haşiyə: Xoş təəssüratlar, yeni dostluq və tanışlıqlarla yadda qalacaq “Study Tour”un ən böyük faydası o oldu ki, “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” məsəli bir daha doğrulanmış oldu.

 Tur ilə bağlı dəyərləndirmələrim:

1. “Yeni media” termini yerinə “Yeni media mühiti” terminin işlədilməsi daha məqsədəuyğundur;

2.  Azərbaycanda jurnalistika tədrisində islahatlar sürətləndirilməlidir;

3. “Yeni media”, yeni və fərqli bir fənn kimi tədris edilməməli, jurnalistikanın tədris planına – kurrikuluma hopdurulmalıdır;

4. Jurnalistika tələbələrinə praktik vərdiş və bacarıqlar qazandırılarkən yeni media mühitinin tələbləri nəzərə alınmalıdır;

5. Tələbələr istehsalata hərtərəfli hazırlanmalı, onlara xəbər yazmaq, reportaj hazırlamaq kimi vərdişlərlə yanaşı, video – foto çəkmək, radio-tv montajı kimi bacarıqlar da öyrədilməli, mobillik tələb edilməlidir;

6. Auditoriya hazırda videoya daha çox əhəmiyyət verir, tədris prosesində bu tələbat nəzərə alınmalıdır;

7. Jurnalistika tələbələrinin praktika müddətinin artırılıb bir semestrə çıxarılması faydalı ola bilər;

8. Kağız qəzetlərin ömrü təxmin etdiyimizdən daha uzun olacaq;

9. Redaksiyalarda jurnalistlərin təkmilləşməsinə əhəmiyyət verilir;

10. Redaksiyalarda işləmək üçün Jurnalistika fakültələrindən məzun olmağa ehtiyac yoxdur, əsas olan istəkdir, onlar redaksiya daxili təlimlərdə iştirak edirlər, bu tür təlimlərdə jurnalist etikasının öyrədilməsinə xüsusi diqqət yetirilir;

11. Çap mediası, radio və televiziya stansiyaları interneti rəqib olaraq görmür, bu səbəbdən onunla mübarizə aparmır, əksinə onu öyrənir, əhlilləşdirir və gücündən maksimum istifadə etməyə çalışırlar;

12. Kağız media onlayn media ayırımı yoxdur, qəzetin müxtəlif versiyaları vardır;

13. Auditoriya əhəmiyyətlidir, redaksiyalarda auditoriyanı araşdıran xüsusi şöbələr var;

14. Media qurumları auditoriyanı saxlamaq, itirilən auditoriyanı qaytarmaq, yeni auditoriya qazanmaq üçün  onlayn versiya, mobil telefonlar üçün xüsusi versiya, planşet kompüterlər üçün xüsusi versiya, pdf versiya kimi vasitələrdən istifadə edirlər;

15. Onlayn trafik müntəzəm nəzarətdə saxlanılır;

16. Kiçiyindən böyüyə, ziyarət etdiyimiz bütün media qurumları sosial mediaya əhəmiyyət verir, onun gücünü öz lehinə çevirməyə çalışır;

17. Sosial mediadan xəbər toplamaq və yaymaq aləti kimi istifadə edilir;

18. Sosial media jurnalistika praktikalarının daha da sürətləndirsə də, xəbərin doğrulanması, jurnalistika standartları və etikasına əməl dəyişməz olaraq qalır;

19. Yeni media mühiti, xüsusiyyətləri öyrənilməli, tədris və praktikaya tətbiq edilməlidir.Bu barədə sonrakı yazıda oxuya biləcəksiniz…

Cənubi Karolina, Şimalı Karolina, Corciya-ABŞ

26 yanvar-03 fevral 2013

Cavab qoy